Postmünaqişə humanizmi: Əliyevin amnistiyası cəmiyyətə güvən mesajıdır – ÖZƏL
15:44 Siyasət"Prezident İlham Əliyevin "Konstitusiya və Suverenlik İli" çərçivəsində Amnistiya elan etməsi təkcə hüquqi akt deyil, həm də güclü siyasi-mənəvi mesajdır. Azərbaycan artıq postmünaqişə mərhələsində güclü dövlət, formalaşmış hüquqi sistem və insan mərkəzli idarəetmə modelinə malik ölkə kimi çıxış edir".

Bu fikirləri siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert qeyd edib ki, amnistiyanın 20 mindən çox şəxsi əhatə etməsi, xüsusilə Vətən müharibəsi və 2023-cü ilin sentyabr antiterror əməliyyatlarında iştirak edənlərə, şəhid və itkin düşənlərin ailə üzvlərinə, əlillərə, qadınlara, yaşlılara və yetkinlik yaşına çatmayanlara şamil olunması Azərbaycanın dövlət fəlsəfəsini aydın şəkildə ortaya qoyur. Bu ölkədə vətəndaş dövlətin dayağıdır, insan isə ən ali dəyərdir. Humanizm Azərbaycan dövlətçiliyinin zəiflik yox, güc göstəricisi olduğunu bir daha təsdiqləyir.
Ekspert bildirib ki Ermənistan mediasının bu addımı diqqətlə izləməsi və ölkədə 2018-ci ildən bəri əfv və ya amnistiya mexanizmlərinin tətbiq edilməməsini vurğulaması təsadüfi deyil. Bu fakt Ermənistan hakimiyyətinin cəmiyyətlə münasibətlərində etimad böhranının mövcudluğunu, sosial barış və hüquqi yumşalma alətlərindən uzaq durduğunu göstərir. Əfv və amnistiyadan imtina edən hakimiyyət əslində öz cəmiyyətinə inamsızlığını nümayiş etdirir və daxili gərginliyi inzibati sərtliklə kompensasiya etməyə çalışır.
Ekspertin sözlərinə görə, Azərbaycanın yanaşması isə tamamilə fərqlidir. Burada güclü dövlət, güclü vətəndaş konsepsiyası əsas götürülür. Prezident İlham Əliyevin amnistiya qərarı dövlətin öz vətəndaşına güvəninin, cəmiyyətlə hakimiyyət arasında sağlam münasibətlərin və milli həmrəyliyin göstəricisidir. Bu addım regiona da açıq mesajdır: qalib və suveren Azərbaycan sülhə, ədalətə və humanizmə əsaslanan siyasi kurs yürüdür.
"Hesab edirəm ki, Ermənistan cəmiyyətində bu qərarın rezonans doğurması onu göstərir ki, regionda siyasi humanizm, sosial məsuliyyət və hüquqi mədəniyyət baxımından ciddi fərq formalaşıb. Azərbaycan humanist ölkədir və bu ölkədə vətəndaş həqiqətən də ən qiymətli sərvətdir. Bu isə müasir dövlətçiliyin əsas meyarıdır, " - deyə, B.Quliyev əlavə edib.
Lamiyə Cəbrayılova