Əliyevin Trampa təşəkkürü: "ABŞ-Azərbaycan münasibətləri strateji tərəfdaşlığa yüksəlir" – ÖZƏL
15:45 Siyasət"Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa təşəkkürü, eyni zamanda Trampın Azərbaycan-Ermənistan sülh prosesinə verdiyi dəstəyin yüksək qiymətləndirilməsi, regionda diplomatik dinamikanın mühüm göstəricisidir. Trampın açıqlamaları gələcək danışıqlarda konstruktiv mühitin formalaşmasına töhfə verə bilər, tərəflər arasında etimadın artmasına xidmət edər."
Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib.
"Hesab edirəm ki, Tramp dövründə Azərbaycan-ABŞ münasibətlərinin "strateji tərəfdaşlıq" səviyyəsinə yüksəlməsi geniş perspektivlər açır. Bu, yalnız hərbi və siyasi əməkdaşlıqla məhdudlaşmır, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri və regional inteqrasiya imkanlarını da genişləndirir. Eyni zamanda, regionda davamlı sabitliyin və etibarlı dialoqun təşviqi üçün mühüm zəmin yaradır,"- deyə ekspert bildirib.
B. Quliyev əlavə edib ki, ABŞ Prezidenti Trampın rolu və Azərbaycana verdiyi dəstək, gələcəkdə sülh prosesini sürətləndirən və daha dayanıqlı edən amil kimi çıxış edə bilər. Bu isə yalnız iki ölkə üçün deyil, bütövlükdə region üçün müsbət perspektivlər vəd edir. Xatırladaq ki, Trampın regiona münasibəti Ermənistan tərəfindən də yüksək qiymətləndirilir və hesab edirəm ki, bu fakt regional sülhə töhfədir.
Sevda Dəniz