"Snapback" təhlükəsi: BMT qərarı İrandan sonra regionda destabilizasiya yaradacaq – ÖZƏL

Sentyabrın 26-da BMT Təhlükəsizlik Şurası tərəfindən "snapback" (tətik mexanizmi) işə salınaraq, 2015-ci il nüvə sazişi ilə dayandırılmış bütün beynəlxalq sanksiyaların İrana qarşı bərpasına qərar verilib. Rusiya və Çinin sanksiyaların bərpası qərarını 6 ay təxirə salmaq cəhdi isə Təhlükəsizlik Şurasında uğursuzluqla nəticələndi.
Bu qərar, ABŞ-nin Donald Tramp administrasiyasının "maksimal təzyiq" siyasəti fonunda gəldi və bununla da İran 2006-2015-ci illərdəki kimi ağır beynəlxalq təcrid dövrünə geri dönmüş oldu. 

"ABŞ-nin birtərəfli sanksiyalarından fərqli olaraq, BMT-nin tətbiq etdiyi sanksiyalar artıq İranın bütün dünya ilə əlaqələrinə, ticarətinə, neft satışına, maliyyə şəbəkələrinə qoşulmasına və digər sahələrə legitim şəkildə qadağa qoyur".

Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, ABŞ sanksiyaları da dünyada ciddi təsir imkanlarına malikdir, xüsusilə maliyyə və bank sistemində ABŞ-nin mövqeyi çox güclüdür. Amma BMT sanksiyaları bütün dünya ölkələri üçün məcburidir və istisna tanımır. Bu, İranla əməkdaşlıq edən dövlətlərə - o cümlədən Rusiya, Çin kimi müttəfiqlərə də şamil olunur. Yəni, həmin ölkələr də İranla açıq ticari əlaqələr qurmaqda məhdudiyyətlərlə üzləşirlər.

Siyasi şərhçinin fikrincə, bu dövlətlər sanksiyalara tam əməl etməyəcək, çünki məsələ artıq hüquqi müstəvidən çıxaraq siyasi qarşıdurmaya çevrilib. Belə şəraitdə İranın yaxın müttəfiqləri onunla əməkdaşlığı davam etdirəcəklər, amma bu əməkdaşlıq onlar üçün də ciddi risklər yaradacaq. Çin və digər tərəfdaş ölkələr üçün də vəziyyət eyni olacaq.

"İran son vaxtlar ticarətini daha çox qeyri-rəsmi, gizli yollarla həyata keçirir. Məsələn, onun "kölgə donanması" mövcuddur və bu donanma vasitəsilə neft satışını gizlətməyə çalışır. Lakin bu ticarətin də qarşısına ciddi maneələr qoyulacağı gözlənilir. Hətta indiyədək İrana müəyyən dəstək göstərən bəzi Avropa ölkələri də BMT sanksiyalarına əməl etmək məcburiyyətində qalacaqlar", - deyə ekspert əlavə edib. 

Siyasi şərhçi əlavə edib ki, legitimlik baxımından BMT sanksiyaları daha əhatəli və hüquqi cəhətdən üstün sayılır. Bu isə İranın nüvə proqramı ilə bağlı vəziyyətini də çətinləşdirir. İran hər nə qədər öz proqramına sadiq olduğunu desə də, bu sanksiyalar onun tərəfdaşlarla əlaqələrini zəiflədib daha böyük problemlər yaradacaq.
Eyni zamanda, bu vəziyyət Rusiya və Çin üçün də risklər yaradır. Çünki onlar da İrana açıq dəstək verdikdə öz iqtisadi əlaqələrini risk altına atırlar.

Ə. Mustafa bildirib ki, bütün bunların fonunda İsrailin və ABŞ-nin İrana qarşı yeni hərbi zərbələri ehtimal olunur. Sanki Qərb ölkələri əvvəlcə sanksiyalarla İranı hər tərəfdən sıxışdırmaq, zəiflətmək, ardınca isə hərbi müdaxilə həyata keçirmək niyyətindədir. Bu isə İran üçün çox ağır bir dönəmin başlanğıcı deməkdir. Baş verənlər - həm sanksiyalar, həm də mümkün hücumlar açıq şəkildə İran dövlətinin mövcudluğuna və ərazi bütövlüyünə risk yaradır. Hadisələrin gedişatı hətta regionun tam destabilizasiyasına qədər gedib çıxa bilər.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31