Azərbaycanın xarici siyasəti xalqımızın milli maraqlarının qorunmasına xidmət edir- ÖZƏL

"Azərbaycanın beynəlxalq münasibətlər sistemində yürütdüyü müdrik siyasət, regional və qlobal əhəmiyyətli layihələrdə dövlətimizin fəal iştirakı, Vətən müharibəsində şanlı ordumuzun reallaşdırdığı hərbi əməliyyatların dünyanın ən nüfuzlu məktəblərində öyrənilməsi dünya ictimaiyyətinin vurğuladığı faktorlardır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov deyib: "Prezident İlham Əliyev Slovakiyaya səfəri çərçivəsində mətbuata verdiyi bəyanatda bir sıra vacib məqamları vurğuladı. Azərbaycan xarici siyasət istiqamətlərini uzun illər öncədən müəyyən edib və bu düzgün müəyyənlik xalqımızın milli maraqlarının qorunmasına xidmət edir. Eyni zamanda, dövlətimizin Şərqlə Qərb arasında körpü rolunu oynaması yalnız ölkəmizə deyil, bütövlükdə region əhalisinin həyat səviyyəsinin yüksəlməsinə yönəlmiş böyük bir məqsədə xidmət edir.
Nəqliyyat, infrastruktur və bağlantı layihələri Avrasiya materikinin xalqlarını əhatə edir. Daha mühüm bir məqam odur ki, Slovakiya Prezidenti Azərbaycan iqtisadiyyatının Cənubi Qafqazın ən böyük iqtisadiyyatı olduğunu vurğuladı. Bu faktor hazırkı məqamda mövcud həqiqətlər fonunda bütün skeptik yanaşmalara verilən ən dəqiq cavabdır. Azərbaycan ənənəvi sektorlarla yanaşı, yeni istiqamətlər üzrə əməkdaşlıq formatlarını genişləndirir. Xüsusilə, informasiya texnologiyaları, data mərkəzlərinin yaradılması əsas hədəflərdən biridir ki, bu da müasir dünya reallıqlarına göstərilən proaktiv yanaşmadan xəbər verir.
Azərbaycanda böyük enerji potensialı mövcuddur və növbəti beş il ərzində istifadəsi 8 giqavata çatdırılması planlaşdırılan istifadə olunmamış enerji potensialı hazırda təxminən 2 giqavata bərabərdir. Bu sahədə süni intellekt və data mərkəzlərinin fəaliyyəti üçün enerji mənbəyinin əsas amil olması yeni texnoloji sahələrin inkişafını asanlaşdıracaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31