Aİ-nin Ermənistanda seçkilərə “dəstəyi” texniki yardımdan siyasi müdaxiləyə çevrilə bilər- ÖZƏL

"Aİ-nin Ermənistanın 2026-cı il parlament seçkiləri ilə bağlı "dəstək" mövzusunu gündəmə gətirməsi ilk baxışdan demokratik institutların qorunması kimi təqdim olunsa da, burada çox incə bir xətt var: texniki yardım ilə siyasi müdaxilə arasındakı sərhəd. Məhz bu sərhədin harada bitdiyi və keçildiyi əsas müzakirə predmetidir". 



Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib: 
" Əgər söhbət seçki qanunvericiliyinin təkmilləşdirilməsi, müşahidə missiyaları, texniki infrastrukturun gücləndirilməsi kimi klassik mexanizmlərdən gedirsə, bunu legitim dəstək kimi qəbul etmək olar. Lakin "xarici zərərli təsirlər" anlayışı artıq məsələni siyasi müstəviyə keçirir. Bu termin son illər Avropa İttifaqının leksikonunda əsasən Rusiya, qismən də digər qeyri-Qərb aktorlarının informasiya, media və ictimai rəyə təsir imkanlarını ifadə edir. Başqa sözlə, Aİ kimlərin "zərərli", kimlərin isə "məqbul" aktor olduğunu əvvəlcədən özü müəyyənləşdirir.
Bu yanaşma istər-istəməz seçki prosesinə ideoloji filtr salır və Ermənistan daxilində siyasi balansı dəyişə bilər. Avropa İttifaqının hansı qüvvələri "demokratik", hansıları isə "xarici təsirə açıq" kimi etiketləməsi artıq birbaşa siyasi müdaxilə riskini yaradır. Bu isə Ermənistan cəmiyyətində parçalanmanı dərinləşdirə, revanşist və radikal qüvvələrin əlini gücləndirə bilər. Məsələnin Azərbaycan-Ermənistan sülh prosesinə təsiri də buradan doğur. Əgər Aİ-nin dəstəyi nəticəsində İrəvanda sülhə skeptik, yaxud prosesi ləngitməkdə maraqlı qüvvələr güclənərsə, bu, danışıqlar mühitinə mənfi təsir göstərə bilər. Sülh prosesi daxili legitimliyi zəif olan, xarici dəstəyə həddən artıq arxalanan siyasi konfiqurasiyadan qidalanmır.
Nəticə etibarilə, Aİ-nin Ermənistana seçki dəstəyi yalnız neytral və şəffaf çərçivədə qaldığı halda legitim ola bilər. Əks halda bu "dəstək" demokratik institutları qorumaqdan çox, regionda yeni siyasi gərginliklərin toxumunu səpə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31