Paşinyan kilsənin təsirindən qorxur: "Seçki önü real təhlükə mənbəyi" – ÖZƏL

"Ermənistanda kilsə faktiki olaraq "dövlət içində dövlət" rolunu oynayır. Bu qurumun həm iqtisadi, həm siyasi, həm də müəyyən mənada hərbi gücü mövcuddur".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, hələ Ermənistan dövləti yaranmamışdan əvvəl erməni millətinin ideoloji bazası məhz kilsə tərəfindən formalaşdırılıb və idarə olunub. Hazırda da Ermənistan cəmiyyətində ideoloji istiqamət əsasən kilsə daxilində müəyyən olunur. Hakimiyyətə gələn siyasi qüvvələr bu ideologiyanın həyata keçirilməsi ilə məşğul olur. Nikol Paşinyan isə hakimiyyətə ABŞ-nin dəstəyi ilə gəlib və bu ölkənin qarşısında müəyyən öhdəliklər daşıyır. O, daha çox Ermənistanın milli maraqlarına deyil, ABŞ-nin regiondakı maraqlarına xidmət edir. ABŞ Paşinyandan Rusiyanın Ermənistandakı təsirini zəiflətməyi və Cənubi Qafqazda öz maraqlarını həyata keçirməyi tələb edib. Paşinyan da bu istiqamətdə siyasət yürüdür.

"Bu gün Ermənistanda baş verən proseslər əslində erməni cəmiyyətinin və diasporunun daxilindəki mübarizənin nəticəsidir. Burada Rusiyada yaşayan erməni lobbisi ilə Qərbdə - xüsusilə ABŞ-də fəaliyyət göstərən erməni lobbiləri arasında fikir ayrılığı yaranıb. Ermənistanın gələcək istiqamətinin - Rusiya, yoxsa Qərb yönümlü olmasının müəyyənləşdirilməsi uğrunda ciddi qarşıdurma mövcuddur", - deyə ekspert əlavə edib. 

Siyasi şərhçinin sözlərinə görə, Paşinyan ölkənin gələcəyini Qərb, xüsusilə ABŞ yönümlü siyasətdə görür. Rusiya tərəfdarı lobbi isə Ermənistanın Moskva ilə müttəfiqliyini qorumağın tərəfdarıdır.
Eyni zamanda Paşinyanın apardığı siyasət Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra formalaşdırdığı yeni regional reallığa uyğunlaşmaq cəhdidir. Çünki Ermənistan blokadadan çıxmaq üçün mütləq qonşuları ilə - xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmalıdır.

"2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri öncəsi kilsə yenə də böyük təsir gücünə malikdir. Kilsə həm daxili, həm də xarici siyasətə təsir edə biləcək səviyyədədir. Onun himayəsi altında olan siyasi qüvvələr əsasən Rusiyada fəaliyyət göstərən erməni lobbilərinin maraqlarına uyğun hərəkət edirlər. Paşinyan hazırda qarşıdan gələn seçkilərə hazırlıq mərhələsindədir və öz rəqiblərini müxtəlif yollarla neytrallaşdırmağa çalışır. O, Rusiya yönümlü müxalifətdən çox, məhz kilsənin təsirindən ehtiyat edir. Çünki kilsə onun üçün real təhlükə mənbəyidir. Kilsənin qərarları ilə siyasi hakimiyyətin mövqeyi üst-üstə düşmədikdə, bu, iki tərəf arasında ciddi fikir ayrılığına və siyasi böhrana səbəb olur. Ümumilikdə, Ermənistanda kilsənin razılığı olmadan siyasi hakimiyyətə gəlmək real görünmür. Kilsə həm ölkə daxilində, həm də beynəlxalq erməni diasporu ilə sıx əlaqələrə malikdir", - deyə A. Məsiyev vurğulayıb.

Siyasi şərhçi bildirib ki, hazırda Paşinyan kilsənin təsirini zəiflətmək üçün ona qarşı ideoloji və siyasi kampaniya aparır. Lakin bu addım nə dini baxımdan, nə də Ermənistan Konstitusiyası baxımından qəbulolunan deyil. Ermənistanda baş verən bu daxili çəkişmələr eyni zamanda xarici qüvvələrin, xüsusilə ABŞ və Rusiyanın maraqları fonunda formalaşır. Hər iki tərəf Ermənistanda siyasi hakimiyyəti öz nəzarətində saxlamaq istəyir. Tarix boyu Ermənistan müstəqil siyasət aparmaqda çətinlik çəkib və böyük güclərin alətinə çevrilib. Çar Rusiyası dövründə və daha sonra SSRİ vaxtında ermənilər Moskvanın maraqlarına xidmət edirdilərsə, indi Paşinyanın timsalında Qərbin, xüsusilə ABŞ-nin alətinə çevriliblər.

"Cənubi Qafqaz böyük güclərin maraqlarının toqquşduğu regiondur. Bu gün ABŞ və Rusiya arasında qlobal səviyyədə gedən siyasi-hərbi qarşıdurmanın ikinci mərkəzi məhz bu bölgədə - Ermənistan üzərindən formalaşır. Böyük dövlətlər burada təsir dairəsini genişləndirmək üçün mübarizə aparır. Buna baxmayaraq, Azərbaycanın yaratdığı yeni regional reallıq göstərir ki, əgər Ermənistan həqiqətən suveren dövlət kimi fəaliyyət göstərmək istəyirsə, mütləq şəkildə qonşuları ilə - xüsusilə Azərbaycan və Türkiyə ilə dinc yanaşı yaşamaq prinsipini reallaşdırmalıdır. Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, bu siyasət dəyişməsə, ölkənin suverenliyi və müstəqilliyi sual altında qalacaq. Hazırda regionda bəzi qüvvələr Cənubi Qafqazda xaos yaratmağa çalışır, Rusiya və ABŞ isə Ermənistan üzərindən bölgədəki siyasi prosesləri öz nəzarətlərində saxlamaq niyyətindədirlər," - deyə Azad Məsiyev sonda əlavə edib.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31