Hakimiyyət hərisliyindən dövlətə, xalqa xəyanətə gedən yol
10:14 Siyasət44 günlük Vətən müharibəsindəki qələbə ilə nəinki regionda, eləcə də bütün dünyada yeni reallıq yaradan prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət nəticəsində Azərbaycan iqtisadi, strateji və geosiyasi baxımından önəmli dövlətlərdən birinə çevrildi. Ölkəmiz tarixi Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzuru yenidən dirçəldir, paralel olaraq qlobal problemlərin həllinə mühüm töhfələr verir. Təsadüfi deyil ki, dünyanın super dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycan dövlətinə, onun Prezidenti İlham Əliyevə hörmətlə yanaşır. Sirr deyil ki, Azərbaycan bu gün güclü, öz siyasi iradəsi olan və təhlükəsizlik sistemini tam yeniləşdirmiş dövlətdir. Dövlətimiz sabitlik adası kimi, beynəlxalq aləmin rəğbətini qazanıb. Çox təəssüf ki, Azərbaycanın beynəlxalq imicinin artmasından əndişələnən dairələr mövcud sabitliyi pozmaq, ölkədə xaos yaratmaq istəyində bulunurlar. Açınacaqlı məqam ondan ibarətdir ki, xarici himayədarlar bu pozuculuq işində ölkəmizdəki əlaltılarından istifadə edirlər. Prezident Aparatının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işində yer almış faktlar dediklərimizi bir daha sübut edir. Belə ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Ramiz Mehdiyev və digərləri barəsində "dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər" ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub. Cinayət işi üzrə toplanmış materiallar əsasında, Azərbaycan Baş nazirinin sabiq birinci müavini, uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib, ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.
Qeyd edək ki, A.Abbasov 1992-ci ildən Baş nazirinin birinci müavini vəzifəsində çalışıb. Bu müddət ərzində bir neçə dövlət komissiyasının sədri olub. 2006-cı ildə tutduğu vəzifədən azad edildikdən sonra Rusiya Federasiyasında yaşamağa başlayıb. A.Abbasov ötən müddət ərzində müxtəlif qanunsuz yollarla Rusiya Federasiyasında Azərbaycan diaspor strukturlarını ələ keçirib təsir altına salmaq istiqamətində pozucu fəaliyyət aparıb. 2012-ci ildə yaradılmış qalmaqallı, hamının "Milyarderlər İttifaqı" adı ilə tanıdığı Rusiya Azərbaycan Təşkilatları İttifaqının təsisçisi və rəhbəri olub. Azərbaycanda 2013-cü ilin əvvəlində Əli Kərimli və ətrafından ibarət tərkibdə formalaşdırılmış "Milli Şura"nın rəhbəri Rüstəm İbrahimbəyov da Abbas Abbasovun bilavasitə rəhbərliyi altında "Milyarderlər İttifaqı"nın Koordinasiya şurasının üzvü olub. Məlumata görə, qeyd olunan şəxslər və təşkilatlar arasında sövdələşməyə uyğun olaraq Azərbaycana müxtəlif kanallarla köçürülmüş pul vəsaitləri, həmin vaxt bu sövdələşmələrə və proses iştirakçılarına olunan vədlərə dair audio-video yazılar, ölkə xaricində baş tutmuş görüşlərə, Azərbaycanda konstitusion dövlət hakimiyyətini zorakı yolla ələ keçirmə planlarına dair materiallar cinayət işinə əlavə edilib.
Əslində məlum xəyanət planının ssenarisi yeni deyil, onun hələ 2013-cü ilin prezident seçkiləri zamanı şimal qonşumuzda hazırlandığı hər kəsə bəlli idi. Planın ssenari müəllifi və drijoru Rusiya, ifaçıları isə "Milyaderlər İttifaqı" adı altında yaradılmış qurum idi. Məqsəd Rusiyanın dəstəyi ilə Azərbaycanda hakimiyyəti ələ keçirmək, hədəf isə ölkəni Moskvanın vassalına çevirmək idi. Elə 2013-cü ilin prezident seçkiləri zamanı hakimiyyəti ələ keçirmək üçün yaradılmış həmin qurumun Rusiya prezidenti Vladimir Putinə ünvanladığı məktub da bunu təsdiq edirdi. Xalqdan, Azərbaycan cəmiyyətindən dəstək ala bilməyənlər Rusiyanın əli və xeyir-duası ilə hakimiyyətə gəlmək istəyirdilər. Çox təəssüf ki, saxta demokratların Azərbaycanda hakimiyyəti zorla ələ keçirmək planının başında uzun illər dövlətin bütün imkanlarından yararlanan, son illərə qədər hakimiyyətdə yüksək post tutan sabiq PA rəhbəri Ramiz Mehdiyev dayanıb. Mehdiyevin dövlət əleyhinə fəaliyyətinin əsas hərəkətverici qüvvəsi qismində isə "Milli Şura" adlanan qurum və orada təmsil olunan Kərimli-Həsənli-Hacıbəyli üclüyü olub. DTX-nın Əli Kərimlinin evində həyata keçirdiyi əməliyyatlar zamanı AXCP sədrinin mənzilindən Ramiz Mehdiyevin ona ünvanladığı məktubun redaktə edilmiş variantının tapılması hər şeyə aydınlıq gətirdi. Məlum oldu ki, ölkədə radikal siyasi düşərgəni himayə edən, onun "xaç atası" rolunu oynayan məhz Ramiz Mehdiyev olub. İlham Əliyev hakimiyyətinə təzyiq etmək məqsədilə mitinqlərə sərf edilən yüz minlərlə vəsait isə bu düşərgəyə məhz "boz kardinal" tərəfindən verilib. Ancaq, xaricdən edilən bütün cəhdlərə, maliyyə və ideoloji dəstəyə baxmayaraq Azərbaycan cəmiyyəti satqın radikalizmə dəstək vermədi.
Buna baxmayaraq Mehdiyev və onun müxalifətdəki şəbəkəsinin hakimiyyət iddiaları qalmaqda idi. PA rəhbəri olduğu illərdə dövlətin müvafiq strukturlarına yerləşdirdiyi kadrlardan istifadə etməklə öz hakimiyyət hərisliyini həyata keçirmək üçün 50 nəfərdən ibarət Dövlət Şurası formalaşdırmağı qarşıya məqsəd qoydu. Şurada cəmiyyətin müxtəlif sahələrindən, siyasət, elm, mədəniyyət, iqtisadiyyat sahəsinin nüfuzlu şəxslərinin təmsil olunması planlaşdırılıb. "Boz kardinal"ən Dövlət Şurasında yer alacaq siyasət adamları isə məhz Kərimli-Həsənli-Hacıbəyli üçlüyü olub.
Dəhşətli məqam ondan ibarətdir ki, uzun illər özünü Ümummilli Lider Heydər Əliyevin ideyalarının davamçısı, daha sonra Prezident İlham Əliyevin siyasi kursunun tərəfdarı kimi qələmə verən, dövlətin yaratdığı bütün imkanlardan yaralanan, əmək fəaliyyətində yüksələn, elmi dərəcələr alan, mühüm dövlət vəzifəsini tutan şəxs Azərbaycan dövlətinə qarşı düşmənçilik edən radikal müxalifətlə əməkdaşlıq edir, dövlətə xəyanət, dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər törədir. Bu baxımdan Ramiz Mehdiyevin dırnaqarası fəaliyyətini nankorluq, düşmənçilik və cinayətkarlıq adlandırmaq olar. Odur ki, çevriliş planında yer alan Abbas Abbasov, Əli Kərimli, Gültəkin Hacıbəyli və digərlərinin dövlətə, xalqa münasibətdə cinayətləri həm hüquqi, həm də mənəvi qiymətini almalıdır. Azərbaycanın gündən- günə artan nüfuzundan xoflanan, dünya liderlərinin hörmətlə yanaşdığı prezident İlham Əliyevə göstərilən münasibəti qəbul edə bilməyən bu qüvvələr əslində elə xalqa və dövlətə düşmənçilik nümayiş etdirirlər. Qətiyyətlə demək olar ki, dövlətə, xalqa, ölkə rəhbərinə qarşı çıxaraq dövləti cinayət törədənlər mütləq layiqli cəzalarını alacaqlar.
Alim Hüseynli