İşğaldan azad olunmuş ərazilərdə əlverişli mühit yaradılır
10:57 Siyasətİstiqamət: işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"
İşğaldan azad edilmiş ərazilərimizdə geniş quruculiq və bərpa işləri davam etdirilir. Gələn ilin dövlət büdcəsindən bu məqsədlər üçün, daha dəqiq, işğaldan azad olunmuş ərazilərin bərpası, yenidən qurulması və əhalinin geri qayıdışı üçün 3,5 milyard manat ayrılıb, bu da cəmi büdcə xərclərinin təxminən 8.4%-ni təşkil edir. Ümumilikdə isə 2026-2029-cu illər üçün bu istiqamətə 13.5 milyard manat yönəldilməsi planlaşdırılır. Bu vəsait ərazilərin abadlaşdırılması, infrastrukturun bərpası, yaşayış binalarının tikintisi və əhalinin reinteqrasiyası kimi tədbirlərə xərclənəcək, o cümlədən kommunal xidmətlərə görə sahibkarlara subsidiyalar, sosial sığorta haqlarının subsidiyalaşdırılması nəzərdə tutulub. Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərdə tikinti-quruculuq işləri "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı" çərçivəsində həyata keçirilir. Dövlət Proqramının ümumi qayəsini Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası, regiona əhalinin geri qayıdışının təmin edilməsi, əhalinin rifah səviyyəsinin yüksəldilməsi və son nəticədə bölgənin tarazlı və dayanıqlı inkişafına nail olunması məqsədilə əlverişli mühitin yaradılması təşkil edir.
Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə yenidən qurulmasına, dirçəldilməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi inkişafın təmin olunmasına hədəflənmişdir. Dövlət Proqramına əsasən 2026-cı ilin sonunadək işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 280 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır. Proqram çərçivəsində 34500 mənzil və fərdi yaşayış evi inşa ediləcək. 197 məktəbəqədər və ümumtəhsil müəssisəsinin, 8 peşə təhsili və 1 orta ixtisas təhsili müəssisəsinin tikintisi və bərpası nəzərdə tutulur. Sahibkarlıq fəaliyyəti üçün əlverişli mexanizmlərin yaradılması və bu sahədə məşğulluğun artırılması "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində qarşıya qoyulmuş əsas vəzifələrdən biridir. 2026-cı ilin sonunadək işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 26 avtomobil yolu layihəsi başa çatdırılacaq. Geri qayıdan əhalinin dayanıqlı məşğulluğunun və sosial müdafiəsinin təmin edilməsi Proqramın fəaliyyət istiqamətlərindən biridir.
2026-cı ilin sonuna qədər "Böyük Qayıdış" proqramının I mərhələsinin tamamlanacağı və bu mərhələdə 140 min məcburi köçkünun Qarabağ və Şərqi Zəngəzura qayıdacağı planlaşdırılır. Bütövlükdə "Böyük Qayıdış" proqramının birinci mərhələsində bütün azad olunmuş şəhərlər də daxil olmaqla, 100 yaşayış məntəqəsinin yenidən qurulması və məskunlaşdırılması nəzərdə tutulur. "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası üçün 2022-26-cı illərdə ümumilikdə təqribən 32 milyard manatdan artıq vəsait tələb olunur.
Hazırda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, "Böyük Qayıdış" Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışı davam edir. Artıq minalardan təmizlənmiş ərazilərimizdə də məskunlaşdırma prosesi həyata keçirilir. Otuz il əvvəl öz dədə-baba yurdlarını tərk edən məcburi köçkünlərin növbəti köç karvanı bu günlərdə Hadrut qəsəbəsinə çatıb. Hadruta köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub. Qeyd edək ki, bu mərhələdə Hadrut qəsəbəsinə 6 ailə olmaqla, 26 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə olub. Bu mərhələdə Xıdırlı kəndində 45 nəfərdən ibarət 16 ailəyə mənzillərin açarları təqdim olunub. Xıdırlıya köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub. Qayıdışın sevincini yaşayan Xıdırlı kəndinin sakinləri açarları təhvil alıb, yeni evlərində məskunlaşıblar.
Xocalı rayonunun Seyidbəyli və Təzəbinə kəndlərinə köç edənlər isə respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Xocalı rayonunun Seyidbəyli kəndinə 10 ailə 41 nəfər, Təzəbinə kəndinə isə 10 ailə 44 nəfər köçürülüb. Köçürülən ailələrə mənzillərin açarları təqdim edilib. Xocavənd rayonunun Sos kəndinə köç edənlər də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Sos kəndinə 21 ailə, 94 nəfər köçürülüb. Köçürülən ailələrə mənzillərin açarları təqdim edilib.
Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına azad edən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu vurğulayıblar. Göründüyü kimi hazırda Azərbaycan keçmiş məcburi köçkünlərin "Böyük Qayıdış" layihəsini uğurla həyata keçirməkdədir. "Böyük Qayıdış" proqramının ikinci mərhələsi isə üç fazadan ibarət olmaqla, 2026-2040-cı illəri əhatə edəcək və proses 2040-cı ilə qədər yekunlaşacaq.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.