“Pezeşkiandan bundan artığını gözləmək düzgün deyil”-Ekspert- ÖZƏL
15:10 Güneyİki həftədən çoxdur ki, İran İslam Respublikasında yeni tədris ili başlanıb. Lakin bu il də tədris proqramında ciddi bir dəyişiklik olmadı. Yenə də qeyri-fars millətlərinin ana dilində təhsil hüququ təmin edilmədi.
Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli Olaylar.az-a açıqlamasında bildirib ki, İranda qeyri-fars millətlərinə təhsil hüququnun verilməsi asan həll ediləcək məsələ deyil: "Çoxları gözləyirdi ki, ötən ilin avqustunda İran prezidenti seçilmiş Məsud Pezeşkian bu problemi həll edəcək. Lakin gözlənilən olmadı. Əslində Məsud Pezeşkianın bu məsələni həll edəcək gücdə olmadığı əvvəlcədən bəlli idi. Çünki onun "missiyası" başqa idi. Məsud Pezeşkian sələfi İbrahim Rəisinin dövründə qonşu ölkələrlə, xüsusən Azərbaycan və türk dünyası ilə korlanmış münasibətləri qaydasına qoymalı idi. 2020-ci ildə Azərbaycan haqq savaşına-torpaqlarını Ermənistanın işğalından qurtarma əməliyyatına başlayanda İran işğalçını müdafiə etdi. Bütün gücü ilə Azərbaycana mane oldu. Türkiyə isə Azərbaycanın yanında yer aldı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan lideri, Ali Baş Komandan İlham Əliyevlə birlikdə Bakıda keçirilən qələbə paradında iştirak etdi, söylədiyi şeir parçası ilə azərbaycanlıların böyük rəğbətini qazandı. İranın hakim rejimi bundan narahat olmağa başladı. Azərbaycan ictimai rəyində İran açıq- aşkar Türkiyəyə bir daha uduzdu. Hətta İranı sevən çevrələr belə çətin durumda qaldı. Çünki "şiələrin mənəvi lideri" sayılan Seyidəli Xamneyi müsəlman torpaqlarının işğaldan azad olunmasını istəməmiş, buna mane olmağa çalışmış, erməniləri müdafiə etmişdi. İran hakimiyyəti İbrahim Rəisi dövründə Azərbaycana qarşı bacardığı pisliyi elədi. Bir də ayıldılar ki, hətta Azərbaycandakı dindar tərəfdarlarını da itirirlər. Belə bir vaxtda ortaya Məsud Pezeşkian çıxarıldı. O,seçki kampaniyasını Azərbaycan dilində apardı, çoxlu vədlər verdi. Lakin bəlli idi ki, o vədləri yerinə yetirə bilməz. Çünki fars dilinin hegemonluğu İran rejiminin qırmızı xəttidir. Rejim nə hakim şiə məzhəbindən, nə də fars dilindən imtina edə bilməz".
Prezidentin türkcə danışmasının İranda türk dili hərəkatına təkan verdiyini vurğulayan E.Cəfərli deyib ki, Məsud Pezeşkian hökumətindən bundan artığını gözləmək düzgün deyil: "Rejim Azərbaycan türklərinə ana dilində təhsil hüququ verməyəcək. Ancaq yaranmış nisbi sərbəstlikdən istifadə edib Azərbaycan dilini inkişaf etdirmək olar. Yaxşı olar ki, güneyli müəllimlərə çojistik dəstək verək. Onlar üçün ana dilində təhsil proqramları, dərsliklər, vəsaitlər hazırlamaq lazımdır. Güney Azərbaycanda məktəbyaşlı uşaqlara ana dilini sevdirmək üçün müasir İKT-dən istifadə etməliyik. Video kitablar, tətbiqlər yaratmaq, onları güneylilərin aktiv olduğu şəbəkələrdə yaymalıyıq. Güney Azərbaycanda ana dilini yaşadan aşıqlara, müğənnilərə, yazarlara dəstək olmalıyıq".
İBRAHİM MƏMMƏDLİ