“Mehdiyevin ruslara məktubu Abbasov vasitəsilə çatdırdığı aşkara çıxa bilər” - ŞOK açıqlama
20:42 Siyasət"Ramiz Mehdiyevin Rusiya hakimiyyət dairələrinə Azərbaycanda "Dövlət Şurası" yaratmaqla bağlı yazdığı məktubu məhz Abbas Abbasov vasitəsilə istədiyi ünvanlara çatdırdığı aşkara çıxa bilər".
Bu barədə Musavat.com-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov bildirib.

O deyib ki, Abbas Abbasovun istintaqa cəlb olunması bir sıra mətləblərin üstünü açacaq və prosesdə hələ çox tanınmış, yüksək vəzifələrdə olmuş şəxslərin adlarının da ortaya çıxmasının şahidi ola bilərik:
"Abbas Abbasov uzun müddətdir Azərbaycana gəlmir, Rusiyada yaşayır, onun Rusiyada böyük biznesinin və Rusiyanın hakimiyyət dairələrinə bağlı olduğu məlumdur. İbtidai istintaq əhatəli aparıldıqca çox məsələlər gün işığına çıxacaq. Abbas Abbasovun axtarışa verilməsi çox ciddi məsələdir. Barəsində irəli sürülən ittihamlar həqiqəti əks etdirmirsə, yəni günahsızdırsa, özü Azərbaycana gələ bilər və onda olan bütün məlumatları istintaqa bildirə bilər. Əgər gəlmirsə, istintaqdan yayınırsa, deməli, həqiqətən də günahkardır, cinayətə yol verib".
Xəyal Bəşirov bildirib ki, Rusiyanın Azərbaycan istintaq orqanının axtarışa verdiyi Abbas Abbasovu Azərbaycana təhvil verməsi labüddür. Çünki iki ölkə arasında ekstradisiya haqqında imzalanmış müqavilələr var.