Dövlət qulluqçuları heç bir siyasi partiyanın üzvü olmamalıdırlar- ÖZƏL
15:25 Siyasət"Toxunmaq istədiyim məsələ müəssisələrdə və ya fiziki şəxs olan işəgötürənlərin yaratdıqları iş yerlətində siyasi partiyaların və dini qurumların fəaliyyətinə yol verilməməsi ilə bağlıdır. Qanunun bu tələbinə də real həyatda əməl olunmur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib: "Biz bilirik ki, burada müəssisələr deyiləndə həm də elm və təhsil müəssisələri nəzərdə tutulur. Amma elm və təhsil müəssisələrində siyasi partiyaların yerli strukturları var. Mən vaxtilə "Siyasi partiyalar haqqında" qanun qəbul olunanda da, "Dövlət qulluğu haqqında" qanun qəbul olunanda da deyirdim ki, dövlət qulluqçuları heç bir siyasi partiyanın üzvü olmamalıdırlar. Çox təəssüf ki, o zaman bu təklif qəbul olunmadı. Düzdür, "Dövlət qulluğu haqqında" qanunda qeyd olunur ki, dövlət qulluqçusu öz vəzifələrini yerinə yetirərkən heç bir siyasi fəaliyyətlə məşğul olmamalıdır. Amma iş vaxtından sonra onların da iş yerlərində hansısa siyasi tədbirlər keçirməsinə hər hansı məhdudiyyət qoyulmur. Ona görə, bu prinsip, yəni siyasi partiyaların fəaliyyətinə icazə verilməməsi, eynilə də dövlət idarə, müəssisə, təşkilatlarına, yəni dövlət qulluqçuların çalışdıqları yerlərə də şamil olunmalıdır".