Paşinyan-Qaregin savaşı küçələrə çıxır- Son döyüş başladı
12:38 SiyasətBu gün saat 17:00-da Eçmiədzin şəhərində Ümumerməni Katolikosu II Qareginin istefası tələbi ilə etiraz aksiyasının keçirilməsi planlaşdırılır.
Musavat.com xəbər verir ki, Ermənistan Apostol Kilsəsinin mərkəzi sayılan Eçmiədzin ətrafında günün birinci yarısından etibarən ciddi gərginlik müşahidə olunur. Hadisə təkcə dini müstəvidə deyil, eyni zamanda Ermənistanın daxili siyasi balansı baxımından da diqqətlə izlənilir.
Son aylarda kilsə daxilində narazılıqların artması artıq gizli mərhələni keçib. Müxtəlif ruhani qruplar, kilsəyə yaxın ictimai fəallar və bəzi millətçi çevrələr Katolikos II Qaregini kilsəni zəiflətməkdə, onun tarixi və ideoloji mövqelərindən geri çəkilməkdə ittiham edirlər. Xüsusilə də Qarabağ müharibəsindən sonrakı dövrdə kilsənin mövqeyi, susqunluğu və Paşinyan hakimiyyəti ilə açıq qarşıdurmadan yayınması narazı kəsimlərin əsas arqumentinə çevrilib.
Etirazların mərkəzində duran əsas tələb II Qareginin istefasıdır. Aksiya təşkilatçıları iddia edirlər ki, mövcud katolikos artıq erməni kilsəsinin "milli-messianist" xəttini qorumaq gücündə deyil və hakimiyyətin təzyiqləri qarşısında geri çəkilir. Bu mövqedə olan qruplar hesab edirlər ki, kilsə Ermənistan cəmiyyətində yenidən radikal ideoloji rol almalı, xüsusilə də dövlətin regional siyasətinə təsir imkanlarını bərpa etməlidir.
Maraqlıdır ki, rəsmi İrəvan birbaşa müdaxilə etmədiyini bəyan etsə də, kilsə ətrafında baş verən proseslər Paşinyan hökumətinin maraqları ilə ziddiyyət təşkil etmir. Hakimiyyət düşərgəsi üçün Apostol Kilsəsinin zəifləməsi, onun siyasi təsir imkanlarının azalması strateji baxımdan əlverişli sayılır. Məhz bu səbəbdən bəzi müşahidəçilər bugünkü aksiyanın yalnız "kilsədaxili narazılıq" deyil, həm də köhnə sistemin son dayaqlarından birinin sarsıdılması prosesi olduğunu düşünür.
Eçmiədzin ətrafında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, polis qüvvələrinin ehtiyat rejiminə keçirilməsi gərginliyin dərəcəsini açıq şəkildə göstərir. Erməni KİV-ləri kilsə daxilində qarşıdurmanın fiziki toqquşmalara çevrilə biləcəyi ehtimalını da istisna etmirlər. Xüsusilə radikal ruhanilərlə kilsə rəhbərliyinə sadiq qruplar arasında sözlü qarşıdurmaların artıq baş verdiyi bildirilir.
Bu prosesin daha geniş kontekstdə bir mənası da var: Ermənistan tarixində ilk dəfə olaraq kilsə institutunun öz daxilindən bu qədər açıq və kütləvi şəkildə sorğulanması baş verir. Uzun illər "toxunulmaz" sayılan Apostol Kilsəsi artıq cəmiyyətin bir hissəsi üçün problem mənbəyinə çevrilib. Bu isə Ermənistanın ideoloji dayaqlarında ciddi çatların yarandığını göstərir.
Analitiklərin fikrincə, bugünkü aksiya II Qareginin dərhal istefası ilə nəticələnməsə belə, kilsə daxilində parçalanmanı daha da dərinləşdirəcək. Növbəti mərhələdə ya katolikosun mövqelərinin zəifləməsi, ya da kilsənin tam şəkildə siyasi proseslərdən sıxışdırılması ehtimalı güclənir.
Beləliklə, Eçmiədzində keçiriləcək etiraz təkcə bir dini rəhbərə qarşı narazılıq deyil, Ermənistan cəmiyyətində köhnə ideoloji konstruksiyanın dağılması prosesinin növbəti mərhələsi kimi qiymətləndirilə bilər. Bu prosesin nəticələri isə təkcə kilsəni deyil, ölkənin ümumi siyasi arxitekturasını da ciddi şəkildə dəyişə bilər.