Şermanın təşəbbüsləri: Barıt effekti kimi səs-küylü, lakin nəticəsizdir - ÖZƏL
17:56 SiyasətABŞ Konqresinin Nümayəndələr Palatasının ermənipərəst üzvlərindən biri Bred Şerman H.R. 5299 qanun layihəsinə düzəliş təqdim edib. Bu düzəlişə əsasən, ABŞ Beynəlxalq İnkişaf Maliyyələşdirmə Korporasiyasının (DFC) Türkiyə və Azərbaycana dəstəyi Türkiyə guya "Ermənistanı blokadadan çıxarana" və Azərbaycanda həbsdə olan erməni əsilli hərbi cinayətkarlar azad edilənə qədər dayandırılmalıdır.Bu barədə Amerika Erməniləri Milli Komitəsi (ANCA) məlumat yayıb.
"Konqresmen Şerman Ermənistan lobbisinin ən qatı tərəfdarlarından biridir. Onun Türk dünyasına və Azərbaycana qarşı düşmən münasibəti ifrat səviyyədədir. Hazırda Konqresə təqdim etdiyi qanun layihəsinə etdiyi düzəliş də məhz onun anti-Türk və anti-Azərbaycan siyasətinin nəticəsidir." Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:" Söyləmək səhv olardı ki, Şerman bu addımları yalnız Ermənistan lobbisinin maliyyə dəstəyi hesabına atır. Şübhəsiz ki, o, lobbi qarşısında xidmətlərini əvəzsiz göstərmir. Bununla yanaşı, Şermanın uzun illərdir Azərbaycana və Türkiyəyə qarşı barışmaz mövqeyi onun şəxsi siyasi düşüncəsində anti-Türk və anti-Azərbaycan meyllərinin də dərin köklərə malik olduğunu göstərir.
Yəni, həm şəxsi siyasi baxışlarında Türk dünyasına nifrət, həm də Ermənistan lobbisinin dəstəyi nəticəsində Şerman illərdir Türk dünyasına qarşı düşmənçilik siyasəti yürüdür. Onun hazırda təqdim etdiyi qanun layihəsi məzmun baxımından kifayət qədər kəskindir. Ancaq mövcud şəraitdə bu layihənin qəbul olunma ehtimalı olduqca zəifdir.
Xatırladaq ki, bundan əvvəl də bir qrup konqresmen ABŞ prezidentinə 907-ci düzəlişin müvəqqəti dayandırılması ilə bağlı verilmiş səlahiyyətlərin məhdudlaşdırılmasını, eləcə də Azərbaycana hərbi və digər növ yardımların qarşısının alınmasını tələb etmişdilər. Bu gün isə Şerman həmin konqresmenlərin mövqeyindən çıxış edərək Azərbaycana və Türkiyəyə qarşı oxşar təşəbbüslər irəli sürür.
Əslində, bu, Şermanın erməni lobbisindən aldığı maliyyə dəstəyinin müqabilində "iş gördüyünü" nümayiş etdirmək cəhdidir. Çünki o, irəli sürdüyü tələblərin həyata keçməsinin real olmadığını yaxşı bilir. Məsələn, Tramp administrasiyasının Azərbaycana və Türkiyəyə strateji əhəmiyyət verdiyi bir şəraitdə Şermanın tələblərinin qəbul olunma ehtimalı demək olar ki, sıfırdır. Tramp Azərbaycanın bölgədə strateji, logistika, nəqliyyat və investisiya layihələrində mühüm tərəfdaş olduğunu nəzərə alır. Belə şəraitdə Şermanın təşəbbüslərinin praktik nəticə verməsi mümkün deyil.
Necə ola bilər ki, Tramp bir tərəfdən Azərbaycanla münasibətləri möhkəmləndirir, Azərbaycan prezidentinə "əbədi dostluq" mesajı verir, digər tərəfdən isə bir konqresmenin təşəbbüsü ilə Azərbaycana və Türkiyəyə yardımları dayandırır və ya Azərbaycanda mühakimə olunan separatçı cinayətkarların azadlığa buraxılmasını tələb edir? Bu, qeyri-mümkündür.
Belə addımlar yalnız Şerman kimi konqresmenlərin Ermənistan lobbisi qarşısında hesabat verməsinə xidmət edir. Onun bütün təşəbbüsləri qapalı bir məkanda partlayan barıt effekti kimi səs-küylü, lakin nəticəsizdir. Hazırkı Amerika-Azərbaycan münasibətləri fonunda bu addımların heç bir praktik təsiri ola bilməz."
İbrahim Məmmədli