İlyas Hüseynov: "genişmiqyaslı amnistiya sosial barış və hüquqa inamı gücləndirəcək- ÖZƏL

Prezident İlham Əliyev suverenliyin bərpası və Konstitusiyanın ölkə üzrə tam tətbiqini tarixi qələbə kimi dəyərləndirərək genişmiqyaslı amnistiya təşəbbüsü irəli sürüb. Layihə Vətən müharibəsi və antiterror əməliyyatlarında iştirak edənləri, şəhid və itkinlərin yaxınlarını, mülki əhaliyə qarşı təxribat nəticəsində əlil olanları, qadınları, yaşlıları və yetkinlik yaşına çatmayanları əhatə edir. Ümumilikdə 20 mindən çox şəxsin amnistiyadan faydalanacağı, 5 mindən çox məhkumun azad ediləcəyi gözlənilir. 


Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib: 

" Süverenliyin bərpası və Konstitusiyanın ölkə üzrə tam tətbiqi böyük uğurdur və tarixi hadisədir. Bu münasibətlə müstəqillik dövrünün ən böyük amnistiya qərarının qəbul ediləcəyi də gözlənilir. Artıq bu məsələ sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
Çünki 20 mindən çox şəxsin amnistiyadan faydalanacağı, 5 mindən çox məhkumun isə azad ediləcəyi proqnozlaşdırılır. Şübhəsiz ki, bu qərar Konstitusiya və Suverenlik ilinə mühüm töhfə kimi qiymətləndirilir.
Bu, dövlətin humanist yanaşmasının və siyasi məsuliyyətinin təzahürüdür. Eyni zamanda hesab edirəm ki, amnistiya qərarı müharibədən sonrakı dövrdə cəmiyyətdə sosial barışın və hüquqa inamın möhkəmləndirilməsi baxımından da dəyərləndirilə bilər. Ümumilikdə, amnistiya qərarı ilə bir sıra kateqoriyalardan olan insanlar faydalanacaqlar və hesab edirəm ki, bu hadisə Azərbaycanda həm hüquqi dövlət quruculuğu, həm hüququn aliliyinin təmin olunması, eləcə də humanizm dəyərlərinin təşviqi baxımından olduqca əlamətdardır.
Cəzası yüngülləşdirilən və azadlığa çıxan şəxslərin bir daha cinayət əməlləri törətməyəcəklərinə ümid edirəm. Eyni zamanda onların layiqli, məsuliyyətli vətəndaşlar kimi dövlətimizin güclənməsi naminə fəaliyyət göstərəcəklərinə inanıram.
Şübhəsiz ki, amnistiya qərarı ölkəmizin müstəqillik tarixində çox mühüm addımlardan biri kimi dəyərləndirilir və ilin sonunda "Konstitusiya və Suverenlik ili" çərçivəsində dövlətin atdığı ən vacib qərarlardan biri olacaq". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31