Zəngəzur dəhlizi və İranın geosiyasi manevrləri- ÖZƏL

Sabiq SEPAH generalı və İran parlamentinin keçmiş sədr müavini Mənsur Həqiqətpur Zəngəzur dəhlizi razılaşmasını region üçün strateji önəmli hesab edib və İran Prezidentinin bunu "kiçik" adlandırması ilə razılaşmayıb. O vurğulayıb ki, əgər razılaşmada İran üçün pay nəzərdə tutulmasa, Tehran təsirini qorumaq üçün alternativ planlar hazırlamalıdır.
Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlama  verib: 
" Biz İkinci Qarabağ müharibəsindən sonra formalaşan geosiyasi proseslərə nəzər salsaq, aydın görərik ki, İran  Azərbaycanla Ermənistan arasında razılaşdırılan regional nəqliyyat xətlərinə, xüsusilə  Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin olunmasına, yəni Zəngəzur dəhlizinin açılmasına açıq şəkildə qarşı mövqe nümayiş etdirib. Vaşinqtonda keçirilən görüşlərdən sonra Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşmalar İran daxilində də fikir ayrılıqlarına səbəb olub. Rəsmi səviyyədə bəzən yumşaq mövqelər səslənsə də, ümumi yanaşma ehtiyatlı və narahatedici olaraq qalır.
Əslində, İran bu dəhlizin açılmasına qarşı olsa da Azərbaycanın iradəsi və qəti mövqeyi nəticəsində Zəngəzur dəhlizinin reallaşması ehtimalı ölkəni yeni seçimlər qarşısında qoyur. Bu şəraitdə İran həm bu prosesdən kənarda qalmamaq, həm də müəyyən pay əldə etmək istəyir. Əgər bu imkandan məhrum olsa, mövqeyini daha da sərtləşdirə bilər. Bu səbəbdən İran əsasən Ermənistan və Rusiya ilə daha sıx əlaqələr quraraq  Zəngəzur dəhlizinə qarşı alternativ mövqe formalaşdırmağa çalışa bilər. Paralel olaraq isə öz ərazisindən keçən alternativ nəqliyyat marşrutlarını və Şimal-Cənub dəhlizini ön plana çıxararaq Zəngəzur dəhlizinə alternativ kimi təqdim etməyə cəhd göstərir. Bu isə Ermənistanın İranla hansı həddə razılaşacağı sualını da aktuallaşdırır. Digər ehtimal variant isə sərhədyanı ərazilərdə hərbi təlimlərin və ya müəyyən təxribat xarakterli addımların atılmasıdır. Lakin bu ssenari o qədər də real görünmür, çünki belə addımlar İranı təkcə Azərbaycanla deyil, həm də ABŞ, Ermənistan və digər regional güclərlə qarşı-qarşıya qoya bilər ki, bu da tranzit layihələrinə zərbə vurmaq kimi qiymətləndirilə bilər.
Bununla yanaşı, İran daxilində müsbət mövqe sərgiləyən dairələr də mövcuddur. Dövlət səviyyəsində isə əsas məqsəd regionda güc balansına təsir göstərmək və bu balansı öz xeyrinə yönəltməkdir. Bu istiqamətdə İran həm diplomatik, həm də iqtisadi alətlərdən istifadə edir.
İranın əsas narahatlığı isə proseslərdən kənarda qalmaq qorxusudur. Çünki  Zəngəzur dəhlizi açılacağı təqdirdə İran ərazisindən keçən tranzit yollarına maraq azala, Azərbaycan və Türkiyə isə bölgədə nəqliyyat baxımından daha da önə çıxa bilər. Bu isə İranın regional təsir imkanlarının zəifləməsi deməkdir. Eyni zamanda, İran öz sərhədlərinə yaxın, lakin iştirakı olmadan formalaşan strateji nəqliyyat dəhlizindən də müəyyən pay əldə etməyə çalışır və bu istiqamətdə mövqeyini möhkəmləndirməyə səy göstərir.
Ümumilikdə isə məsələ bundan ibarətdir ki, İran regionda dəyişən geosiyasi reallıqlarda öz rolunu qorumaq və mümkün qədər proseslərdə iştirakçı olmaq istəyir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31