İki dost ölkənin əməkdaşlıq zirvəsi: Azərbaycan-BƏƏ münasibətlərində yeni üfüqlər- ÖZƏL

Azərbaycan Prezidenti İlham Əliyev "Gələcəyin Oyunları 2025" turnirinin açılış mərasimində iştirak etmək üçün BƏƏ-yə işgüzar səfər edib. Səfər çərçivəsində dövlətimizin başçısı BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüş keçirib. Səfər yalnız idman tədbiri ilə məhdudlaşmır, eyni zamanda Azərbaycan-BƏƏ strateji tərəfdaşlığının möhkəmləndirilməsi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.

Azərbaycan-BƏƏ liderlərinin bu səfər çərçivəsindəki görüşü regional əməkdaşlıq və geosiyasi balans baxımından necə qiymətləndirilə bilər? Mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:

"  İki dövlət arasında münasibətlər hazırda çox müsbət bir inkişaf məcrasında davam edir. Dövlət başçılarının görüşləri və birbaşa dialoqu bu əlaqələrə böyük təsir göstərir, əməkdaşlığı daha da gücləndirir və qarşılıqlı etimadın möhkəmlənməsinə səbəb olur. Azərbaycanla BƏƏ müxtəlif sahələrdə -siyasi, iqtisadi, enerji, mədəni və humanitar sahələrdə yüksək səviyyəli əməkdaşlıq edir ki, bu da dövlətlərarası münasibətlərin dayanıqlılığını və strateji əhəmiyyətini açıq şəkildə göstərir.
Bu gün gördüyümüz kimi, iki ölkə arasındakı bu münasibətlərin yüksək səviyyəsi gələcəkdə də əlaqələrin daha da inkişaf etməsinə zəmin yaradacaq. Həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə yeni imkanların açılmasına şərait yaradacaq bu əməkdaşlıq, Azərbaycan və BƏƏ üçün qarşılıqlı faydalı olacaq. BƏƏ, ərəb-İslam dünyasının və qlobal səhnənin ən önəmli ölkələrindən biridir və istər siyasi, istər iqtisadi proseslərdə onun təsirini açıq şəkildə görmək mümkündür.
Eyni zamanda, BƏƏ hər zaman Azərbaycanla dost və qardaş münasibətlərini qoruyub saxlayıb. Bu dostluq və qardaşlıq prinsipləri əsasında qurulan əməkdaşlıq artıq öz meyvələrini verir və gələcəkdə daha da güclənəcəyinə heç bir şübhə yoxdur. Bu, hər iki ölkə üçün təqdir olunacaq, müsbət və strateji əhəmiyyətli bir haldır. Azərbaycanla BƏƏ arasındakı münasibətlərin bu inkişaf tendensiyası, ölkələrimiz arasında əməkdaşlığın yeni üfüqlərə doğru irəliləməsinə səbəb olacaq". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31