“Paşinyan konstitusiya açıqlamaları ilə daxili auditoriyanı sakitləşdirməyə çalışır” – ŞƏRH – ÖZƏL
15:52 SiyasətAlmaniyaya səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, Bakı ilə heç vaxt konstitusiya məsələsi müzakirə olunmayıb. O vurğulayıb ki, əgər sülh sazişi imzalansa, sənəd Konstitusiya Məhkəməsinə göndəriləcək və bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını hüquqi olaraq mümkünsüz edəcək.
Paşinyan bildirib ki, Konstitusiya Məhkəməsi sazişi uyğun saymasa, özü konstitusiya dəyişiklikləri təşəbbüsü qaldırmağa hazırdır. O, Bakı ilə birgə yol xəritəsinin hazırlanmasını, həm Qarabağ, həm də "Qərbi Azərbaycan" məsələsinin paralel şəkildə həll edilməsini təklif edib.
Baş nazir müxalifətin "Qarabağ məsələsi həll olunmayıb" iddialarını rədd edərək bildirib ki, bu mövqe yeni müharibə riski yaradır və Qarabağa geri dönüş gündəliyi qeyri-real və təhlükəlidir.
"Paşinyanın konstitusiya və konstitusiya dəyişikliyi ilə bağlı bəyanatları əsasən daxili auditoriyaya hesablanıb. Çünki Ermənistanda həm keçmiş hakimiyyət, həm də indiki müxalif qüvvələr, xüsusilə Rusiyaya bağlı olan siyasi dairələr Paşinyana ciddi təzyiqlər göstərir və ölkədə yeni qalmaqallar yaratmağa cəhd edirlər".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib: Avropa Birliyinə gəldikdə isə, Ermənistan yaxın zamanda Aİ ilə müəyyən sazişlər imzaladı və bunun nəticəsində həm maddi, həm də hərbi dəstək almağa başlayıb. Bu isə onu göstərir ki, Avropa Birliyi əvvəl Gürcüstan, indi isə Ermənistan vasitəsilə regionda təsir imkanlarını genişləndirmək niyyətindədir.
Ekspert bildirib ki, Konstitusiya dəyişikliyi məsələsi isə Azərbaycanla aparılan danışıqlarda birbaşa Ermənistanın ərazi iddiaları ilə bağlıdır. Paşinyan yaxşı anlayır ki, Azərbaycana belə bir mesaj verə bilməz ki, "biz konstitusiyanı xarici təzyiqə görə dəyişirik". Bu, daxili auditoriya üçün qəbulolunmazdır. Buna görə də o, prosesi ehtiyatla aparmağa çalışır.
Azərbaycanın tələbi isə açıqdır: Ermənistan konstitusiyasında yer alan, həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddiaları tamamilə çıxarılmalıdır. Paşinyan da yaxşı bilir ki, Qarabağ məsələsi artıq həll edilib və bu, danışıqlarda əsas mübahisə predmeti deyil. Sadəcə sülh sazişinin imzalanması qalıb və o, baş nazir olduğu müddətdə bunu reallaşdırmalıdır ki, proses tam başa çatsın. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, Qarabağ məsələsi hüquqi və faktiki olaraq bitib. Ermənistan isə həmin torpaq iddialarından imtina etməlidir və bunu konstitusiyada əks etdirməlidir. Eyni zamanda Türkiyəyə qarşı Ağrı dağı və digər ərazilərlə bağlı iddialar da konstitusiyadan çıxarılmalıdır. Azərbaycanın mövqeyi bundan ibarətdir.
"Qarabağdan köçmüş ermənilərin qayıdışı və ya oradakı hüquqları məsələsi isə ikitərəfli danışıqlar çərçivəsində həll olunmalıdır. Necə ki, ermənilər Qarabağda yaşamaq hüququna malikdirlər və Azərbaycan onların hüquqlarını tanıyır, eyni şəkildə qərbi azərbaycanlıların da Ermənistan ərazisində yaşamaq və öz tarixi yurdlarına qayıtmaq hüququ var. Bu məsələdə geriyə addım gözlənilmir," - deyə siyasi şərhçi əlavə edib.
Ekspertin fikrincə, Paşinyan vəziyyəti yetərincə düzgün qiymətləndirir və daxili auditoriyanın reaksiyasını kəskinləşdirməmək üçün bu prosesi mərhələli şəkildə aparmağa çalışır. O, nəticədə bu məsələləri tədricən həll etməyə məcbur olacaq.
Lamiyə Cəbrayılova