“Çalışacam ki, Pənah Hüseynin müdaxiləsi olmasın”- AXP-nin yeni sədrindən SENSASİON AÇIQLAMA

Xəbər verildiyi kimi, Azərbaycan Xalq Partiyasının VII (növbədənkənar) qurultayı keçirilib. Qurultayda Pənah Hüseyn AXP sədrliyindən istefa verib və yeni sədr seçkisi keçirilib. Qiyas Sadıqov AXP sədri seçilib.

Qiyas Böyükağa oğlu Sadıqov 1960-cı ildə Sabirabad rayonunda anadan olub. Orta təhsilini Sabirabadda, ali təhsilini Azərbaycan Politexnik İnstitutunda alıb. 1985-1992-ci illərdə Sabirabad Mexaniki Təmir Zavodunda usta və Həmkərlar Təşkilatında sədr işləyib. Qiyas Sadıqov siyasi fəaliyyətə Azərbaycan Xalq Cəbhəsinin üzvü kimi başlayıb. 1989-cu ildə hərəkatın Salyan rayon şöbəsinin təsisçilərindən biri olaraq Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü seçilib.

1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavini, 1993-cü ildə isə müdiri vəzifəsinə təyin olunub. 1993-cü il iyunun 26-da bu vəzifədən azad edilib.

Qiyas Sadıqov sabiq baş nazir Pənah Hüseynlə bərabər 1999-cu ilin aprelində Azərbaycan Xalq Partiyasını təsis eib. Partiya həmin ilin iyulunda rəsmi dövlət qeydiyyatına alınıb. Pənah Hüseyn Milli Məclisin deputatı olanda Qiyas Sadıqov 2007-2010-cu illərdə onun köməkçisi (deputat köməkçisi) vəzifəsində çalışıb.

Qiyas Sadıqov 2022-ci ildən Azərbaycan Xalq Partiyası sədrinin birinci müavini idi.

Qiyas Sadıqov AXP sədri kimi ilk açıqlamasını Musavat.com-a verib. Qiyas Sadıqov bildirib ki, Pənah Hüseynlə o AXP-nin təsisçilərindəndir və əvvəllər də müxtəlif vaxtlarda partiyanın sədrinin səlahiyyətlərini icra edib və sədr olacağı onun üçün gözlənilən idi: "Pənah bəy 2005-2010-cu illərdə Milli Məclisin deputatı olduğu dövrdə sədrin səlahiyyətini mən icra etmişəm. Partiyaya sədrlik məsələsində təcrübəm var. Son bir ildə də Pənah Hüseyn səlahiyyətlərinin bir qismini mənə həvalə eləmişdi. Pənah Hüseyn sədrlikdən getmək üçün qəti qərara isə son zamanlar gəldi. Pənah bəydən sonra sədr olmağım mənim üçün gözlənilən idi".

Q.Sadıqov deyib ki, onun sədrliyi dövründə AXP Pənah Hüseynin dövründəki siyasi kursu davam etdirəcək: "Pənah bəylə bizim aramızda fikir ayrılığı olmayıb. Amma təbii ki, sədrliyim dönəmində partiyada bir sıra yeniliklər olacaq. Qarşımızda dayanan hədəflərdən biri seçkilərdə aktiv iştirak etmək, parlament partiyasi statusunu qazanmaq, seçkilərin qalibi olmaqdır. Nizamnamə və qanunlar çərçivəsində fəaliyyətimizi davam etdirəcəyik".

"Azərbaycanın bir sıra müxalif partiyalarının təcrübəsində partiyanın qurucusu olan sədrin sədrlikdən getdikdən sonra da partiyada əsas söz sahibi kimi qaldığı, yeni sədrin onun kölgəsindən çıxa bilmədiyi faktları var. Sizinlə bağlı da bu təcrübə təkrarlana bilərmi?" sualına Q.Sadıqov belə cavab verib: "Həqiqətən də Azərbaycan reallığında partiyaların qurucularının sədrlikdən gedəndən sonra da partiyaya təsir imkanları qalır. Bizim Pənah Hüseynin məsləhətlərinə təbii ki, ehtiyacımız olacaq. Amma hər halda mən çalışacam ki, sizin nəzərdə tutduğunuz partiyalarda olduğu kimi partiyanın qurucusunun sədrin fəaliyyətinə müdaxiləsi olmasın".

Yeni sədr onu da qeyd edib ki, sədr kimi rəsmi fəaliyyətə başlayandan sonra partiyada yeni təyinatlar həyata keçirəcək, müavinləri dəyişdirəcək. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31