"Cənubi Qafqazda yeni təhlükəsizlik sistemi formalaşır" – Elçin Xalidbəyli – ÖZƏL

"Bakı Təhlükəsizlik Forumu, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və qlobal təhdidlərin müzakirəsi üçün unikal platformaya çevrilir". Bu fikirləri Forumun açılışında çıxış edərkən Prezident İlham Əliyev deyib. Prezident xüsusilə 2025-ci ildə Azərbaycan və Ermənistan arasında imzalanmış Birgə Bəyannamənin regionda sülhə doğru atılan mühüm tarixi addım olduğunu vurğulayıb. Prezident çıxışında həmçinin, bu tədbirin daimi bir qurum halına gəlməsi üçün aparılan işləri də qeyd edib. 

Maraqlıdır, Əliyevin çıxışında "yeni əməkdaşlıq formatının qurulması" ifadəsi Cənubi Qafqaz regionunda hansı dəyişiklikləri nəzərdə tutur?

"Son vaxtlar Cənubi Qafqazda olduqca əhəmiyyətli proseslər baş verir. Xüsusilə də avqustun 8-də Ağ Evdə Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan arasında imzalanmış saziş Cənubi Qafqazın gələcək taleyini dəyişə biləcək məzmun daşıyır. Bu baxımdan demək olar ki, artıq Cənubi Qafqazda yeni mərhələ başlayıb və bu mərhələnin şərtləri tədricən üzə çıxmağa başlayır".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçinin sözlərinə görə, ən əsas məqam ondan ibarətdir ki, Cənubi Qafqaz üçün əvvəlki təhlükəsizlik sistemi artıq aktuallığını itirib: "Regionda yeni çağırışlar mövcuddur və yeni təhlükəsizlik sistemi formalaşdırmaq üçün cəhdlər müşahidə olunur. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin mövzu ilə bağlı açıqlamalar verməsi və məsələni ciddi şəkildə gündəmdə saxlaması qətiyyən təəccüblü deyil. Çünki Azərbaycanın çoxvektorlu siyasət apardığı bir şəraitdə rəsmi Bakının genişmiqyaslı və çoxistiqamətli əməkdaşlıq modelinə üstünlük verməsi tamamilə normal bir prosesdir. Bu baxımdan hesab etmək olar ki, Azərbaycan artıq yeni təhlükəsizlik sistemi qurmaqda maraqlıdır".

Siyasi şərhçi qeyd edib ki, Cənubi Qafqazda yaranan yeni çağırışlara həssas yanaşmaqla rəsmi Bakı ölkənin gələcək təhlükəsizliyi üçün maksimum etibarlı müdafiə sisteminin və eyni zamanda yeni əməkdaşlıq formatlarının qurulmasına xüsusi diqqət yetirir.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31