Dövlət Suverenliyi Günü: Qarabağ əməliyyatı Azərbaycanın tarixində dönüş nöqtəsi oldu - ÖZƏL

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Bu tarix ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, dövlətçiliyimizin qorunması və xalqımızın öz taleyinə sahib çıxmaq iradəsinin rəmzidir.  Azərbaycan suverenliyini möhkəmləndirmək üçün regiondakı geosiyasi proseslərdən necə yararlanmalıdır? Dövlət Suverenliyi Gününün bu günkü Azərbaycan üçün siyasi və tarixi əhəmiyyəti nədən ibarətdir?

Politoloq Turan Rzayev Olaylar.az-a bildirib ki,  Azərbaycanın 2023-cü ilin sentyabrında Qarabağ bölgəsində keçirdiyi lokal xarakterli antiterror tədbirləri, dövlət suverenliyinin tam bərpası yolunda strateji və dönməz mərhələ kimi tarixə düşdü: "Bu tədbirlər, mahiyyət etibarilə sadəcə hərbi texniki məqsəd daşımırdı. Əksinə, həm hüquqi, həm siyasi, həm də psixoloji cəhətdən dərin nəticələr doğurdu. Öncə onu qeyd edim ki, əməliyyat lokal xarakterli idi. Bu bir daha əməliyyatların beynəlxalq hüquqa tam uyğun şəkildə, yalnız  Azərbaycanın daxili təhlükəsizliyinin təminatı məqsədilə həyata keçirildiyini göstərirdi. Bu, Azərbaycana qarşı mümkün beynəlxalq təzyiqlərin və qərəzli yanaşmaların qarşısını aldı və ölkənin mövqeyini beynəlxalq aləmdə gücləndirdi.  Əməliyyatın cəmi bir gün yarım ərzində yekunlaşması,  Azərbaycanın hərbi strukturunun yüksək hazırlıq vəziyyətində olduğunu, hədəflərə minimal vaxt və itki ilə çata bildiyini göstərdi. Həmçinin bu, bölgədə separatizmə açıq və qəti bir mesaj oldu. Ən önəmlisi isə odur ki, bu tədbirlər cəmiyyətin milli özünüdərk prosesində ciddi bir mərhələ oldu. Çünki antiterror əməliyyatları ilə  Qarabağda yalnız silahlı qruplar deyil, eyni zamanda illərlə süni şəkildə yaşadılan qeyri-müəyyənlik də aradan qaldırıldı. Dövlət nəinki əraziyə fiziki olaraq daxil oldu, həm də hüquqi və idarəetmə sistemini bərpa etdi. 
Eyni zamanda, əməliyyat Azərbaycanın informasiya müharibəsində də üstünlük qazandığını ortaya qoydu. Antiterror tədbirlərinin gedişi zamanı ictimaiyyətə ötürülən dəqiq məlumatlar, Azərbaycanın həm daxili auditoriyanı, həm də beynəlxalq ictimaiyyəti inandırmaq gücünün artdığını sübut etdi. Bir vaxtlar dünyanın "dəyişməz münaqişə ocağı" kimi tanıdığı Qarabağ artıq Azərbaycan dövlətçiliyinin tamhüquqlu parçasıdır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31