Pul hər şeyi həll etmir – “Qarabağ”ın uğurunun arxasında dayanan sirr
15:04 İdman"Qarabağ" Futbol Klubu büdcəsinin az olmasına baxmayaraq Avropanın güclü komandaları ilə layiqli mübarizə aparır. Ekspertlər bildirir ki, əgər klubun maliyyə resursları indikindən 2-3 dəfə çox olarsa, komanda yaxşı nəticələri davamlı göstərə bilər, Avropa turnirlərində daha yüksək yerlərə çıxmaq imkanına malik olar.
Bəs "Qarabağ"ın və ya digər klubların büdcəsini gücləndirmək üçün hansı addımlar atılmalıdır?
Olaylar.az xəbər verir ki, idman eksperti Natiq Muxtarlı Sfera.az-a açıqlamasında bildirdi ki, "Qarabağ"ın büdcəsini bir neçə dəfə artırmaqla daha yaxşı nəticənin əldə ediləcəyi fikri yanlışdır.
Onun sözlərinə görə, futbolda pul hər şeyi həll etmir.
"Futbolda sistem olmalıdır, yaxşı komanda formalaşdırılmalıdır. Süni şəkildə şişirdilmiş büdcə komandanı uçuruma aparır", - deyən N.Muxtarlı söylədi ki, "Qarabağ"ın qrup mərhələsindəki çıxışı da bunu təsdiqləyir:
""Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə düşəndən sonra hamı tələb edirdi ki, pul qazanıldığına görə bahalı oyunçular alınmalıdır. Bunu etməklə, balansı pozmaq olmaz. "Qarabağ" 5 milyon verib bir futbolçunu gətirsə gərək ona 1 milyon maaş versin. Çünki Avropa standartları belədir. "Qarabağ" komandasında isə 500 mindən yuxarı maaş alan futbolçu yoxdur. Bahalı oyunçu gətirilərsə, digər futbolçular maaşının artmasını tələb edəcək. Bu halda balans, nizam itəcək. Ona görə də, böyük pulun olması Çempionlar Liqasına düşməyə qarantiya vermir. Biz özümüzü "Mançester Siti" ilə, "Liverpul" ilə, "Barselona" ilə müqayisə edə bilmərik. Onların büdcəsi 1 milyard dollardır".
Ekspert xarici komandaların yüksək gəlir əldə etməsinin səbəblərinə də aydınlıq gətirdi:
"Onlarda çempionatın səviyyəsi yüksəkdir və futbol bir biznes sahəsinə çevrilib. İngiltərədə teleyayımın satış hüququ 7 milyard funt-sterlinqdir.
Azərbaycanda ilk növbədə çempionatımızın səviyyəsi yüksəlməlidir, futbol Azərbaycanda biznesə çevrilməlidir. "Qarabağ" teleyayımdan, bilet satışından gəlir götürməlidir. Amma azarkeş azdır və "Qarabağ" bilet satışından 1 qəpik belə qazanmır.
Yerli futbolçular yetişməlidir. Bütün klublarımızda gənc futbolçular olmalıdır və onlar satılmalıdır. Bununla da, Avropadan yaxşı qazanc əldə etmək və büdcəni sabitləşdirmək lazımdır. Avropada orta səviyyəli bəzi klublar məhz oyunçu satmaqla ayaqda dururlar. Biz də, məhz bu yolla getməliyik. Neftdən gələn gəlirləri bu sahəyə ayırmaq düzgün olmaz. Çünki futbol özü bir iqtisadiyyatdı, biznesdi.
"Qarabağ" futbol klubunun əlavə sponsorları olmalıdır. Bunun üçün də, iqtisadi mühit olmalıdır. Brend olmaq önəmlidir. "Qarabağ" hazırda özünü Avropadan gələn gəlirlə maliyyələşdirir və sahibindən gələn pula ehtiyacı yoxdur. Amma ölkədə iqtisadi mühit geniş olsa, ölkədən, beynəlxalq aləmdən sponsorlar olsa, oyunçu satışı artsa, büdcə böyüyəcək. Buna görə də, futbola yanaşmamız sıfırdan başlamalıdır. Bilet satışlarından, teleyayımdan yüksək məbləğdə pul götürülməlidir. Bundan sonra büdcə özü tənzimlənəcəkdir. Büdcəni süni surətdə artırmaqla cəmi 1 il uğur qazanmaq mümkündür. Ona görə də, çempionatın səviyyəsi yüksəlməlidir".