Heydər Əliyev: Azərbaycan dövlətçiliyinin formalaşmasının əsas memarı- ÖZƏL

"Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixinin ayrılmaz bir hissəsidir və hətta deyərdim ki, ən yeni tariximizin başlanğıc dövrünü əhatə edir. Heydər Əliyevdən danışarkən, əslində, onun fəaliyyətini iki əsas mərhələdə qiymətləndirmək lazımdır: sovet dövrü və müstəqil Azərbaycan dövrü".



Bu fikirləri politoloq Turan Rzayev Olaylar.az-a açıqlamasında bildirib.
Politoloq qeyd edib ki, hər iki mərhələnin ayrıca təhlili xüsusi əhəmiyyət kəsb edir:
"Heydər Əliyevin daha gənc, enerjili və dinamik olduğu illər onun SSRİ dövrünə təsadüf edir. Həm Azərbaycan Kommunist Partiyasının rəhbərliyində, həm də respublika rəhbəri kimi onun gördüyü işlərə qədər Azərbaycanda bu cür fundamental dəyişikliklər edilməmişdi.
Onun rəhbərliyi illərində Azərbaycanın rifah səviyyəsi yüksəlmiş, 15 respublika arasında ölkəmiz xüsusilə seçilirdi. Sənayenin inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, yeni müəssisələrin açılması və strateji layihələr həmin dövrün mühüm nailiyyətləri idi. Bununla yanaşı, milli kadrların formalaşması üçün təhsil müəssisələri açılmış, zabit və hərbi kadr hazırlığına xüsusi önəm verilmiş, Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradılmışdı. Bu faktlar əslində Heydər Əliyevin Azərbaycanı gələcək müstəqilliyə hazırladığını sübut edir.

Müstəqillik elan edilərkən Heydər Əliyev hakimiyyətdə deyildi. Lakin müstəqil dövlətin qurulması üçün möhkəm infrastruktura, siyasi-administrativ baza və potensiala ehtiyac var idi. Bu "altyapını" məhz Heydər Əliyev yaratmışdı. Buna görə də o, Azərbaycan müstəqilliyinin qurucusu və ümummilli lideri adlanır.
Onun Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövr həm kənd təsərrüfatının, həm sənayenin inkişafı, həm milli-hərbi kadrların yetişdirilməsi, həm də respublikanın SSRİ miqyasında nüfuzunun artması baxımından xüsusi tarixi rol oynayıb. Habelə SSRİ-nin yaxın xarici ölkələrlə münasibətlərində Azərbaycanın vasitəçilik funksiyası da Heydər Əliyevin təşəbbüsləri ilə formalaşmışdı.
Ölkənin ən çətin dövründə Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdı. Hakimiyyətə gələndə Azərbaycan nə rifah içində idi, nə də sabitlik mövcud idi. Əksinə, ölkə ən qaranlıq və xaotik günlərini yaşayırdı  Qarabağ işğal altındaydı, dövlət institutları iflic olmuşdu, daxildə hərc-mərclik və hakimiyyət uğrunda mübarizə hökm sürürdü. Heydər Əliyev qayıtdıqdan sonra ilk olaraq ordunun formalaşdırılması və dövlətin hərbi sisteminin yenidən qurulması istiqamətində addımlar atdı. Siyasi xaos aradan qaldırıldı, dövlət idarəçiliyi mərkəzləşdirildi və ölkənin suverenliyinə təhdid yaradan qüvvələr neytrallaşdırıldı.
Bu gün Azərbaycanın əldə etdiyi uğurların böyük bir qismi Heydər Əliyevin qoyduğu təməllərlə bağlıdır. Məsələn, Azərbaycan neftinin Avropa bazarlarına çıxışını təmin edən strateji enerji layihələrinin əsasını o qoyub. Eləcə də bu gün qalib Ordumuzun dayağı olan müasir hərbi sistem Heydər Əliyevin müəyyən etdiyi konsepsiyanın nəticəsidir.
Heydər Əliyev ömrünün sonuna qədər Azərbaycan üçün çalışdı. Təəssüf ki, biz onu müstəqillik dövründə əsasən daha yaşlı çağında gördük. Əgər o, hakimiyyətə daha gənc yaşlarında məsələn, 50 yaşlarında qayıda bilsəydi, dövlət quruculuğunda daha geniş transformasiyalar həyata keçirə bilərdi.
Heydər Əliyev Azərbaycan üçün gördüyü xidmətlərə görə heç vaxt unudulmamalıdır. O, yalnız siyasi lider deyil, həm də xalqla birbaşa ünsiyyəti sevən bir şəxsiyyət idi. Bayramlarda xalqın içində olur, insanlara səmimi yanaşırdı. Onu görənlər onu bir dövlət başçısından çox, bir "baba" kimi qəbul edirdi. Bu gün də xalq onu xatirələrində elə həmin adla - "Heydər baba" kimi yad edir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31