Ümummilli Liderin zəngin dövlətçilik irsi

"Zəngin dövlətçilik ənənələrinə sahib olan Azərbaycanda böyük tarixi əhəmiyyət daşıyan elə dövrlər olub ki, həmin zaman xalqın və dövlətin gələcək taleyini müəyyən edən çox böyük bir inkişafın başlanğıcının əsası qoyulub. Bu əzəmətli tarixi yaradanlar isə heç vaxt unudulmayan tarixi şəxsiyyətlər kimi yaddaşlara həkk olunub". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin İntizam Komissiyasının sədri, iqtisad üzrə elmlər doktoru, professor Eldar İbrahimov deyib: "Keçən əsrin 70-ci illərindən başlayaraq, Vətənimizin tarixində çox əlamətdar dövrün əsasını qoyan isə Heydər Əliyevdir. O, Azərbaycan Respublikasının bir dövlət kimi formalaşmasında, müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində və gələcək inkişafına etibarlı zəmin yaradılmasında müstəsna rol oynayan fenomen şəxsiyyətdir. Bu mənada Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi hələ uzun müddət diqqət mərkəzində olacaq və bu irsi öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib və aktuallığını heç vaxt itirməyən qlobal məsələdir.

Heydər Əliyevin ilk dəfə Azərbaycana rəhbərlik etdiyi 14 il ərzində apardığı hərtərəfli və əhatəli işlər, onun özünə və ətrafındakı rəhbər işçilərə qarşı olan ciddi tələbkarlığı, yüksək işgüzarlığı sayəsində Azərbaycanın iqtisadiyyatı möhkəmləndi, respublikamız neft-maşınqayırma və kimya sənayesi və bir sıra digər sahələrdə keçmiş ittifaqda öncül sıraya çıxdı, istehsal etdiyi rəqabətqabiliyyətli məhsullar 65 xarici ölkəyə ixrac edilərək beynəlxalq aləmdə tanınmağa başladı. Həmin dövr respublikamızda nəhəng zavodlar və fabriklər istifadəyə verildi, sənayenin inkişafı, xüsusilə kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin tikilməsi geniş vüsət aldı. Azərbaycan qısa müddət ərzində iqtisadiyyatın bütün sahələrində geridə qalmış bir respublikadan ittifaq səviyyəsində öncül yerə yüksəldi.

Ötən əsrin 70-ci illərindən başlanan milli-mədəni dirçəliş, özünüdərk, milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı müstəqil dövlətçilik ideyasının milli azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsinə zəmin yaratdı. Məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi ki, iqtisadiyyatın və milli-mədəni həyatımızın yüksək inkişafını gələcəkdə də davam etdirmək, müasir çağırışlara uyğun idarəetmə qabiliyyətli savadı və bacarığı olan gənc kadrların yetişdirilməsi ön plana çəkildi. Bu məqsədlə hər il yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin ən nüfuzlu universitet və ali məktəblərində təhsil almaq imkanı qazandı. Planlı qaydada həyata keçirilən bu möhtəşəm tədbirlər sayəsində əldə edilən nailiyyətlər sonralar respublikamızın müstəqil dövlət kimi fəaliyyət göstərməsinə möhkəm zəmin yaratdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31