Məhkəmə hökmü olmayanlar amnistiyaya düşə bilərmi?
14:23 SiyasətDeputat Aqil Abbas Milli Məclisdə bugünkü çıxışında amnistiyanın həbsdəki jurnalistlərə də şamil olunmasını istəyib:
"Düzdür, günahları, cinayətləri var, amma çox istərdim ki, amnistiya onlara da şamil olunsun. Bir daha cinayət törətməsinlər və ora qayıtmasınlar".

Hüquqşünas Çingiz Qənizadə Musavat.com-a açıqlamasında bildirib ki, Amnistiya Aktı qanundur. O qeyd edib ki, qanun fərdi şəxslərə tətbiq olunmur:
"Kriteriyalar Amnistiya Aktının preambulasında göstərilir. Milli Məclisdə müzakirələr zamanı amnistiyanın kimə şamil olunacağı bəlli olacaq. Amnistiyanın ixtisas, sənət, siyasi baxışa görə şamil olunma halları yoxdur. Tələb olunan müəyyən qaydalar var, o qaydalara uyğun gələn şəxslər də amnistiyaya düşəcəklər. Lakin budəfəki amnistiya aktı istintaq və məhkəmədə olan şəxslərə də şamil ediləcək. Əvvəllər bu yox idi. Bu dəfə isə bu hal da nəzərdə tutulub. Çox mütərəqqi və humanist addımdır ki, barələrində hökm çıxarılmamış, işləri məhkəmə və istintaqda olan və amnistiya aktının təsir dairəsinə düşən şəxslər barəsində də amnistiya tətbiq ediləcək".
Ç.Qənizadə vurğulayıb ki, jurnalistlər əfv sərəncamının təsiri altına düşə bilərlər, lakin məhkəmə prosesi davam etdiyi üçün indiki vəziyyətdə bu mümkün deyil:
"Jurnalist fəaliyyəti ilə bağlı həbs olunmuş şəxslər arasında xanımlar, xəstələr var, bunu nəzərə alaraq, onların əfv olunmasını arzulayarıq. Cənab Prezident əfv sərəncamı imzalayacaqsa, gələcəkdə onların əfv fərmanının təsiri altına düşməsini istəyirik. Lakin nəzərə almaq lazımdır ki, əfv sərəncamı, haqqında hökm qanuni qüvvəyə minmiş şəxslərlə şamil edilir. Bir çox jurnalistin hazırda məhkəmə prosesləri gedir. Məhkəmə prosesi zamanı onların əfv sərəncamının təsiri altına düşməsi mümkün deyil. Amma yaxın günlərdə əfv sərəncamının verilməsi gözlənilmir. Amnistiya Aktı 20 mindən artıq şəxsə şamil ediləcəksə, Cənab Prezident tərəfindən əfv sərəncamının verilməsi yəqin ki, 2026-cı ildə reallaşa bilər".