Strateji tərəfdaşlıq münasibətləri yeni mərhələyə qədəm qoyur

Dünya dövlətləri və beynəlxalq təşkilatlarla ikitərəli, bərabərhüquqlu munasibətlər qurmaq  Azərbaycan dövlətinin xarici siyasətində prioritet təşkil edir. Artıq  Azərbaycanın  Avropa İttifaqına daxil olan ölkələrlə əməkdaşlığı strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Xüsusən, Azərbaycan-Slovakiya münasibətləri son illərdə qarşılıqlı etimad, hörmət və konstruktiv əməkdaşlıq əsasında dinamik inkişaf edir. Prezident İlham Əliyevin Slovakiya Respublikasına rəsmi səfəri zamanı bu ölkənin uğurlu inkişafı barədə səsləndirdiyi müsbət fikirlər isə mövcud ikitərəfli münasibətlərin strateji mahiyyətini və qarşılıqlı maraqlara əsaslandığını bir daha nümayiş etdirir. Belə ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Slovakiyanın iqtisadi, siyasi və sosial sahələrdə əldə etdiyi davamlı inkişaf  Azərbaycan üçün də sevindiricidir. Çünki Cənubi Qafqaz və Mərkəzi Avropa regionları arasında əməkdaşlığın güclənməsi bütövlükdə  Avrasiyada sabitliyə və qarşılıqlı faydalı tərəfdaşlığa xidmət edir. Slovakiyanın Avropa İttifaqı daxilində artan rolu, islahatlara əsaslanan idarəçilik modeli və texnoloji inkişaf sahəsindəki nailiyyətləri Azərbaycanın bu ölkə ilə əlaqələrinin genişlənməsi üçün yeni imkanlar açır.

Dostluqdan strateji tərəfdaşlığa yüksələn əməkdaşlıq

Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır. Keçən il Slovakiya və Azərbaycan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Bu, əlaqələri ən yüksək səviyyəyə qaldıran bir sənəddir və o sənədin imzalanmasından sonra bütün istiqamətlər üzrə fəal əməkdaşlıq formalaşıb. Hazırda da birgə iqtisadi işçi qrup öz fəaliyyətini genişləndirməkdədir. Ənənəvi əməkdaşlıq sahəsi olan energetika üzrə konkret layihələr icra edilir. Keçən il ilk dəfə olaraq  Azərbaycan qazı Slovakiyaya təchiz edilib və Slovakiyanın ehtiyacları olan səviyyədə, istənilən həcmdə Azərbaycan enerji resurslarını təmin edir. Birmənalı şəkildə qeyd edilməlidir ki,  Slovakiya və Azərbaycan dostluğunun əsasında qarşılıqlı hörmət, etimad və uzunmüddətli əməkdaşlıq dayanır. Hər iki ölkə coğrafi baxımdan fərqli regionlarda yerləşsə də, onları birləşdirən ortaq dəyərlər, oxşar inkişaf prioritetləri və beynəlxalq hüquqa sadiqlik kimi mühüm amillər mövcuddur. Azərbaycanla Slovakiya arasında siyasi dialoq yüksək səviyyədədir və bu münasibətlər son illərdə daha da dinamik xarakter almışdır. İkitərəfli görüşlər, qarşılıqlı səfərlər və əməkdaşlıq haqqında imzalanmış sənədlər iki ölkənin strateji tərəfdaşlığını gücləndirən əsas elementlərdəndir.

Azərbaycanın Slovakiyanın enerji təhlükəsizliyində oynadığı rol

İqtisadi sahədə də Slovakiya-Azərbaycan münasibətləri ardıcıl şəkildə genişlənir. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika, ticarət və sənaye sahələrində həyata keçirilən birgə layihələr hər iki ölkənin maraqlarına xidmət edir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, Slovakiyanın isə inkişaf etmiş sənaye və texnologiya potensialı əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Mədəni və humanitar əlaqələr də bu tərəfdaşlığın mühüm hissəsidir. Tələbə mübadiləsi proqramları, mədəni tədbirlər və xalqlar arasında artan dostluq iki ölkə arasında səmimi münasibətləri daha da möhkəmləndirir. Bütün bunlar onu göstərir ki, Slovakiya və Azərbaycan arasındakı əlaqələr yalnız rəsmi diplomatik çərçivə ilə məhdudlaşmır, həm də xalqların qəlbində yer alan həqiqi dostluq xüsusiyyəti daşıyır. Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata birgə bəyanatlarında nəqliyyat-logistika sahəsinə dair fikirlər də xüsusi yer alıb. Prezident İlham Əliyev Azərbaycanın Avropa ilə Asiya arasında yerləşən mühüm tranzit ölkə olduğunu qeyd edərək, Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafı istiqamətində Slovakiya ilə əməkdaşlığın perspektivlərini yüksək qiymətləndirdi. Bu əməkdaşlıq təkcə yükdaşımalar sahəsində yeni imkanlar yaratmır, həm də qlobal ticarət şəbəkələrinin genişlənməsində iki ölkənin rolunu artırır.

Müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları genişdir

Slovakiya ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları da genişdir. Dövlət başçılarının mətbuata birgə bəyanatlarında bu fikri bir daha səsləndirdi: "Biz bu sahədə əməkdaşlığı sənayenin inkişafı nöqteyi-nəzərindən görürük. Biz müharibə aparmaq fikrində deyilik. Yəni, bizim üçün müharibələr artıq keçmişdə qalır və sadəcə olaraq, burada bir sinergiyanın yaradılması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Həm də ki, bu, texnoloji inkişafın da bir qolu olaraq bizə böyük faydalar verəcəkdir. Biz bu istiqamətdə konkret layihələr üzərində çalışırıq. Düz bir ay əvvəl - noyabrın 8-də biz azadlıq müharibəsində Qələbənin beşinci ildönümünü qeyd etmişdik və fəxri qonaqlar arasında Slovakiyanın Baş nazirinin müavini və müdafiə nazirini görmək xüsusi məmnunluq yaratmışdır. Buna görə biz Slovakiya dövlətinə və hökumətinə minnətdarıq. Bu kimi jestlər bir daha onu göstərir ki, biz, sözün əsl mənasında, dost ölkələrik. Müvafiq hökumət nümayəndələri bütün istiqamətlər üzrə təlimatları alıb ki, gələcək illərdə əməkdaşlığı daha da yüksək səviyyəyə qaldıraq". 

Azərbaycanın sülh, sabitlik və əməkdaşlıq tərəfdarıdır

Prezident İlham Əliyev çıxışında Azərbaycanın regionda sülh, sabitlik və əməkdaşlıq tərəfdarı olduğunu da xüsusi olaraq qeyd etdi. Ölkəmizin beynəlxalq hüquqa əsaslanan siyasət yürütməsi, qonşuluq münasibətlərinə konstruktiv yanaşması və qlobal təhlükəsizlik təşəbbüslərində fəal iştirak etməsi Slovakiya tərəfindən də yüksək dəyərləndirildi. Dövlət başçısı Slovakiyanın Azərbaycanın ərazi bütövlüyünə davamlı dəstəyini minnətdarlıqla qeyd etdi ki, bu da siyasi əməkdaşlığın etibarlı təməldə qurulduğunu göstərir.
Səfər çərçivəsində imzalanan əməkdaşlıq sənədləri və memorandumlar münasibətlərin yalnız bugünkü səviyyəsini təsbit etmək üçün deyil, həm də gələcək onilliklər üçün inkişaf xəttini müəyyənləşdirmək məqsədi daşıyır. Bu sənədlər Azərbaycanın Slovakiya ilə əməkdaşlığı daha sistemli, daha geniş və daha dərin perspektivdə davam etdirməyə hazır olduğunu nümayiş etdirir. Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri, ümumilikdə, iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir. Siyasi dialoqdan enerji və logistika layihələrinə, texnologiyadan müdafiə sənayesinə qədər çoxşaxəli əməkdaşlıq istiqamətləri göstərir ki, Azərbaycan-Slovakiya əlaqələri yeni dövrdə daha dinamik, qarşılıqlı faydalı və strateji xarakter daşıyacaq.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31