Azərbaycan hərbi-sənaye mərkəzinə çevrilməkdədir- ÖZƏL
10:56 Siyasət"Müdafiə sənayesinin inkişafı ölkələrin milli təhlükəsizlik və ümumi inkişaf strategiyasının əsas hissəsidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Məmmədova deyib: "Azərbaycan da son illər hərbi-sənaye mərkəzinə çevrilməkdədir. Mövcud istehsal sahələrinin müasir standartlara uyğun təkmilləşdirilməsi ilə yanaşı, yeni istehsal sahələri də genişlənir. Milli müdafiə sənayesi məhsulları daxili tələbatı ödəməklə yanaşı, həm də keyfiyyətli silah-sursat kimi dünya bazarlarına çıxarılır".
Milli Məclisin deputatı Hicran Hüseynova qeyd edib ki, keçən illər ərzində Müdafiə Sənayesi Nazirliyi ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsində, yerli hərbi sənaye potensialının formalaşdırılmasında və Azərbaycan Ordusunun müasir silah və texnika ilə təmin olunmasında mühüm rol oynamışdır: "Xüsusilə Vətən Müharibəsi dövründə yüksək texnoloji yeniliklərin, o cümlədən "İTİ QOVAN" PUA-larının döyüş meydanında göstərdiyi effektivlik Azərbaycan mühəndis düşüncəsinin və milli müdafiə sənayesinin gücünü bütün dünyaya nümayiş etdirmişdir.
Bu əlamətdar peşə bayramı və 20 illik yubiley münasibətilə Müdafiə Sənayesi Nazirliyinin bütün əməkdaşlarını ürəkdən təbrik edir, onların Azərbaycan Ordusunun qüdrətinin artırılmasında və dövlətimizin müdafiə gücünün möhkəmləndirilməsində göstərdikləri əvəzsiz xidmətləri yüksək qiymətləndiririk".
Qeyd edək ki, 17 Dekabr - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi (MSN) işçilərinin peşə bayramı günüdür.