İrana sanksiyalar yenidən geri qayıtdı- Qərb uğur qazana biləcəkmi? - ÖZƏL
13:18 Siyasət26 sentyabrıda BMT Təhlükəsizlik Şurası "snapback" mexanizmi ilə 2015-ci il nüvə sazişi ilə dayandırılmış bütün İran sanksiyalarını bərpa etdi. Rusiya və Çinin 6 aylıq təxir cəhdi uğursuz oldu. Bu qərar ABŞ-ın "maksimal təzyiq" siyasətinin davamı olaraq, İranı yenidən beynəlxalq təcrid dövrünə geri qaytardı.
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
"Bu qərarlar, sanksiyaların geri qaytarılması sırf İranı yenidən sınağa çəkərək və iqtisadi çətinlikləri artırmaqla İran hakimiyyətini ram etmək məqsədi daşıyır. Bu da xüsusən qlobal qarşıdurmaların artdığı reallıqda baş verir. Yəni ABŞ çox yaxşı görür ki, Rusiya və Çin kimi tərəflərlə birbaşa münasibət qurmağı mümkün olmadığı reallıqda, İranın da onlara qoşulması və öz enerji potensialı, strateji mövqeyi, coğrafi mövqeyi və bir çox layihələrlə körfəz məsələsində onlarla əməkdaşlığını şaxələndirməsi təbii ki, Qərbin maraqlarına cavab vermir. İndi Rusiya və Çinin təsirini azaltmaq üçün qərb müəyyən alternativlər fikirləşir. Bu alternativlərdən biri kimi görünür ki, İranı oyundan çıxarmaq məsələsi olmalıdır. Çünki İran önəmli strateji mövqedə yerləşən, hər sahədə müəyyən irəliləyişlər əldə etmiş və enerji resursları ilə zəngin bir dövlətdir. Əgər İran Rusiya və Çinlə əməkdaşlıqdan imtina edib, ən azından neytral mövqeyə keçərsə, bu halda Rusiya və Çinin mövqelərinə də müəyyən zərbə vurulmuş olar. Ona görə də qərb əlində olan sanksiya mexanizmlərindən istifadə edərək İran hakimiyyətini ram etməyə, ən azından neytrallaşdırmağa çalışır. Bu strategiyanın nə dərəcədə uğurlu olacağı indidən demək çətindir, çünki hər ölkənin gizli potensialı, təsir rıçaqları var. Bunlar işə düşdükdən sonra artıq məlum olacaq ki, kimin daha çox gücü və imkanları var. Bu sualın cavabı gələcək hadisələr kontekstində öz həllini tapacaq.
İranın bu sanksiyalara görə nüvə proqramına, hərbi və siyasi addımlarına necə təsir göstərəcəyi sualına gəldikdə, razılaşaq ki, İran 2015‑ci ilə qədər sanksiyalar dövründə də öz maraqlarından heç vaxt imtina etməyib. Bəzən gecikdirib, bəzən imkanlarını gizlədib, açıqdan‑açığa fəaliyyət planlarını dondurub, amma heç vaxt nüvə məsələsindən imtina etməyib və xarici siyasətində fundamental dəyişiklik etməyib. Bugün də İran eyni sanksiyalarla qorxudulur, amma bu, İran üçün artıq əvvəldən tanış və hazırlıqlı olduğu bir ssenaridir. 2015‑ci ilə qədər olan dövrdə İran Rusiya və Çinlə bu qədər güclü deyildi. Ən azı Avropaya qarşı bu qədər açıq əlaqələr qurmamış, bu qədər ciddi tərəfdaşlar toplamamışdı. BRICS bu qədər inkişaf etməmişdi, Şanxay Əməkdaşlıq Təşkilatı bu qədər güclənməmişdi və bütün bunlar Qərbin mövqelərinə bir növ sarsıdıcı zərbə kimi çıxır. Ona görə də İranın indi Rusiya və Çin dəstəyi ilə sanksiyalara qarşı öz müdafiə mexanizmini formalaşdırması 2015‑lə müqayisədə o qədər də çətin görünməyəcək. İran artıq iqtisadi çətinliklərlə yaşamağı öyrənib, xalqı buna öyrəşib və iqtisadi sarsıntılara qarşı necə ayaqda qalmaq lazım olduğunu müəyyən dərəcədə mənimsəyib.
Qərb İranı ram etmək üçün sanksiyaları bir müddət aradan qaldırmaqla ona rahat nəfəs almağa və potensialını müəyyən qədər toplamasına şərait yaratdı. Bu, qərb tərəfdən ciddi strateji səhv idi. İndi onların bundan nəticələri var və sanksiyaları geri qaytarmağa çalışırlar.
Amma nə qədər uğurlu olacaqlar? Çünki Çinin iqtisadi yüksəlişi o qədər güclüdür ki, o istəsə İrana alternativ yollarla və ya digər formalarda kömək edərək həmin iqtisadi çətinlikləri aşmağa dəstək verə bilər. Rusiya və Çin hərbi sənayesi sürətlə inkişaf edir, xüsusən Rusiya hərbi sənayesi artıq üçnövbəli sistemdə işləyir. Çin çox ciddi texnoloji silahlara və müasir sistemlərə malikdir. Bütün bunlar İranın qərbə qarşı müdafiə mexanizmini formalaşdırmasına xidmət edə bilər və belə halda sanksiyalar İrana və onun iqtisadiyyatına o qədər də ciddi zərbə vura bilər. Bu reallıqdır, amma İranın nə qədər geri çəkiləcəyini və bu sanksiyaların nə qədər fayda verəcəyini demək hələ çətindir".
Zeynəb Mustafazadə