KTMT gərginliyi: Paşinyan niyə Rusiya blokundan qaçır, amma çıxmır? – ÖZƏL
12:53 SiyasətErmənistan yenidən KTMT sammitinə qatılmaqdan imtina edib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki,amma Ermənistan nümayəndələrinin qəbul olunacaq sənədlərə etirazları yoxdur. Son vaxtlar İrəvan KTMT-nin tədbirlərindən ardıcıl şəkildə kənarda qalır. Qurumun baş katibi isə bildirib ki, KTMT nizamnaməsində "fəaliyyəti dondurmaq" anlayışı yoxdur: ölkə ya iştirak etməli, ya da təşkilatdan çıxmalıdır. Ermənistan administrasiyası de-fakto fəaliyyəti dayandırsa da, de-yure çıxış qərarını vermir və KTMT-ni 44 günlük müharibədə ona dəstək olmamaqda ittiham edir.
Ermənistanın KTMT-dən ardıcıl uzaqlaşmasının əsas motivləri nədir? Bunun Qərblə yaxınlaşma və Kremldən uzaqlaşma ilə əlaqəsi varmı?
"Ermənistanın KTMT ilə münasibətləri 44 günlük müharibədən sonra daha da korlanmağa başladı. Çünki bundan əvvəl keçirilən iclasların və verilən bəyanatların heç birində KTMT üzvləri Ermənistanı açıq şəkildə dəstəkləmirdi. Baxmayaraq ki, Rusiya uzun illər Ermənistanın arxasında dayanıb və Qarabağ məsələsində onun əsas dayağı olub, son illər Paşinyanın hakimiyyətə gəlişindən sonra münasibətlərdə soyuqluq yaranıb. Paşinyanın Qərbə və Avropa Birliyinə yaxınlaşması bu soyuqluğu daha da dərinləşdirib".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, 44 günlük müharibə zamanı Ermənistan KTMT-dən nə hərbi, nə maddi, nə də siyasi dəstək ala bilmədiyini iddia edir. Bu səbəbdən də KTMT ilə münasibətlər de-fakto soyuqlaşıb və Ermənistan artıq təşkilatın tədbirlərində iştirak etmir. Lakin bu addım Ermənistan üçün hər hansı ciddi fayda vermir. Ermənistan çox yaxşı anlayır ki, Rusiya onun ən yaxın qonşusudur və Qərbin bölgəyə Ukrayna nümunəsindəki kimi daxil olaraq Ermənistanı tam şəkildə müdafiə etməsi real deyil. Regionda əsas güc mərkəzi Rusiyadır və Rusiya ilə münasibətlərin tam gərginləşməsi Ermənistan üçün ciddi təhlükələr yarada bilər.
"Rusiya bu gün də Ermənistana həm hərbi, həm enerji, həm də iqtisadi baxımdan əsas dəstək verən dövlətdir. Ermənistanın hava məkanının qorunması, qaz və neftin ötürülməsi, iqtisadi əlaqələr, həmçinin Rusiyada çalışan yüz minlərlə erməni miqrantı bu münasibətlərin əsas sütunlarıdır. Ermənistan yaxşı bilir ki, Rusiya ilə münasibətlərin pozulması bütün bu sahələrdə ciddi problemlərə gətirib çıxara bilər. Bu riskləri Azərbaycan və Gürcüstan nümunələrində də görüb. Bu səbəbdən Ermənistan KTMT tədbirlərində iştirak etməsə də, qəbul olunan sənədlərə etiraz etmir və de-fakto təşkilatda qalmaq xəttini davam etdirir. Bu, Ermənistanın Rusiyadan qopmaq istəməsinə baxmayaraq, bunu praktiki olaraq həyata keçirməyin hələ mümkün olmamasını göstərir. Paşinyan qarşıdurmanın dərinləşməsinin Ermənistanın özünə ciddi zərər vuracağını bildiyindən, "küskün, amma tam ayrılmayan" xətti seçib," - deyə siyasi ekspert əlavə edib.
Ekspert qeyd edib ki, bu siyasətin səbəbi ondan ibarətdir ki, Ermənistan nə Rusiyadan tam uzaqlaşa, nə də Qərbə tam yönələ bilir. Paşinyan anlayır ki, birdən-birə yalnız Qərbə arxalanmaq Ermənistan üçün risklidir. Bu halda Rusiya siyasi, iqtisadi, hərbi və miqrasiya sahələrində Ermənistan üçün yeni problemlər yarada bilər. Buna görə də Ermənistan hazırda hər iki tərəf arasında balans yaratmağa çalışır: nə Rusiyaya tam qarşı çıxır, nə də Qərbin iradəsindən kənarda qalır. Hazırkı siyasətin mahiyyəti də məhz bu balansı qorumağa yönəlib.
Lamiyə Cəbrayılova