Ermənistanın cəhdləri əbəsdir
10:00 Siyasət"Tramp marşrutu"nun açılacağına heç bir şübhə ola bilməz
Zəngəzur dəhlizinin işə düşməsinin dəqiq tarixi açıqlanıb. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu "CNN Türk"də çıxışı zamanı deyib ki, Zəngəzur dəhlizində işlər 2030-cu ilə qədər başa çatacaq: "Türkiyə Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) ən vacib hissəsidir. Hazırda istədiyimiz qədər yük daşıya bilmirik. Biz bunu hər gün gücləndiririk. Bakı, Tbilisi və Xəzər dənizi marşrutları ilə nail olmuşuq, lakin Zəngəzur dəhlizi tutumun artırılmasına əhəmiyyətli töhfə verəcək". Uraloğlu qeyd edib ki, Zəngəzur dəhlizi türk dövlətlərinə və Uzaq Şərqə çıxış üçün ən qısa yol olacaq: "Azərbaycan tərəfi Naxçıvan tərəfindəki dəmir yolunu təmir edir və onu Ermənistan sərhədinə qədər çatdıracaq. Horadizdən Bakıya qədər olan hissə isə artıq tamamlanmaq üzrədir. Beləliklə, həm avtomobil, həm dəmir yolu ilə yüklərin daşınmasına xidmət edəcək".
Xatırladaq ki, Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasında çıxışı zamanı qeyd edib ki, Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir: "Əminəm ki, Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcək. İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək".
Məlumat üçün qeyd edək ki, Azərbaycan-Ermənistan sərhədinədək uzanan avtomobil yolunun "Zəngəzur dəhlizi" kimi adlandırılan ölkələrarası yeni nəqliyyat bağlantısının şərq hissəsini təşkil etməsi, siyasi məsələlər həll edildikdən sonra Ermənistan ərazisindən keçəcək hissəsi ilə birləşdirilməsi planlaşdırılıb. Dəhlizin 30 ilə yaxın işğal altında olan və talançılığa məruz qalan Azərbaycanın cənub-qərb rayonları, Ermənistanın ən zəif inkişaf etmiş Sünik bölgəsi və onilliklərdir terrorizm səbəbilə zəif inkişaf etmiş Türkiyənin şərq vilayətlərini biri-birinə bağlaması planlaşdırılır ki, bu da hər üç bölgədəki yerli iqtisadi yüksəlişə ciddi töhfə verəcək. Yeni dəhlizin regional müstəvidəki önəmi isə bir sıra fərqli istiqamət üzrə alternativlik təşkil etməsidir. Belə ki, Türkiyə və Mərkəzi Asiya arasında yeni marşrutun ortaya çıxması ilə Türkiyə bu istiqamət üzrə regional rəqibi olan İrandan asılılığın azaldılması və Mərkəzi Asiya ilə bağlantısının daha məqbul ölkələrdən keçməsində maraqlıdır. Digər tərəfdən, yeni dəhliz türk dünyası ölkələrinin Türkiyəyə diqqətinin artmasına gətirib çıxarır. Zəngəzur dəhlizinin gerçəkləşməsi regional siyasi konfiqurasiya çərçivəsində böyük önəm kəsb edən Azərbaycanın əsas ərazisi və Naxçıvan Muxtar Respublikası ilə alternativ keçid yaradacaq ki, bu da İranın Azərbaycan üzərindəki ən vacib rıçaqlarından olan "Naxçıvan tranziti" məsələsinin təsirini azaldacaq. Zəngəzur dəhlizinin interkontinental, yəni qitələrarası əhəmiyyəti isə Çinin son illərdə artan iqtisadi nəqliyyat şəbəkəsinə yeni bir alternativlik təşkil etməsidir. Bu alternativlik Çindən gələn malların Türkiyənin şərq vilayətlərinə, oradan da Aralıq dənizi və ya İstanbul boğazları vasitəsilə Avropaya daşınmasını təklif edir. Əslində, bu yenilik həm Türkiyənin, həm də Çinin nəqliyyat yollarının diversifikasiya edilməsi strategiyalarına da uyğundur. Beləliklə də, yaxın gələcəkdə Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya edilməsi fonunda Zəngəzur dəhlizi Avropa və Asiya qitələri arasında önəmli ticarət marşrutu kimi çıxış etmək potensialı daşıyır.
Ermənistanın öhdəliyi və bəhanələri
Çox təəssüf ki, Ermənistan indiyədək Zəngəzur dəhlizinin reallaşması istiqamətində heç bir ciddi addım atmayıb. Əksinə, dövlət rəsmilərinin verdikləri təzadlı açıqlamaları ilə dəhlizin açılması istiqamətində aparılan siyasi dialoqlara zərbə vurublar. Əslində bu cür açıqlamaların səbəbi bəllidir- məğlub ölkə, sadəcə olaraq, dəhlizin açılması istiqamətində üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırır. Yeri gəlmişkən qeyd edək ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi atəşkəs razılaşması ilə başa çatdı. Həmin müqavilənin 9-cu maddəsində Naxçıvan MR ilə Azərbaycanın əsas hissəsi arasında nəqliyyat marşrutlarının açılması nəzərdə tutulurdu. Azərbaycan bu maddəni əsas götürərək iki ölkə arasında Zəngəzur dəhlizi ilə bağlı razılığın olduğunu bildirsə də, Ermənistan nəqliyyat marşrutlarının açılmasını dəstəklədiyini bildirib və bu layihənin dəhliz layihəsi olmadığını qeyd edib. Atəşkəs razılaşmasından 2025-ci ilin ortalarınadək Zəngəzur dəhlizi haqqında hər iki ölkə arasında müzakirələr və açıqlamalar olsa da, konkret nəticə əldə edilmədi.
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın 2025-ci ilin iyulun 10-da Əbu-Dabidə (BƏƏ) keçirilən görüşündə Zəngəzur dəhlizinin açılması barədə razılığa gəlindi və qərara əsasən Ermənistan dəhlizin beynəlxalq şirkətin nəzarəti altında fəaliyyət göstərə biləcəyi ilə razılaşdı. ABŞ-nin təşəbbüsü ilə iki ölkə arasında danışıqlar sürətləndi. 2025-ci il avqust ayında tərəflər dəhlizlə bağlı razılığa gəldilər. Dəhlizin idarə edilməsinin uzun müddətə ABŞ-yə veriləcəyi və dəhlizin tikintisi və idarə olunmasında ABŞ-nin subpodratçı kimi çıxış edəcəyi qərara alındı. 8 avqust 2025-ci ildə Ağ evdə ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 3 tərəfli sülh memorandumu imzalandı. Həmin mərasimdə Donald Tramp Zəngəzur dəhlizindən də danışaraq, ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını və bu müqavilənin daha 99 il uzadılacağını bildirdi. Həmin andan Naxçıvanla Azərbaycanın qalan ərazisini Ermənistan üzərindən birləşdirəcək bu 42 kilometrlik yol (Zəngəzur dəhlizi) Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu adlanır. ABŞ-də bu dəhlizə şərti olaraq "Tramp marşrutu" adı verilsə də, məsələnin mahiyyəti dəyişməyib.
Kimlər "Tramp marşrutu"nun reallaşmasına maneə olur?
Narahatedici məqam isə təkcə Ermənistanın öhdəliyə əməl etməməsi deyil, həm də 2020-ci il Bəyanatının imzalanmasında vasitəçi olan Rusiya Federasiyasının indiyədək bu ölkədən hesab sormamasıdır. Düzdür, hazırda Azərbaycan bu dəhliz üzərindəki hava xəttindən, demək olar ki, istifadə edir. Amma əsas məsələ quru yolla - dəmir yolu xəttinin və avtomobil yolunun istifadəyə verilməsidir. Bu prosesin gecikməsində məsuliyyət məğlub ölkənin və razılaşmanın icra olunmasına cavabdehlik daşıyan Rusiyanın üzərinə düşür. Məsələ burasındadır ki, bu layihənin reallaşmasını istəməyən təkcə Ermənistan deyil. Bu prosesdə qonşu İran da hər zamankı kimi düşmən dəyirmanına sü tökməklə məşğuldur. Lakin bütün cəhdlərə baxmayaraq "Tramp marşrutu"nun açılacağına heç bir şübhə ola bilməz. Çünki Vaşinqton danışıqlarının nəticələri Cənubi Qafqazda güc balansını dəyişdirir və regionda uzunmüddətli sülh və sabitliyə dair yeni siyasi-iqtisadi gündəm yarada biləcək yeni vektor açır. Ermənistan üçün isə bu dəhlizin açılması xarici siyasətin diversifikasiyası və təhlükəsizlik yanaşmalarına yenidən baxış imkanı verir. Layihə İrəvandan müttəfiqlərinə yeni münasibət formalaşdırmağı tələb edir və regionda sabitliyin daha geniş əməkdaşlıq fonunda gücləndirilməsinə xidmət edir. Beləliklə, "Tramp marşurutu" dəhlizi bütün iştirakçılar üçün yeni imkanların simvoluna və Cənubi Qafqazda yeni geosiyasi mənzərənin formalaşmasında əsas elementə çevrilir.
Alim