Humanitar layihələr Rusiya üçün strateji alət ola bilərmi?- ÖZƏL

Rusiya Prezidenti Vladimir Putin xaricdə humanitar, ictimai əlaqələr və əməkdaşlıq layihələri həyata keçirmək üçün "beynəlxalq layihələr" fondu yaradılması barədə fərman imzalayıb. Qeyd olunur ki , yaradılacaq bu fond Rusiyanın başqa ölkələrlə ictimai və humanitar sahədə təsirini artırmağı hədəfləyir. Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib: 



" Aydın məsələdir ki, bu fond təkcə hansısa ölkəyə humanitar yardımı göstərmək üçün nəzərdə tutulmur. Daha çox humanitar yardım, sosial əlaqələr, ictimai əməkdaşlıq əlaqələri ilə bağlı Rusiyanın həmin ölkələrdə yayılmaq strategiyasının bir tərkib hissəsidir. Əslində, yumşaq güc hazırda ən azı sərt güc qədər dünya siyasətində xüsusi bir məfhumdur. Bu tətbiqi əvvəllər ABŞ daha geniş istifadə edirdi. Artıq Rusiya və digər ölkələr buna çalışırlar. Məsələn, Türkiyə Afrikada, Somalidə bu yumşaq güc siyasətini uğurla həyata keçirir. Çin də fərqli ölkələrdə belə yayılmağa çalışır. Fərqli böyük güclər - Avropa İttifaqı və s. buna diqqət yetirir. Rusiyada isə artıq sərt güc ilə yaşamaq istəyi azalıb və ölkə yumşaq güc strukturları vasitəsilə təsirini artırmaq siyasətini həyata keçirir. Təsadüf deyil ki, bu yaxınlarda Putin Hindistanda olarkən, orada Russia Today India kanalı açıldı. Yəni, Rusiya əvvəllər ABŞ və Avropada bağlanan beynəlxalq kanalını Hindistanda yenidən açmağa çalışır. Görünür, fərqli ölkələrdə Rusiya buna davam edəcək.
Eyni şəkildə, Russia Today və Sputnik Azərbaycanda da aktiv idi. Bu aktivlikdə əsas məsələ Rusiyanın maraqlarını və baxış bucağını həmin ölkələrə yaymaqdır. Və bu cür təşkilatların xüsusi xidmət orqanları ilə əməkdaşlıq əlaqəsi olduğu düşünülür. Məsələn, Bakıdakı Rus evinin, Sputnik və Russia Today də kəşfiyyat orqanları ilə əlaqə şübhə doğurmurdu. Eyni şəkildə, digər strukturlar da kəşfiyyatla işləyəcək, xüsusən kəşfiyyat xidməti ilə. Və Rusiya yayılmaq üçün bunları həyata keçicək. Rusiya üçün yaxın ətraf saydığı, keçmiş MDB ölkələri , Qafqaz və Şərqi Avropadakı ölkələr xüsusi əhəmiyyət kəsb edir. 
Xüsusən bu yeni xidmətlər və təşkilatlar  istər humanitar, istər ictimai , bunlar  Azərbaycanda mümkün qədər geniş şəbəkələşməyə çalışacaq. Azərbaycan buna nə qədər icazə verəcək, nə qədər verməyəcək, əlbəttə ki, Azərbaycan dövlətinin mövqeyindən asılı olacaq. Amma gördüyümüz kimi, bəzən Azərbaycan tərəfindən icazə verilir, amma həm Rusiya evi ilə bağlı, həm Sputniklə bağlı, həm də digər qurumlarla bağlı Azərbaycan qəti mövqeyini ortaya qoyub. Yəni, bu da göstərir ki, bəzən  Azərbaycan icazə verir, amma lazımi gəldikdə bu qurumları da zərərsizləşdirməyi bacarır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31