Zəngəzur dəhlizi çıxılmazda: Moskva layihəyə niyə qarşı çıxır? – ÖZƏL

"Sergey Mardan bildirir ki, Zəngəzur dəhlizi layihəsi hazırkı şəraitdə reallıqdan uzaqdır və regionun təhlükəsizliyi daha çox yaxınlıqdakı, real gücə sahib olan dövlətlərdən asılıdır. O, konkret olaraq Rusiyanın bu məsələdə həlledici təsir imkanına malik olduğunu vurğulayır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, bu açıqlama əslində bir qədər dolayı və üstüörtülü səslənir. Amma diqqətlə baxanda onun nə demək istədiyi aydın olur. Məsələ ondadır ki, İmmardan demək istəyir: Zəngəzur dəhlizinin açılması real görünmür.

Baxmayaraq ki, bu yol "Tranzit dəhlizi" adlandırılır və Avropa İttifaqı da onun açılmasını dəstəkləyir. Lakin belə çıxır ki, Rusiya bu layihəni istəmirsə, həmin dəhliz açılmayacaq. Yaxud da regionda real gücə malik olan başqa bir aktor bu dəhlizin açılmasına qarşıdırsa, yenə də proses dayanacaq.

Rusiya Zəngəzur dəhlizinin açılmasına niyə qarşıdır? 

Bu güc, yəni Rusiya regionda real təsir imkanına malikdir, amma dəhliz üzərində hüquqa sahib deyil. Yəni, əgər dəhliz üzərində Rusiyanın konkret hüququ olarsa, o zaman bu yol işləyə bilər. Əks halda, Rusiya prosesdən kənarda saxlanılarsa, bu dəhlizin işləməsinə mane olacaq. Başqa sözlə, dolayısı ilə deyilən budur ki, Amerikaya və Avropaya çox da güvənmək olmaz. Çünki bu yolun açılıb-açılmaması Rusiyanın istəyindən asılıdır: Rusiya istəyərsə, yol işləyəcək, istəməzsə, işləməyəcək. ABŞ və Avropa bu prosesi təkbaşına təmin edə bilməz. Bu isə əslində Ermənistana yönəlmiş bir təhdid kimi səslənir. Yeni dövrdə tranzit yolunun işləməsinə razılıq verən tərəflərə qarşı dolayı xəbərdarlıqdır. Yəni mesaj budur: Rusiyanın razılığı olmadan bu layihə baş tuta bilməz.
Bu məqamda artıq ABŞ-də hakimiyyətdə olan Tramp administrasiyası və onun arxasında dayanan güclər bu açıqlamalara aydınlıq gətirməlidir. Sual açıqdır: Siz bu yolun işləməsinə mane olacaqsınız, yoxsa yox? Trampın adının hallandığı bu layihəyə qarşı çıxmaq niyyətiniz varmı, yoxsa başqa mövqeyiniz var?

"Digər tərəfdən, Ermənistan özünü müstəqil və suveren dövlət hesab edirsə, onun ərazisinin müəyyən hissəsindən dəmir yolu və nəqliyyat xəttinin keçməsi tam normaldır. Bu yol dünyanın əsas ticarət marşrutlarından birinin hissəsi ola bilər. Bu məqsədlə Ermənistan ABŞ ilə razılaşaraq, yolun açılmasına maliyyə, texniki və təhlükəsizlik dəstəyi istəyə bilər. Bu, digər dövlətləri nə dərəcədə maraqlandırmalıdır?
İrana gəlincə, bir vaxtlar Tehran bu məsələdə açıq danışırdı, amma indi İran susur. Geri qalır Rusiya. Rusiyanın mövqeyi isə belə oxunur: əgər mən bu yola nəzarət etməyəcəmsə, sizi təhdid edirəm.
Əslində deyilən budur və məsələ getdikcə daha açıq müstəviyə çıxır. Bu səbəbdən həm Ermənistan, həm də ABŞ açıq şəkildə soruşmalıdır: siz nə demək istəyirsiniz? Bizim razılaşmalarımıza əsaslanaraq bu yolun qarşısını almaq niyyətindəsiniz, yoxsa bu sadəcə siyasi mesajdır?
Bu, təhdiddirmi, yoxsa başqa məna daşıyır? Problem ondadır ki, çox vaxt məsələlər abstrakt şəkildə ifadə olunur və tərəflər bir-birini tam anlamır. Məncə, indi Ermənistan bu məsələni aydınlaşdırmalı və konkret suallar verməlidir: bu üçüncü qüvvə kimdir, bu yolu kim təhdid edir, onun reallaşmasına kim və niyə mane ola bilər?," - deyə siyasi şərhçi vurğulayıb.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31