Zəngəzur dəhlizi təkcə kommersiya marşrutu deyil, həm də çox güclü geosiyasi alətdir- ÖZƏL
11:22 Siyasət"Zəngəzur dəhlizi regional güc dinamikasını yenidən formalaşdırır, eyni zamanda, Cənubi Qafqaz geosiyasətində dramatik dəyişikliyi qeyd edir. Mövcud reallıqda dövlətlər resurs tədarükünü möhkəmləndirməlidir. Dəhliz həm də təhlükəsizliyin bu yumşaq elementi baxımından əhəmiyyət kəsb edir. Habelə, bütün tərəflər üçün tranzit müddətini azaldırsa, ilk növbədə məhz Ermənistanın xarici kapitaldan asılılığını azaldır. Ermənistan əslində məhz indi hüquqi çərçivəsinə daxil edilmiş addımlar atır." Bu fikirləri Olaylar.az-a açıqlamasında Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm HƏSƏNOVA deyib:" İllərlə biz Rusiyanın Ermənistana qarşı münasibətində nə gördük? Siyasətində, iqtisadiyyatında Rusiya tərəfindən nəzarət altına alınmaq, İranın tranzit nəzarətinə tabe olmaq, Qərbin Cənubi Qafqaza müdaxiləsi baxımından variant kimi görünmək. Xüsusilə
də fərqli dövrlərdə Gürcüstanda niyyət edilən hədəflərə çatılmadığı zaman. İndi Ermənistan anlayır ki, qeyd edilən resurs tədarükünü möhkəmləndirməlidir ki, xarici təhlükələrə qarşı həssaslıq olmasın. Çünki asılılıq ölkəni xarici təlatümlərə qarşı həssas edir. Bir marşrutdan, bir istiqamət və aktordan böyük nisbətlə asılılıq gecikmələrə səbəb olur, əlavə xərclər riskini artırır, iqtisadi baxımdan bazardakı dəyişikliklərə çevik reaksiya vermək imkanları məhdudlaşırsa, siyasətdə də manevr imkanlarını darlaşdırır. Odur ki, Zəngəzur dəhlizi İrəvanı uzun müddət Rusiya və İranın təsiri altında olan Şimal-Cənub marşrutlarından daha çox, ABŞ və onun müttəfiqlərinin dominantlıq etdiyi Şərq-Qərb ticarət oxuna yaxınlaşdıracaq." Şəbnəm Həsənova bildirib ki, Zəngəzur dəhlizi Cənubi Qafqaz geosiyasətində mühüm bir dəyişikliyi qeyd etməklə regional ticarət yollarının strateji yenidən qurulmasını təmsil edir. Dəhliz Azərbaycanla Türkiyəyə birbaşa quru əlaqəsi təklif edir: " Digər yandan Şərq-Qərb ticarət axınlarını yenidən formalaşdırır. Bu, sadəcə kommersiya marşrutu deyil, həm də çox güclü geosiyasi alətdir ki, Cənubi Qafqazın sözün hər mənasında mübadilə xəritəsini dəyişdirir. Zəngəzur dəhlizi Azərbaycan malları üçün mühüm tranzit ölkəsi olaraq onun uzunmüddətli rolunu əhəmiyyətli dərəcədə gücləndirir, gəlir axınını çoxaldır, regional və qlobal diplomatiyada uzun müddət istifadə üçün lazım olacaq sövdələşmə imkanlarını gücləndirir.
Vahid nəqliyyat siyasəti hazırlаnmalıdır, eyni profilli təsisatların işinin konsolidasiyası, koordinasiyası həyata keçirilməlidir. Bu istiqamətdə təcrübə mübadiləsi artıq gedir. Gələcəkdə Zəngəzur dəhlizi vasitəsilə strateji əhəmiyyətli yüklərin daşınması məqsədilə istifadə planları da mövcuddur. Orta Dəhlizdə Azərbaycanın potensialı, rolu hamıya məlumdur. Azərbaycan əsas rol sahibidir. Həm Avropaya, həm Cənubi və Şimali Amerikaya, həm də Orta Asiya ölkələrinə və əks istiqamətdə tranzit dəhlizi təmin edirik. Zəngəzur dəhlizi həm də Azərbaycanın tranzit potensialını artırmağı vəd edir. Mərkəzi Asiya ilə münasibətlər həm də bu baxımdan Azərbaycan xarici siyasətinin nüvəsinə gətirilib ki, hədəfdə dayanan amil sadəcə qarşılıqlı şəkildə ayrı-ayrı ölkələr olaraq iki ölkənin deyil, bütövlükdə iki regionun əlaqələri dərinləşsin. Nəticədə, Zəngəzur dəhlizi vasitəsilə inkişaf edən əlaqələrdən sonra bu, böyük insan kapitalı, insan resursu yaradacaq. Yaranacaq yeni dünya dinamikasında bu, tək cinahda olmaq anlamına gəlir. Zəngəzur Dəhlizi Özbəkistanın, Qazaxıstanın Qırğızıstanın, Tacikistanın, Əfqanıstanın yük axınını genişləndirəcək ki, bu da sözügedən ölkələrin yerləşdiyi son dərəcə həssas regionu daha proqnozlaşdırıla bilən edəcək. Zəngəzur dəhlizi çatdırılma müddətini qısaltmağı, xərcləri azaltmağı, tranzitlə bağlı riskləri minimuma endirməyi vəd edir.
Bu, sadəcə sadə bir nəqliyyat arteriyası deyil, Mərkəzi Asiyadan Avropaya qədər prinsipial qaydada yeni geosiyasi və iqtisadi mənzərə yaradır.
"Macarıstanın "Şərqə Açılış" strategiyasını, onun Türkdilli Dövlətlər Təşkilatında artan rolunu, TDT çərçivəsində ticarət dövriyyəsinin 5,5 dəfədən çox artmasını başqa amillər və statistik göstərici kimi nəzərdə saxlamaq lazımdır. Macarıstan Böyük Britaniya və Türkiyədən sonra Azərbaycana üçüncü ən böyük investor olub. Macarıstan Avropaya açılan qapımızdır, etimadı qoruyub-saxlayan, münasibətləri proznozlaşdırıla bilən xətdə tutmaq baxımından önəmli aktordur.
Dəhliz həm də tranzit xərclərini azaltmaq üçün əlavə imkanlar yaradacaq və Orta Dəhliz vasitəsilə beynəlxalq daşımaların inkişafına əhəmiyyətli təkan verəcək. Şimal-Cənub oxundan ənənəvi asılılığın potensial bir dönüş nöqtəsi, ABŞ-ın iştirakı onun geosiyasi təsirini artırır, onu həm İran, həm də Rusiyanın regional ambisiyalarına qarşı çıxarkən sabitləşdirici qüvvə kimi mövqeləndirir. Nəticədə, təkcə yeni iqtisadi imkanlar açmır, həm də Cənubi Qafqazda güc balanslarını yenidən tənzimləyir, ənənəvi regional hegemonların təsirinin azaldılması ilə daha çoxqütblü dinamikaya yol açır.
Vaşinqton üçün TRIPP həm diplomatik vasitəçilik nümayişi, həm də maddi strateji qazancdır. O, həm Moskvanın, həm də Tehranın manevr məkanını məhdudlaşdırarkən ABŞ-ın Cənubi Qafqazdakı iqtisadi və siyasi varlığını genişləndirir. Yaxın Şərq və Şimali Afrika kontekstində ABŞ-ın Körfəz ölkələrinə, İsrail və ərəb tərəfdaşları ilə münasibətlərində nəzərə alına bilən başqa bir təsir oxu - Mərkəzi Asiyanı, Cənubi Qafqazı və Şərqi Aralıq dənizini birləşdirən yol təklif edir. Qarşıdakı yol TRIPP-in sabitləşdirici qüvvəyə, yoxsa yeni bir qaynar nöqtəyə çevrilib-çevrilmədiyini də sınayacaq. Bu baxımdan təmkinli yanaşma vacibdir. ABŞ investisiyalarının ilkin əlamətlərini həm də sülh prosesi ilə paralel görəcəyik. Əgər TRIPP nəzərdə tutulduğu kimi fəaliyyət göstərərsə, Avrasiya boyunca ticarət və tranzit xəritələrini yenidən çəkə bilər və nəticələri Cənubi Qafqazdan çox kənarda - Xəzər sahillərindən körfəzə qədər hiss oluna bilər.
Təhlükəsizliyin paradiqması dəyişir. Alışdığımız ənənəvi təhlükəsizlik aspekti dəyişərək bu özünü sadəcə enerji deyil, həm də gündəlik ərzaq məhsulları təhlükəsizliyində büruzə verir. Bu baxımdan Dəhliz həm də təhlükəsizliyin bu yeni diktələri üçün vacib, Azərbaycan vasitəsilə daşınma üçün isə prioritetdir."
İbrahim Məmmədli