Heydər Əliyev Azərbaycanın böyük inkişaf epoxasını yaradıb

"Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər isə Azərbaycanın ən yeni tarixinə müstəqil dövlət quruculuğu, sosial-iqtisadi inkişaf və siyasi yüksəliş dövrü kimi həkk olunub, bugünkü tarixi uğurlarımızın, o cümlədən möhtəşəm Zəfərimizin fundamental əsasları yaradılıb. Hər bir Azərbaycan vətəndaşı da yaxşı bilir ki, həm sovetlər dönəmində, həm də müstəqillik illərində Ulu Öndər Heydər Əliyev Azərbaycanın yüksəlişi naminə fədakarlıqla çalışıb. Onun rəhbərliyi dövründə respublikamız bütün sahələr üzrə inkişaf edib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib: "Bu gün Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatın elə bir sahəsi yoxdur ki, o sahənin inkişafı Ulu Öndərin adı ilə bağlı olmasın. Məhz Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, milli-mənəvi yüksəliş, azərbaycançılıq ideyalarının bərqərar olması, gələcək inkişaf üçün güclü və möhkəm əsasların yaradılması Ulu Öndərin zəngin təcrübəyə, parlaq zəkaya, ali liderlik qabiliyyətinə, yüksək siyasi idarəçiliyə əsaslanan siyasətinin həyata keçirilməsi nəticəsində mümkün oldu. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsinə çevrildi.

Ümumiyyətlə, müasir Azərbaycanın bugünkü reallığı Ulu Öndər Heydər Əliyevin  milli və bəşəri məzmunlu ideyalarının əbədiyaşarlığını aydın ifadə edir. Böyük öndərimiz  iyirmi ildən çoxdur cismən aramızda olmasa da, ideyaları əbədi yaşayır. İllər keçdikcə bu dahi şəxsiyyətin Azərbaycan naminə gördüyü işlərin miqyası daha aydın şəkildə dərk olunur. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Ulu Öndər öz müdrikliyi, cəsarəti ilə Azərbaycan xalqının sevgisini qazanmışdır. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcək. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətləri Azərbaycan vətəndaşları, dünyada yaşayan bütün azərbaycanlılar heç vaxt unutmayacaq.  Heydər Əliyev Azərbaycanın böyük inkişaf epoxasını yaradıb, respublikamızın hərtərəfli  intibahını təmin edib. Müstəqil Azərbaycan bu möhkəm əsaslar üzərində daim zirvələrə doğru irəliləyib. Ulu Öndərimizin  həyatını bütünlüklə xalqa, dövlətə, Vətənə həsr olunan ömür kimi səciyyələndirə bilərik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31