Hüquqi mexanizmdən sosial dəyərə- ÖZƏL

"Əfv və amnistiya aktları hüquqi baxımdan müxtəlif səlahiyyət orqanları tərəfindən qəbul edilsə də, mahiyyət etibarilə eyni ali məqsədə - insanın islahına və cəmiyyətə qaytarılmasına xidmət edir. Bu mexanizmlər cəzanın qaçılmazlığını inkar etmədən, onun tərbiyəvi rolunu ön plana çəkir və sosial ədalətin bərpasına töhfə verir". "Olaylar" xəbər verir ki, bunu Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şuşa Rayon Komitəsinin Sədri Arif Dostiyev deyib: "Azərbaycan təcrübəsində bu institutlar yalnız hüquqi prosedur kimi deyil, sosial siyasətin mühüm elementi kimi çıxış edir. Əfv və amnistiya nəticəsində ailə bağları bərpa olunur, sosial gərginlik azalır, cəmiyyət daxilində etimad mühiti möhkəmlənir. Dövlət bu addımlarla vətəndaşa ikinci şans verməyə hazır olduğunu nümayiş etdirir.
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu humanist yanaşma cəza siyasətində sərtliklə mərhəmətin uzlaşdırılmasını mümkün etdi. Onun təşəbbüsləri ilə qəbul edilən amnistiya aktları geniş əhatə dairəsi ilə seçilərək, hüquqi bərabərlik prinsipinin praktik tətbiqinə çevrildi. Bu yanaşma hüquqi dövlət anlayışının real məzmunla doldurulmasına xidmət etdi.
Müasir mərhələdə Prezident İlham Əliyevin rəhbərliyi ilə bu xətt yeni məzmun qazanıb. Tarixi əlamətdar günlər ərəfəsində imzalanan əfv sərəncamları dövlətin humanist simasını daha da gücləndirir. Bu addımlar sübut edir ki, hüquqi mexanizmlər sosial dəyərlərlə uzlaşdıqda cəmiyyət üçün daha faydalı nəticələr ortaya çıxır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31