Avropa İttifaqının əsas hədəfi Azərbaycanla münasibətləri müsbət saxlamaq olacaq- ÖZƏL
13:19 Siyasət"Avropa İttifaqı bölgədə mövcudluğunu qorumaq üçün müxtəlif təzyiq alətləri formalaşdırmağa cəhd edəcək". "Olaylar" xəbər verir ki, bunu deyən Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlunun sözlərinə əsasən, bir müddət əvvəl Cənubi Qafqaz uğrunda geosiyasi rəqabət Fransa liderliyindəki Avropa İttifaqı ilə Tramp administrasiyasının arasında açıq şəkildə hiss olunurdu: "Paris çalışırdı ki, bölgədə Aİ-nin maraqlarını özündə ehtiva edən proseslər güclənsin və "sülh kəsişməsi" layihələsinin aktuallığı qorunsun. Bu addımlar həm iqtisadi, həm də geosiyasi maraqların bölgədə möhkəmləndirilməsi məqsədi daşıyırdı. Lakin proseslər Azərbaycanın prinsipial mövqeyi fonunda fərqli istiqamətdə inkişaf etdi. Bakının uzaq perspektivli strateji yanaşmasının nəticəsi olaraq Vaşinqton Bəyannaməsi imzalandı və Zəngəzur dəhlizinin açılması ilə bağlı real perspektiv formalaşdı. Bu mərhələdən sonra Avropa İttifaqı yeni situasiyanı qəbul edərək siyasətini reallığa uyğunlaşdırmaq məcburiyyətində qaldı. Artıq Brüssel Tramp administrasiyasının təqdim etdiyi Orta Dəhliz modelinin Avropa üçün iqtisadi üstünlüklər daşıdığını anlayaraq, öz maraqlarını bu xətt üzərindən təmin etməyə çalışır".

Əli Zülfüqaroğlu Azərbaycanın artıq bölgənin müəyyənedici aktoru olduğunu bildirib: "Görünən odur ki, Aİ reallığı qəbul etməklə yanaşı, bölgədə mövcudluğunu qorumaq üçün müxtəlif siyasi və iqtisadi təzyiq alətləri formalaşdırmağa cəhd edəcək. Lakin indiki geosiyasi mənzərə əvvəlki kimi deyil. Azərbaycan artıq bölgənin müəyyənedici aktorudur və onun iradəsi nəzərə alınmadan Cənubi Qafqazda heç bir prosesin reallaşması mümkün deyil. Bu baxımdan Avropa İttifaqının növbəti mərhələdə əsas hədəfi Azərbaycanla münasibətləri müsbət saxlamaq olacaq. Bakı ədalətli mövqeyi, dövlət maraqlarına və beynəlxalq hüquqa əsaslanan siyasəti sayəsində prosesləri öz şərtləri daxilində aparmağa davam edəcək və böyük ölçüdə buna nail olacaq. Vaşinqton Bəyannaməsi ilə Azərbaycan bölgədə yeni reallığı təsdiqləyib. Bundan sonra Ermənistanın bu prosesə qarşı pozucu addım atmaq imkanları faktiki olaraq yox dərəcəsindədir. Aİ-nin də bu reallıqla hesablaşmaqdan başqa alternativi qalmayıb, regiondakı iqtisadi və siyasi maraqlarının qorunması üçün Brüssel Bakının mövqeyi ilə uzlaşmağa məcburdur".