“Düşmən qapıdadır” ritorikası: İran Zəngəzur dəhlizinə qarşı niyə cəbhə açır? – ÖZƏL
13:48 Siyasət"Tehran "TRIPP" koridoruna mənfi yanaşır. Bunun əsas səbəbi ondan ibarətdir ki, Zəngəzur koridorunun və alternativ tranzit marşrutlarının açılması İran üzərindən keçən mövcud yolların logistika baxımından zəifləməsi deməkdir".
.jpg)
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, bu gün regiondakı əsas nəqliyyat və yükdaşıma marşrutlarının əksəriyyəti İran üzərindən həyata keçirilir və logistika sistemi məhz bu xətt üzərində qurulub. Yeni layihə çərçivəsində alternativ yolun açılması isə daha böyük daşıma potensialına malik marşrutun formalaşması deməkdir. Bu da təbii olaraq İran tərəfinin nəqliyyat sistemində gediş-gəlişin azalmasına səbəb olacaq. İran bunu eyni zamanda ABŞ və NATO qüvvələrinin regionda mövcudluğunun artması kimi qiymətləndirir. Çünki Tehran yaxşı anlayır ki, bu marşrut Ermənistan ərazisindən keçərsə, orada Amerika şirkətləri Ermənistan şirkətləri ilə birgə fəaliyyət göstərəcək və bu prosesin fonunda ABŞ-nin müxtəlif formalarda, o cümlədən kəşfiyyat xarakterli strukturlar vasitəsilə regionda möhkəmlənməsi baş verə bilər. Bu, beynəlxalq praktikada normal qəbul edilən bir prosesdir. Belə bir vəziyyət NATO hərbi kontingentinin və kəşfiyyat strukturlarının bölgədə yerləşməsi ehtimalını da artırır. İran bunu regiondakı mövqelərinin zəifləməsi və gedən proseslərin birbaşa öz əleyhinə yönəlməsi kimi qiymətləndirir. Məhz buna görə də İran hazırkı mərhələdə Cənubi Qafqazda gedən proseslərdə "TRIPP" koridoruna açıq şəkildə qarşı çıxır və bu mövqeyini etirazlarla müşayiət edir.
"Eyni zamanda Tehran Azərbaycan dövlətinin regionda artan siyasi və geosiyasi gücünü qəbul etmək istəmir. Ermənistanın zəifləməsi ilə də barışmaq istəmir. Bundan əlavə, Türkiyə ilə birbaşa qarşı-qarşıya gələn geosiyasi balansda öz təsir imkanlarının azalmasını da qəbul edə bilmir. Regionda yeni aktorların meydana çıxması İran üçün zəiflədici əsas amillərdən biri kimi dəyərləndirilir. Bu səbəbdən İran son dövrlər daxili siyasətdə də gərgin ritorikaya üstünlük verir. Görünən odur ki, ölkə daxilində hakimiyyət təbəqəsi bir neçə qruplaşmaya bölünüb və daxili prosesləri nəzarətdə saxlamaq üçün xarici təhlükə amilindən istifadə olunur. "Düşmən qapıdadır" ritorikası ilə cəmiyyət səfərbər edilir və bu təbliğat əsasən Azərbaycan və digər regional ölkələrə, xüsusilə də Azərbaycana qarşı yönəlir.
Regionda ABŞ və Türkiyənin mövcudluğu İranın əvvəlki kimi nə İslam, nə də şiə faktorundan siyasi alət kimi istifadə etməsini çətinləşdirir. Eyni zamanda müxtəlif terror qruplarına maliyyə və silah dəstəyi verməklə təsir mexanizmləri qurmaq imkanları da məhdudlaşır və bu istiqamətdə ciddi problemlər yaranır," - deyə ekspert əlavə edib.
Siyasi şərhçinin sözlərinə görə, hazırda regionda gedən proseslər İranın mövqelərinin zəifləməsinə gətirib çıxarır. Azərbaycan Türkiyə ilə birlikdə və Qərbin, o cümlədən ABŞ-nin dəstəyi fonunda regionda İranın təsir imkanlarını azaltmaq istiqamətində irəliləyir.
Lamiyə Cəbrayılova