Alla Puqaçovanın intervüsünə sözardı.. Arzu Qazıyeva yazır
18:27 SosialArzu Qazıyeva
Nəhayət ki, səs-küy yaratmış müsahibəyə baxıb bitirdim. Əvvəlcə onu deyim ki, 3 gün müddətində alınmış müsahibədə bəyəndiyim yalnız bir nüans oldu ki, o da rejissor işi idi. Yalnız bir danışan başın tamaşaçıları yormaması üçün müxtəlif məkanlar, kostyumlar, fərqli dekorasiyalar seçilmişdi, araya kənar epizodlar əlavə edilmişdi. Vəssalam. Tanınmış bloger Yekaterina Qordeyeva qeyri-adi suallar verməmişdi, sadəcə söhbəti apara bilmişdi. Müsahib də həmin müsahibəyədək vermiş olduğu müsahibələri bir növ təkrarladı, amma bir az daha əhatəli formada.
O zaman 5 gün ərzində 17 milyona yaxın baxış yığmış 3 saat 38 dəqiqəlik müsahibə niyə bomba partlatdı, axı müğənni radikal heç nə deməmişdi? Özü də niyə indi vermişdi bu müsahibəni?
Ona görə ki, Alla Puqaçova ölkəsini və rus xalqını yaxşı tanıyır, onun içindən çıxdığı üçün nəbzini tuta bilir, nə istədiyini bilir. Məhz indi Ukrayna bataqlığı Rusiyanın daxilində sakit narazılıqları artırmağa başlayıb, adamların etimadı, inamı itir. Məhz indi adamlar alternativ fikrə ehtiyac duyurlar. Məhz indi müharibə mənasız, sonu görünməyən acı bağırsağa bənzəyəndə, özü ilə radikal qadağalar gətirəndə Puqaçovanın iki cümləsi olmadığı qədər cəsarətli, vicdanlı, müxalif səsləndi və əhalinin əsas təbəqəsi olan loyallar arasında düşünməyə, şübhələnməyə vəsilə oldu, nəinki körpü yarandı, mövqelər tam olaraq üst-üstə düşdü, 16 milyonun müharibə, asayiş, stalinizm, donosbazlıq haqqında fikrinin, düşüncəsinin möhkəmlənməsi üçün Alla Puqaçova vaxtında və yerində peyda oldu. Müsahibənin gücü də məhz müğənninin söylədiklərinin loyalların əhval-ruhiyyəsi ilə üst-üstə düşməsindədir. Puqaçova kimi onlar da inqilaba hazır deyillər, amma dəyişikliklər istəyirlər və möcüzə gözləyirlər.
Timing, timing, yenə də timing.. (tayminq - vaxtı müəyyən etməkdir.) Səhnə adamı, siyasətçi, öz reytinqinə işləyən adam üçün çox mühüm, taleyi dəyişməyə belə qadir olan çox güclü amildir. Onu düzgün müəyyən etmək hər kəsə nəsib olmur. Gərəkdir ki, kifayət qədər ağıllı, tədbirli, uzaqgörən və cəsarətli olasan. Puqaçovada bu xüsusiyyətlər uzun illərin sovet şinelində formalaşıb.
Niyə məhz Puqaçova? Çünki Puqaçova sadəcə müğənni deyil, o, böyük müğənnidir. Onu böyük edən xarizması, qalmaqallı personası, sovet estradasına, səhnəyə yenilik, müasirlik və azadlıq gətirməsi olub. O, yaltaq olmayıb. Bu xüsusiyyət heç zaman diqqətdən qaçmır. Məhz buna görə o, milyonların indi də kumiridir.
Alla Puqaçova epoxası deyilən ifadə təsadüfən yaranmayıb. Bu yalnız onun sənət fədakarlığı, istedadı ilə bağlı deyildi. Uzun illər sovet rəhbəri olmuş L.İ.Brejnev ona orden verərkən "şadam ki, sizinlə bir dövrdə yaşayıram" demişdi. Bu ifadə sonralar "Alla Puqaçova epoxası" ifadəsinin yaranmasına gətirdi.
Məhz bu amillər müğənninin sonuncu müsahibəsini güclü, təsirli etdi və geniş auditoriyaya yaydı.