Ramiz Mehdiyevin Dövlət Şurası və “son siyahı”

Son aylar Azərbaycanda ən çox haqqında danışılan, ancaq layiq olduğu qiyməti almayan bir məktub var. Dünya hüquq elminə, dövlət hüquq nəzəriyyəsinə "böyük töhfə" sayılmalı olan, ancaq nədənsə, "haqqı danılan" bir məktub.

Söhbət Ramiz Mehdiyevin avtoritarizmə qarşı "mübarizə aparmaq" arzusunu dilə gətirdiyi və nədənsə avtoritarizmin dayağı olan Rusiyaya, onun paytaxtı Moskva şəhərində yerləşən müəyyən orqanlara ünvanladığı məktubdan gedir.
Azərbaycanda idarəçilik formasını dəyişməyi, prezidentli respublika üsul-idarəsindən imtina etməyi zəruri saydığını deyən "akademik", dünyada bənzəri olmayan idarəçilik forması təklif edir.
Ancaq nədənsə, təvazökarlıq edib təklifinin yenilik olduğunu dilə gətirmir, "kəşf etdiyi" modeli dünyada bir çox ölkələrdə mövcud olan və qətiyyən onun təsvir etdiyinə bənzəməyən parlamentli respublika üsul-idarəsi adlandırır.
Bu yerdə özünə "strateji" vəzifə yaratmağı da unutmayıb bu "parlamentli respublikaya" dünyada analoqu olmayan bir Dövlət Şurası "calaq" eləyir və mümkün olan bütün səlahiyyətləri ona verir.
Unudur, yaxud, bilmir ki, parlamentli respublikalarda əsas güc parlamentə və hökumətə məxsus olur.
Dövlət başçısı daha çox təmsilçilik funksiyasını yerinə yetirir və ciddi səlahiyyətlərə malik olmur.
Ancaq ən maraqlı məsələ Dövlət Şurasının tərkibi ilə bağlıdır.
Dövlət Şurası xalq tərəfindən 7 il müddətinə seçilməli, 50 nəfərdən ibarət olmalıdır-deyir və kimlərin seçilə biləcəyini xalqın öhdəsinə buraxmayıb, bir-bir sadalayır.
Avtoritarizmlə mübarizəni həyatının son hissəsinin əsas məqsədi sayan "böyük demokrat"bununla da kifayətlənməyib "demokratik qaydada" "seçiləcək" 50 nəfərin siyahısını da hazırlayıb göndərir Moskvaya.
Necə deyərlər, ən çox sevdiyi işi görmək istəyindən özünü saxlaya bilmir, hazırladığı "möhtəşəm" siyahılara yəqin ki, tarixə "sonuncu siyahı" kimi düşəcək birini də əlavə edir.
Birinci sıraya zərrə qədər tərəddüd etmədən özünün dediyi kimi "cib"yaxud, "avtobus" müxalifəti olmayan ruh doğmasını- "təmiz" müxalifətçi Əli Kərimlini yazır.
Bununla da adının həmin "şanlı siyahıya" salındığından xəbəri olan və bəlkə də olmayan 50 nəfəri "zibilə salır".
Cəmiyyətimizi narahat edən çoxsaylı sualların cavabını istintaqı aparan qurum və şəxslər yəqin ki, mümkün qədər qısa müddətdə verəcəklər.
Bu prosesdə şübhəsiz ki, ən çox sual Ramiz Mehdiyevə yönəldiləcək və "akademik" onlara cavab vermək məcburiyyətində qalacaq.
Bu məqamda insanları çox düşündürən bir sualı da biz ünvanlamaq istəyirik.
Avtoritarizmə qarşı mübarizə aparmaq, demokratiya naminə çalışmaq istədiyinizi deyirsiniz.
Olsun.
Quracağınız hakimiyyətin başında demokratik seçkilər nəticəsində 7 il müddətinə seçiləcək Dövlət Şurasının duracağını iddia edirsiniz.
Deyək ki, canımızı dişimizə tutub özümüzü inanan kimi göstərdik və bunu da qəbul etdik.
Bu fədakarlığımızın qarşılığı olaraq bizə bir məsələni izah edin- Dövlət Şurasına demokratik seçkilər keçirəcəyinizi demək nədir,əvvəlcədən "seçilənlərin" siyahısını hazırlamaq nə?
Türkiyədəki qardaşlarımız demişkən: Bu nə pəhriz, bu nə lahana (kələm) turşusu?
Sonda bizim bəzi siyasətçilərimizin müsahibələr zamanı üç cümlədən bir özlərinə heyranlıqla verdikləri sualı səsləndirib, müraciətimi yekunlaşdırmaq istəyirəm.
Fikrim çatdı?

Abutalıb Səmədov
"Alyans" SAM-ın sədri

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31