Dövlət suverenliyinin qorunması hər birimizin ali vəzifəsidir- ÖZƏL

"Bu gün Azərbaycan öz torpaqlarını tamamilə işğaldan azad edib. Artıq Azərbaycan torpaqlarının heç bir qarışında separatçılar mövcud deyil. Təbii ki, Azərbaycan işğaldan azad etdiyi torpaqlarda həyatı dirçəltməyə davam edir. Eyni zamanda 20 sentyabr artıq Dövlət Suverenliyi Günü kimi simvolik anlamda da kifayət qədər mühüm önəm daşıyır. Möhtərəm Prezidentimizin Sərəncamında da göstərilir ki, 44 günlük şanlı Zəfər müharibəsindən sonra Azərbaycan torpaqlarını işğaldan azad etdi, ərazi bütövlüyünü təmin etdi. Ondan sonrakı dövrdə isə Qarabağ iqtisadi rayonunda dalbadal baş verən və genişlənən erməni terrorunun aradan qaldırılması və ona son qoyulması məqsədilə 2023-cü ilin sentyabrın 19-da başlayan antiterror əməliyyatı 23 saat ərzində düşmən qüvvələrinin tam darmadağın edilməsi ilə nəticələndi və Azərbaycan ordusunun gücünü, qüdrətini, Azərbaycanın siyasi rəhbərinin, Azərbaycan xalqının iradəsini bir daha dünyaya sübut etmiş oldu". "Olaylar" xəbər verir ki, bunu YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov deyib: "2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi də bu prosesin davamıdır. Konstitusiya və suverenlik anlayışları Azərbaycanın hüquqi, siyasi və milli kimliyini bir daha təsdiqləyir, dövlətimizin beynəlxalq nüfuzunu möhkəmləndirir. Bu gün Azərbaycan xalqı artıq tam suveren dövlətin vətəndaşı olaraq yeni inkişaf mərhələsinə qədəm qoyub. Ərazi bütövlüyümüzün təmin olunması, sərhədlərimizin toxunulmazlığı ölkədə sabitlik və iqtisadi yüksəlişin əsas təminatıdır. Dövlət suverenliyinin qorunması və möhkəmləndirilməsi hər birimizin ali vəzifəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31