Tehran qarşı çıxır, region irəliləyir: Zəngəzur dəhlizinin geosiyasi təsiri- ÖZƏL

İran ABŞ-ın "TRIPP" (Tramp Marşrutu) planına qarşıdır və bunu təhlükəsizlik üçün təhdid hesab edir. Planın məqsədi Ermənistanın cənubundan keçərək Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirməkdir. İran bu marşrutun Zəngəzur dəhlizinə bənzədiyini, NATO və xarici hərbi təsirləri artıracağını bildirir. Tehran hesab edir ki, bu, onun regiondakı təsirini zəiflədəcək və İranın Qafqaz siyasətini yenidən formalaşdırmağa məcbur edəcək. Beləliklə, İranın Zəngəzur dəhlizi ilə bağlı gücü azalır və regionda Azərbaycanın strateji maraqları ilə barışmaq ehtimalı artır.
İranın TRIPP planına qarşı çıxması Cənubi Qafqazda geosiyasi tarazlığı necə dəyişə bilər?  Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlama verib: 



" İranın Zəngəzur dəhlizinə (TRIPP) qarşı çıxması yeni mövqe deyil. Bu yanaşma 2020-ci ildən sonra Azərbaycanın tarixi qələbəsindən sonra formalaşan yeni regional reallıqlar fonunda demək olar ki, dəyişməz qalıb. İran 30 il ərzində Ermənistanın işğalı dövründə mövcud olan status-kvonun qorunub saxlanılmasında maraqlı olub və bu status-kvonun dəyişməsinə qarşı çıxır.
Tehran Zəngəzur dəhlizini təkcə nəqliyyat layihəsi kimi deyil, eyni zamanda, Azərbaycan və Türkiyə əməkdaşlığı, ABŞ-ın və Qərbin regionda təsirini artıra biləcək strateji xətt kimi qiymətləndirir və bunu öz milli təhlükəsizliyinə təhdid hesab edir. Bu səbəbdən İran prosesə münasibətini bəzən sərt, bəzən isə daha yumşaq ritorika ilə ifadə edir. Lakin reallıq ondan ibarətdir ki, İran uzunmüddətli perspektivdə Cənubi Qafqaz siyasətini yenidən nəzərdən keçirməli və mövcud regional reallıqlara uyğunlaşdırmalıdır. Çünki hazırkı mərhələdə region ölkələri arasında İranın bu yanaşmasına açıq dəstək görünmür. Rusiyanın Ukrayna müharibəsinə fokuslanması, Ermənistanın Qərbə meyillənməsi, Qərblə əməkdaşlığını genişləndirməsi, eyni zamanda Türkiyə-Azərbaycan strateji tərəfdaşlığının güclənməsi İranı regionda müəyyən mənada təcrid olunmuş vəziyyətdə qoyur.
Bu baxımdan Zəngəzur dəhlizinin faktiki olaraq reallaşması regionda yeni nəqliyyat və logistika şəbəkələrinin formalaşmasına, eyni zamanda, diplomatik yanaşmaların yenidən qurulmasına ciddi təsir göstərəcək. İran qarşısında iki əsas seçim qalır, ya proseslərdən kənarda qalaraq neytral mövqe tutmaq, ya da yeni reallıqlara uyğunlaşaraq regional əməkdaşlıqda tərəf kimi iştirak etməyə çalışmaq. Eskalasiya yolunun İran üçün sərfəli olmaması onu göstərir ki, Tehran gec-tez mövcud vəziyyətlə barışmalı və daha praqmatik siyasət yürütməyə məcbur qalacaq. Hazırda İranın Zəngəzur dəhlizinə qarşı əsasən, diplomatik bəyanatlar və sərt ritorika ilə çıxış etməsi uzunmüddətli deyil, daha çox qısamüddətli gərginlik yaratmağa hesablanmış addımlar təsiri bağışlayır.
Ümumilikdə isə Zəngəzur dəhlizinin açılması Azərbaycanın regionda strateji mövqeyini daha da gücləndirəcək, ölkəyə həm regional, həm də qlobal səviyyədə yeni əməkdaşlıq imkanları və fəaliyyət istiqamətləri qazandıracaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31