Ermənistanın Aİ ilə atdığı addımlar Cənubi Qafqazda riskləri artırır- ÖZƏL
15:04 SiyasətDekabrın 2-də isə Ermənistan-Aİ strateji tərəfdaşlıq gündəliyi imzalanıb. Rəsmi Bakı sənədə etiraz edərək onun postmünaqişə reallıqlarını təhrif etdiyini və Azərbaycan-Ermənistan sülh gündəliyinə zidd olduğunu bildirib. Azərbaycan XİN Qarabağdan köçən ermənilərin "qaçqın" kimi təqdim edilməsini, EUMA-nın və hərbi məsələlərin vurğulanmasını, eləcə də TRIPP sənədinə istinadın olmamasını qərəzli yanaşma sayıb. Aİ hələlik Bakının etirazına münasibət bildirməyib.

Mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:
"Hesab edirəm ki, Ermənistan bu cür münasibətlər qurarkən-istər ölkələrlə ikitərəfli, istərsə də beynəlxalq təşkilatlarla çoxtərəfli əməkdaşlıq məsələlərini reallaşdırarkən hansı regionda olduğunu, hansı vəziyyətdə olduğunu, Azərbaycanla münasibətlərin hansı durumda olduğunu və atılan bu addımların imzalanması gözlənilən sülh sazişinə necə təsir göstərə biləcəyini çox ciddi şəkildə düşünməli, götür-qoy etməli, ölçüb-biçməlidir. Təəssüf ki, biz Ermənistanın indiki baş nazirindən bu cür addımları görə bilmirik. Xüsusən Avropa İttifaqı ilə münasibətləri tənzimləyərkən Ermənistanın hazırkı hökuməti sanki bilərəkdən gərginlik yaratmağa hesablanan addımlar atır. İstər strateji tərəfdaşlıq gündəliyi olsun, istər əməkdaşlıq məsələləri, hətta Avropanın "Sülh Fondu" adlandırılan bir fondu var. Adını sülh fondu qoyublar, amma sırf hərbi məsələlərə, hərbi texnika və silahlanmaya dəstək məqsədi ilə formalaşdırılmış bu fonddan istifadə edərək militarist siyasət yürütməyə çalışırlar.
Bütün bu addımlar həm Avropa tərəfindən, həm də Ermənistan tərəfindən anlaşılan deyil və açıq şəkildə gərginlik yaratmağa hesablanıb. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, Avropa İttifaqı və onun liderləri də Ermənistanın hazırkı hökumətinin bu tutumundan maksimum istifadə etməyə çalışırlar. Onlar qərəzli yanaşmalarını davam etdirir, regionda gərginlik yaratmağa hesablanan addımlar atır və Ermənistanı da buna həvəsləndirirlər. Ermənistan da bu vəziyyətdən ruhlanır, cəsarətlənir və bu, təəssüf doğurur. Hesab edirəm ki, əsas gündəliyimiz avqustun 8-də Vaşinqtonda imzalanan razılaşma üzərindən qurulmalıdır. Bundan kənar atılan addımlar və imzalanan sənədlər isə məncə, süni şəkildə gərginlik yaratmağa xidmət edir. Mən bunu qınayıram və düşünürəm ki, Ermənistan bu addımlardan çəkinməlidir. Çünki bunlar sülhə gedən yola çox ciddi təhdiddir. Üstəlik, hesab etmirəm ki, bu gərginlik yalnız Azərbaycanla münasibətlər çərçivəsində qalacaq. Bu yanaşma Ermənistanın digər qonşuları ilə, eləcə də Cənubi Qafqazda və ona bitişik regionlarda yerləşən dövlətlərlə də gərginlik yarada biləcək bir faktora çevrilə bilər".
Zeynəb Mustafazadə