Siyasi partiya fəlsəfəsi və siyasi sistemin tarazlaşdırılması məsələləri

Məlumdur ki, cəmiyyət birgəyaşayış formasıdır. Bu baxımdan da fərdi maraqları birləşdirən bir kompleksiyadır. Komponentlər cəmidir. Partiyalar vətəndaş və insan birlikləri olaraq sosial-siyasi məzmunlu qurumlardır. Partiyalar özlərində dövlətin və cəmiyyətin qarışıq, bu baxımdan da sintez olunmuş, harmoniyalaşmış ruhunu birləşdirirlər. Partiyalar bu baxımdan yüksək əxalqi dəyərləri, vəzifə və məsuliyyəti özündə daşıyan subyektlərdir.    Hər bir konsepsiya ilə  yanaşı,  siyasi partiya məfhumunun  da öz fəlsəfəsi mövcuddur. Ona görə ki, bu qurumda rənglər və çalarlar müxtəlifdir, tərkib rəngarəngdir.  Siyasi partiyaların da struktur forması piramidaldır, mərkəzdən aşağılara, aşağılardan da yuxarıya doğru şaxələnir. Partiyanın funksiyaları genişdir və mənzərə baxımından, platforma və müstəvi üzrə    şaquli və üfiqi mənalar kəsb edir. Partiyanın geniş siyasi və ictimai  məzmunu onun tərkibində çoxlu sayda insanlarn cəmləşməsidir. Digər tərəfdən də dövlətin idarəçiliyində aktiv və sahəli iştirakıdır.  Maraqların eyni və müxtəlif xətlərdə cəmləşməsi onu deməyə əsas verir ki, partiya bir fəlsəfi məzmundur, mahiyyəti dərindir. Digər tərəfdən də belə qəbul etmək olar ki, partiyalar başlıca olaraq pozitiv məqsədlərlə formalaşdırılır və fəaliyyətinin başlıca qayəsi, məzmunu məhz dövlətə və dövlətçiliyə xidmətdən ibarətdir.  Partiyalar siyasi sistemin gücünü artıran subyektlər, güc mərkəzləri rolunu oynayır. Siyasi sistemin  daxili boşluğunu doldurmağa xidmətlər edir. Dövlətin və cəmiyyətin siyasi çalarlarını artırır. Partiya dövlətin idarəçiliyi üçün konsepsiyalar hazırlamaqla dövlətin idarəçiliyində birbaşa və dolayısı ilə iştirak edir.  Partiya  hakimiyyətlə qeyri-hakimiyyət nümayəndələrini özündə cəmləşdirməklə ictimai və siyasi məzmun kəsb edən orqandır, qurumdur. Partiya ictimai ideyaları özündə ehtiva edir, təklif və təşəbbüsləri təhlil edərək, nəticələr çıxarır. Öz fəaliyyətində tətbiq edir. Partiyalar həmçinin cəmiyyətdə müşahidə və nəzarət funksiyasını yerinə yetirən qurumlar kimi önəm kəsb edir. Partiyalar  siyasi sistemlə, dövlət hakimiyyəti ilə xalq və cəmiyyət arasında bağlantı yaratmaqla siyasi sistemin tarazlaşdırılması funksiyasını yerinə yetirirlər.  Bu baxımdan da partiyanın başlıca məqsədi insanlara, cəmiyyətə və bəşəriyyətə xidmət etməkdən ibarətdir. Partiya məfhumunun  fəlsəfəsi dövlətə  və xalqa xidmətdən meydana gəlir. Bu qurumda dövlətə və xalqa xidmət edən şəxslərin cəmləşməsi məhz ictimai mənafenin təmin olunması marağından irəli gəlir. Partiyanın məqsədi cəmiyyətin sağlamlaşdırılması və dövlət hakimiyyətinin sağlam əsaslarla xidmət göstərməsini təmin etməkdən ibarətdir. Siyasi partiyalar dövlət hakimiyyətinin idarəçilik fəaliyyəti üzərində ictimai nəzarət funksiyasını yerinə yetirirlər.   Siyasi partiyalar cəmiyyətin istəyini dövlət hakimiyyətinə, dövlət hakimiyyətinin də tələblərini cəmiyyətə çatdıran strukturlardan ibarətdir. Partiyalar qruplaşdırıcı strukturlar olaraq dövlət və xalq marağını özlərində gəzdirən şəxslərin ictimai birliyini  ehtiva edir. Partiyanın fəlsəfi mahiyyəti onun aktlarının müxtəlifliyində özünü büruzə verir. Belə ki, siyasi partiyalar bir tərəfdən  dövlətin daxili və xarici siyasətinin formalaşmasında iştirak edir, digər tərəfdən də siyasətin tərkibi olaraq qanunvericilik sisteminin yaranmasında aktiv rol oynayırlar. Partiyanın ictimai məzmunu onu deməyə əsas verir ki, xalqın istəyini vaxtında və olduğu şəkildə dövlət qurumlarına çatdırsın. Dövlət hakimiyyətindən hesabat tələb etsin.  Kollektiv mübarizə forması potensialın bir arada cəmləşməsini şərtləndirir. Bu yöndə də partiya böyük fəlsəfi mənalar kəsb edir. Partiyalar öz fəaliyyətlərini ictimai və siyasi məzmunda təşkil etdiklərindən dövlət idarəçiliyi üçün kadr hazırlama funksiyasını da yerinə yetirirlər.

Partiyanın fəlsəfi mahiyyəti onun nizamnaməsində özünü göstərir. Eləcə də qanunvericiliklə ona verilən səlahiyyətlərdə, hüquq və vəzifələrdə müəyyən edilir. Hüquq normaları sistemi partiyanın fəaliyyətinin əsas konturlarını, vəzifə və məqsədlərini özündə ehtiva edir.                                                                                                                            

Dövlət həm də partiya vasitəsilə, partiya kadrları ilə idarə olunur. Partiya dövlət idarəçiliyinin təşkilinin  avanqardı hesab olunur. Ona görə ki, partiyalar ideyların hazırlanmasında, strukturlaşmasında və mexanizmləşməsinə aparıcı rola malik olurlar. Partiyalar qanunverici orqanda aktiv iştirak etməklə layihələrin hazırlanmasında əsas rola malik olurlarlar. Sahəvi və ümumi qanunların qəbulunda öz doktrinası ilə iştirak edir. Partiya həmçinin qanunvericiliyin cəmiyyətdə və siyasi sistemdə müzakirəsini həyata keçirir. Eləcə də qanunvericiliyin tərkibi olan strateji-konseptual sənədlərin qəbulunu təmin edirlər. Partiyalar seçkilər yolu ilə dövlət idarəçiliyini və siyasi sistemi formalaşdırırlar. Seçkilərdə iştirak yolu ilə demokratiyanın formalaşmasında yaxından iştirak edirlər. Partiyanın təmsil etmək funksiyası var. Həm hakimiyyəti, həm də cəmiyyəti təmsil edən ictimaiyyət adamlarını özlərində cəmləşdirirlər. Partiya ictimaiyyət adından aktlar həyata keçirir. Qərarlar qəbul edir, bəyanatlar yayırlar. Partiyalar eyni məslək və əqidə uğrunda çalışan şəxsləri bir arada birləşdirən əsas qurumlardan biri rolunu oynayır.

Partiyalar demokratiyanın,  yəni xalq hakimiyyətinin başlıca təminedici elementləri kimi də önəm kəsb edirlər. Belə demək mümkünsə, xalq hakimiyyəti paralel şəkildə partiyalar tərəfindən də təmin olunur. Partiyalar insanların müraciətlərini, ərizə və şikayətlərini dövlət qurumlarına çatdırırlar. Bununla da hakimiyyətin strukturları ilə xalq arasında bağlantı yaradırlar. Partiyalar xalqın hakimiyyət tərəfindən təqib olunmasının qarşısını da alırlar. Çoxpartiyalılıq bu yöndə cəmiyyətin plürallaşmasında və liberallaşmasında aktiv rola malik olurlar. Bu yöndə hakimiyyətin siyasətinin nöqsanlarına qarşı çıxış edirlər, hakimiyyətin xalq üzərində təzyiqinin qarşısını alan güc mərkəzləri rolunu oynayırlar. Partiyalar insanların əsas hüquq və azadlıqlarının təmin olunması üçün mərkəzlər, siyasi qurumlar rolunu oynayırlar. İnsanların hüquq və azadlıqlarının qanunvericilik sistemində əks olunması məqsədilə siyasi mübarizələr aparırlar.   

Qeyd olunduğu kimi, dövlətin siyasi sisteminin aktiv və aparıcı ictimai və siyasi qüvvələrindən biri də siyasi partiyalardır. Dövlət idarəçiliyini həyata keçirən qurumlar şaxəli strukturlar olduğundan bu qurumlarda təmsilçilik də şaxəlidir, kollektiv formalıdır.  Dövlətin  və cəmiyyətin idarə olunmasında iştirak edən siyasi partiyalar da dövlət idarəçiliyinin mahiyyətindən  və formasından irəli gələrək strukturludur, sistemlidir, mexanizmlərə malikdir. Partiyalarda dövlət idarəçiliyi üçün ehtiyat kadrlar cəmləşir. Eləcə də dövlətin partiya tərəfindən (iqtidar, müxalifət, bitərəf və koalision formada) idarəçiliyi mövcud olur. Bu yöndə siyasi partiyalar həm də dövlət idarəçiliyi üçün kadrların hazırlanmasını həyata keçirən qurumlar, strukturlar, subyektlər rolunu oynayır. Dövlətin mövcud və gələcək siyasətinin axarları partiyalar tərəfindən də müəyyən olunur.  Partiyalarda dövlətlə və cəmiyyətlə bağlı ideyalar formalaşır. Dövlət idarəçiliyinə ötürülür. Təkliflər paketi, proqramlar, doktrinalar, strateji konsepsiyalar hazırlanır. Partiyalar dövlət idarəçiliyində seçkilər yolu ilə iştirak edir. Özünün konsepsiyalarını dövlət idarəçiliyinə tətbiq edirlər. 

Cəmiyyətdə siyasi idarəçiliyi özündə cəmləşdirən, istəklərdə olan fərdlər, qruplar mövcuddur. Cəmiyyətdə müəyyən  iddialı şəxslər dövlət idarəçiliyinə can atırlar. Bu baxımdan da siyasətə qoşulur, siyasi aktlar həyata keçirməyə çalışırlar. Fərdlər, şəxslər öz maraqlarını eyni və oxşar amallar üzərində cəmləşdirməyə çalışırlar.  Ayrı-ayrı şəxsslər eyni və oxşar məqsədlərə çatmaq üçün birləşirlər. İdeyalarla həmrəylik yaradırlar. Partiyalar özlüyündə ideyaların cəmləşdiyi qruplardır, fiziki qurumlardır, komplekslərdir. Siyasi partiyalar öz fəaliyyətlərinə  təbii ki, iqtidar, müxalifət və neytral siyasət yeridən hissələrə, tiplərə bölünür.  Partiya ictimai təmsilçiliyi həyata keçirir, o mənada ki, onun üzvləri və funksionerləri cəmiyyətin sözünü hakimiyyətə çatdırırlar. 

Partiya ümumi və məxsusi  bir anlayış və məfhum olaraq birgəçiliyi, kollektivçiliyi, cəmləşməni özündə ehtiva edir. Partiya məfhumu özündə hissələri, bölmələri və digər tərkibləri birləşdirir. Partiya strukturlaşan mexanizmlərdən, birləşdirici həlqələrdən ibarətdir.  Deməli, siyasi sistem olaraq maraqların yerli, regional, mərkəzi və ali formada təmin olunmasını həyata keçirirlər. Partiyalar dövlət hakimiyyəti ilə xalq arasında gərginliklərin aradan qaldırılmasında barışdırıcı, vasitəçi rolunu oynayırlar. 

Xalq öz siyasi iradəsini müəyyən siyasi və ictimai qurumlar vasitəsilə ifadə edir. Siyasi partiyalar siyasi əqidəni əks etdirən vahid qurum kimi əhəmiyyətə malik olur. Demokratik cəmiyyətlərdə sərbəst toplaşmaq, birgə təşkilatlar yaratmaq, həmrəylik birlikləri və cəmiyyətləri təşkil etmək, siyasi qurumları formalaşdırmaq hüquqları mövcud olur. Bu, demokratiyanın, yəni xalq hakimiyyətinin tərkibi fəlsəfəsindən irəli gələn bir prinsipdir. Partiyalar da məhz bu kimi prin siplərdən, istəklərdən, məqsədlərdən  formalaşır. Dövlətin kollektiv idarəçiliyi prinsipi də məhz partiyaların yaranması zərurətini ortaya qoyur. Partiyaların mövcudluğu siyasi idarəçiliyin çoxşaxəliliyini özündə ehtiav edir. Partiyalar dövlətin ideoloji xəttini təşkil edir və idarəçiliyin yönləndirilməsini təmin edir. Partiyaların koalisiya şəkilində dövləti idarə etmələri, hökuməti formalaşdırmaları vətəndaş həmrəyliyinin və vətəndaşların təşkilatlanmalarının əsaslarını təşkil etmiş olur. Bu yöndə siyasi partiyalar vətəndaşların, sosial toplumun siyasi əqidəsini ifadə edən bariz strukturlar kimi əks olunurlar.  Cəmiyyətin vahid mövqeyi (dövlətçilik, vətəndaşlıq, vətənpərvərlik), həmçinin xalqın bəşəri maraqları (beynəlxalq mövqeyi) məhz siyasi partiayalarda həm ümumiləşir, həm də məxsusiləşir. Bu yöndə partiyalar yekun olaraq pozitiv maraqlara xidmət edirlər. Ancaq məqsədlərinə çatmaq üçün fərqli yollar da qət etmiş olurlar. Partiyaların mənfi xüsusiyyətləri də mövcuddur. Məsələn, müəyyən şəxsi maraq güdən şəxslər siyasi xətdən istifadə etməyə çalışaraq, hakimiyyətə can atmağa, böyük şəxsi nüfuz sahibi olmağa çalışır. Bu baxımdan da milli və bəşəri fəlakətlərə səbəb olan şəxslərin dövlət və hökumət başına keçmələrində partiyalar rol oynaya bilirlər. Siyasi partiyaların fəlsəfəsində ruhun harmoniyası və tarazlaşdırma məsələləri dayanmalıdır. Əks halda siyasi partiyalar öz müsbət rollarını oynamırlar. 

Siyasi partiyanın fəlsəfi məzmunu və mahiyyəti onun vəzifə və funksiyalarında, həmçinin müəyyən olunmuş hüquqlarında, eləcə də məqsəd və öhdəliklərində əks olunur. Bu kimi məsələlərin müddəalar şəkilində partiyanın sənədlərində, nizamnamələrində əks olunması siyasi qurumun konseptual əsaslarını əks etdirir. Siyasi partiyalar cəmiyyətin liberallaşması yolunda islahatların həyata keçirilməsində nəzəri və praktiki funksiya kəsb edirlər. Xalqın haqlı etirazlarını təhlil edir və dövlət hakimiyyətinə çatdırırlar. Partiyalar siyasi inkişafın və vətəndaş cəmiyyətlərinin bərqərar olunmasının əsas qüvvələrindən hesab olunur. Partiyalar eyni zamanda vətəndaşlarla dövlət hakimiyyəti arasında sanki bir aralıq, bufer zona kimi də önəm kəsb edirlər. Vətəndaşlar öz siyasi fəaliyyətləri yolunda mənsub olduqları partiyalara güvənirlər. Partiyalar cəmiyyətin ictimai və siyasi baxımdan tərbiyələnməsini də həyata keçirən qurumlar kimi önəm kəsb edirlər. 

Siyasi partiyaların fəlsəfi və elmi məzmunundan irəli gələrək,  bu kimi məqsəd, vəzifə və funksiyalarını qeyd etmək olar:

-baza məqsədlər məlum olduğu kimi dövlətə, xalqa, bəşəriyyətə sağlam ruhda xidmət etməkdən, ictimai və bəşəri mənafeni güdməkdən, buradan da şəxsi və fərdi maraqları təmin etməkdən  ibarətdir. Təbii ki, baza  məqsədlər çoxdur və tərkib elementlər vəzif və funksiyalarla eyni və oxşar məzmun kəsb edir;

Digər məqsəd və vəzifələr, 

-xalqın və dövlətin milli və beynəlxalq, bəşəri maraqlarından irəli gələrək istəkləri və amalları birləşdirmək. Vəzifə olaraq strukturlaşmanı sağlam şəkildə təmin etmək. Eyni və oxşar əqidəli, məsləkli şəxsləri bir arada cəmləşdirərək, böyük potensial yaratmaq;

-ruhu, xalqın istəkləri ilə bağlamaq, dövlətin ruhunu, xalqa, xalqın da ruhunu dövlətə və bəşəriyyətə bağlamaq;

-dini inanclı şəxsləri bir arada cəmləşdirmək -bu, əsasən dini partiyaların məqsədidir və dövlət siyasətində saflığı, dürüstlüyü, ədaləti bir ilahi kriteriya kimi təqdim edir;

-mənəviyyatı əldə rəhbər tutmaq, cəmiyyətin və dövlətin əxlaq qurumu kimi mövcudluğuna çalışmaq;

-dövlət siyasətinin şəffaflaşmasına və cəmiyyət üçün aydınlaşmasına çalışmaq;

-hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulmasına nail olmaq;

-siyasi irsin ənənəvi qaydada qorunmasında iştirak etmək və irsin ötürülməsini təmin etmək. Partiyalar adətən davamlı şəkildə yeni-yeni üzvləri öz sıralarına qəbul edirlər. Bu baxımdan da tarixi missiyanı da yerinə yetirmiş olurlar;

-xalqın milli-mədəni dəyərlərinin qorunmasına çalışmaq və ondan səmərəli istifadəni müəyyən etmək. Dəyərləri gələcək nəsillərə ötürmək;

-insan hüquqlarının qorunması üçün dövlət hakimiyyəti qarşısında mütəmadi məsələ qaldırmaq. İnsan hüquqlarının qorunması və təminatına ictimai nəzarəti həyata keçirmək;

-insanların sərbəst toplaşmaq hüquq və azadlıqlarının təmin olunması üçün aktlar həyata keçirmək, proseslər formalaşdırmaq. Xalqın birbaşa demokratiyasının formalaşmasında yaxından iştirak etmək;

-dövlətçiliyi qorumaq. Dövlətin milli və bəşəri maraqlarını sintez edərək harmonik şəkildə uyğunlaşdırmaq;

-dövlət strukturlarında mütəmadı qaydada islahatların həyata keçirilməsinə çalışmaq;

-demokratiyanı təmin etmək və xalqı fərdi və kollektiv şəkildə  hakimiyyətdə layiqincə  təmsil etmək;

-siyasi hakimiyyətin qollarını kadrlarla təmin etmək, ləyaqətli hakimiyyətin formalaşmasında iştirak etmək. Bacarıqlı kadrları dövlət idarəçiliyinə təqdim etmək;

-dövlət idarəçiliyi üçün kadrların hazırlanmasını təmin etmək və yüksək siyasi düşüncəli mütəxəssislərin yetişməsini həyata keçirmək;

-dövlət hakimiyyəti strukturlarının davamlı xidmətlərini tələb etmək və xalqın hakimiyyət üzərində nəzarətini layiqincə təmin etmək;

-dövlətin xalqa xidmət fəlsəfəsinin əsaslarını işləyib hazırlamaq, strateji-konseptual sənədlərin hazırlanması və qəbulu məsələsində yaxından iştirak etmək. Qanunvericilik strategiyasının zamanla, inkişaf vəziyyəti ilə əlaqələndirilməsini bacarmaq;

-cəmiyyətin saflaşdırılmasına çalışmaq və cəmiyyətin inkişafına mane olan ünsürlərin zərərsizləşdirilməsinə nail olmaq. Rəvan idarəçilik yolunda maneedici ünsürlərin zərərsizləşdirilməsini həyata keçirmək;

-dövlətçilik ideyaları adı ilə  hakimiyyətlə qeyri-hakimiyyət tərəfini birləşdirmək, fəaliyyəti uyğunlaşdırmaq, maraq və mənafeləri birləşdirmək;

-ölkənin xarici və daxili zərərverici ünsürlərdən qorunması üçün dövlət hakimiyyəti ilə sıx əməkdaşlıq etmək cəmiyyətə və dövlətə yardım göstərmək;

-beynəlxalq hüququn və diplomatiyanın formalaşmasında öz ideyaları ilə iştirak etmək, müəyyən qurumlarda iştirak etmək yolu ilə təmsilçiliyi həyata keçirmək. Bu yöndə layihələr işləyib hazırlamaq, müvafiq qurumlara təqdim etmək;

-fövqəladə vəziyyətlərdə humanitar siyasəti həyata keçirmək və dövlətin strateji siyasətində yaxından iştirak etmək;

-ümumxalq hüzn günlərində, milli bayramlarda dövlət hakimiyyəti və cəmiyyətlə yaxınlıq etmək, həmrəylik nümayiş etdirmək;

-dövlət büdcəsinin, milli gəlirlərin artmasında və ümumi təsərrüfatın güclənməsində dövlət hakimiyyətinə kömək etmək;

-dünya problemlərinin həllində yaxından iştirak etmək və beynəlxalq birliklərlə həmrəyliyi, əməkdaşlığı və tərəfdaşlığı gücləndirmək;

-cəmiyyətdəki nöqsanlara qarşı çıxmaq və dövlət hakimiyyətinin idarəçiliyində mövcud olan nöqsanları aşkarlamaq və bununla da dövlət hakimiyyətinin işinin təkmilləşdirilməsində yaxından iştirak etmək;

-xalq və dövlət qarşısında məruzələrə çıxış etmək, hesabatlar vermək;

-dövlət hakimiyyəti ilə xalq arasında, hakimiyyətlə qeyri-hakimiyyət arasında koordinasiyaedici rol oynamaq. Ortaq tarazlayıcı və barışdırıcı, bir araya gətirici rol oynamaq;

-milli barışıq və beynəlxalq sülh təşəbbüsləri rolunu oynamaq;  

-ölkənin konstitusiya islahatlarında yaxından iştirak etmək və aparıcı qüvvəyə çevrilmək;

-referendum və digər ümumxalq səsvermələrində komanda şəkilində yaxından iştirak etmək;

-milli və beynəlxalq təzyiqlərə qarşı xalqın ümumi mübarizəsini təşkil etmək və dövlət hakimiyyətinin işinə yardımçı olmaq;

-humanitar siyasəti həyata keçirmək və beynəlxalq humanitar böhranlarda yardım strategiyalarını dəstəkləmək;

-dövlət hakimiyyətinə etimadsızlıq məsələsini qaldırmaq və dövlət rəhbərinə qarşı impiçmenti həyata keçirməkdə iştirak etmək;

-siyasi böhranlar zamanı xalqın sakitləşməsini təmin etmək və dövlət hakimiyyətinə yardımçı olmaq;

-ölkənin təhlükəsizlik strategiyası, konsepsiyası və doktrinasının qəbulunda yaxından iştirak etmək;

-iqtidar partiyasının müxalifət və bitərəf mövqe tutan, lakin hakimiyyətdə təmsilçiliyə can atan siyasi təşkilatlar üzərində nəzarəti həyata keçirməsi;

-müxalifət partiyasının iqtitar partiyasının  və onun hakimiyyətdə olan komandasının üzərində nəzarəti həyata keçirməsi;

-cəmiyyətdə sosial birliyə və ədalətə nail olmaq, oxşar maraqların bir arada cəmləşməsini təmin etmək;

-hakimiyyətlə mübarizədə açıq dialoqlar təşkil etmək, məsələnin həllinə diqqəti yönəltmək və s.

Ümumiyyətlə, partiyalar passiv qurum rolunu oynamamalıdır. Dövlət siyasətinin aktiv tempinə uyğun şəkildə və pararlel xətlərlə, həmçinin dövlət hakimiyyətinin daxilində olmaqla, aktiv siyasi fəaliyyət həyata keçirməlidirlər. Cəmiyyətin nəbzini mütəmadi olaraq yoxlamalıdırlar. Siyasi partiyalar siyasi sistemin həm daxilində, həm də onun sərhədlərində olmalıdırlar. Daxilində olmaqla siyasi sistemin işinin təşkilində aktiv rol oynamalı, sərhədlərində olmaqla onun qorunmasını təmin etməlidirlər. 

Elşən Nəsibov (Elşən Ardıc)

Siyasətşünas-alim, yazıçı, publisist

Yeni Azərbaycan Partiyasının üzvü

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31