Azərbaycanın tranzit açarı: Paşinyana dəstək, müxalifət üçün narahatlıq- ÖZƏL
28 Oktyabr 16:51 SiyasətAzərbaycan Prezidenti İlham Əliyevin Ermənistana yüklərin Azərbaycan ərazisindən tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırması Ermənistanda ziddiyyətli reaksiyalara səbəb olub. Baş nazir Paşinyan və İqtisadiyyat naziri Gevorq Papoyan qərarı "ciddi diplomatik qələbə" kimi qiymətləndirib və Qazaxıstan taxılının ilk partiyasının tezliklə tranzit olunacağını bildiriblər. Lakin Ermənistanın revanşist müxalifəti və onlara bağlı media (məsələn, "Hraparak") bu addımı sabotaj etməyə çalışır. Onlar qərarın iki səbəbini irəli sürür: ya Əliyevin Paşinyana seçkiqabağı dəstəyi, ya da qarşılığında əldə edilən yeni güzəşt. Müxalifət həmçinin keçmiş Laçın dəhlizini xatırladaraq taxıl tranzitinə "təhlükəsizlik şübhəsi" ilə yanaşır.
Ermənistan müxalifətinin bu addımı "Paşinyana dəstək" və ya "yeni güzəşt" kimi təqdim etməsi sülh prosesinin daxildə dəstəklənməsinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib:
"Münaqişə tərəfləri arasında müharibə nəticəsində bağlanmış nəqliyyat-kommunikasiya xətlərinin açılması barədə razılıqlar 2020-ci il 10 noyabr Moskva müqaviləsinin şərtlərində də var idi. Lakin Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi nəticəsində məlum razılaşmanın şərtlərinin reallaşdırılması ləngidi. Bu isə Paşinyana Qərbdən verilən təlimatlarla bağlı idi. Çünki Moskvanın moderatorluğu ilə tərəflər arasında hərbi əməliyyatların dayandırılması, üstəlik təmas xəttinə tərəflərin razılığı ilə Rusiyanın sülhməramlılarından ibarət hərbi birləşmələrin yeridilməsi Kremlin nüfuzunun artmasına səbəb olmaqla, regionun geosiyasi arxitekturasına da yeni reallıqlar gətirmişdi.
Geosiyasi durumun bundan sonra da Moskvanın xeyrinə dəyişməsinin qarşısını almaq üçün Paşinyan Rusiya ilə münasibətlərdə ikili standartlara söykənən oyunlara keçdi. Məqsəd bölgədə nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı danışıqları mümkün qədər ləngitmək, Qərbin proseslərə əlverişli vaxtda müdaxiləsini təmin etmək üçün vaxt qazanmaq idi. Üstəlik, Ukraynada Rusiya ilə başlanmış müharibə də bu məsələdə Ermənistan və Qərbin xeyrinə işlədi.
Vaşinqtonda əldə edilən razılaşmalar Paşinyanın xeyrinə həm geosiyasi, həm də ölkədaxili siyasi reytinqinin artırılması istiqamətində ciddi dividentlərdir. Sülh müqaviləsinin imzalanmadığı şəraitdə isə nəqliyyat qovşaqlarının açılması, əslində, Azərbaycan tərəfindən haqlı olaraq tətbiq edilmiş iqtisadi və loqistik blokadanın götürülməsi deməkdir. Bu isə Paşinyanın "seçki baqajına" əlavə olunmuş mühüm faktorlardandır.
Məlumdur ki, rəsmi Bakı sülh danışıqlarında intensivliyə və etimada nail olmaq, sülh müqaviləsinin imzalanmasını tezləşdirmək məqsədilə bu addımları atıb. Nəticə etibarilə, Azərbaycan Dəmir Yolları vasitəsilə Qazaxıstan taxılı artıq Ermənistana daşınır, Rusiya da bu yolla Ermənistana yükdaşımalara başlayıb. Rəsmi Bakının bu addımı Ermənistanın iqtisadi baxımdan inkişafına, onun ərzaq, enerji və digər sahələrdə təchizatına sanballı dəstək olmaqla, əlbəttə, seçkilər ərəfəsində Paşinyanın xeyrinə işləyəcək sosial faktordur.
Bunun mahiyyətinə erməni müxalifəti də varır. Kilsə ilə iş birliyində olsa da, onun hələlik ictimai rəyə təsir imkanları Paşinyanla müqayisədə böyük deyil. Etiraz elektoratının səslərinin parçalanma ehtimalı da yüksəkdir. Paşinyanın həbsə atdığı erməni əsilli milyarder artıq həbsxanadan Paşinyana müraciətlə onu hədələyib və seçkiləri uduzacağını bəyan edib.
Əgər müxalifət seçkilərə vahid namizədlə (müstəqil namizəd Karapetyanın başçılığı ilə) qatıla bilsə və üstəlik, Qərbin bölgəyə gəlişindən məmnunluğunu gizlətməyən region dövlətlərinin bəlli dairələrindən müxalifətə geosiyasi və maliyyə dəstəyi olsa, Ermənistanda parlament seçkiləri ərəfəsində seçkiqabağı reallıqlarda dəyişikliklər ola bilər. Yalnız ciddi dəyişikliklər müxalifətdə seçkilərin ikinci turu ilə bağlı ümidlərin artmasına səbəb ola bilər. Amma ümid, məlumdur ki, sonda ölür".
Zeynəb Mustafazadə