Ramiyə Məmmədova: "Artsax" yoxdur, yalnız Qarabağ erməniləri var – ÖZƏL
15:21 Siyasət""Artsax dövləti" və "Artsax köçkünü" kimi anlayışlar ümumiyyətlə mövcud deyil. Ermənistandan, Xankəndidən və Qarabağdan gələn ermənilər bu adla tanınırlar. Azərbaycan hər zaman bildirib ki, Qarabağda yaşayan ermənilər öz istəkləri ilə Azərbaycan vətəndaşlığını qəbul edərək burada yaşaya bilərlər və onların heç bir problemi olmayacaq".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, 30 illik münaqişədən sonra hələ də bəzi Avropa ölkələrində stereotiplər qalmaqdadır: "Qarabağı hələ də "Artsax dövləti", yəni erməni dövləti olaraq görmə meyli mövcuddur. Bu stereotiplərin dərhal aradan qalxmasını gözləmək doğru deyil, çünki Azərbaycan bunu beynəlxalq səviyyədə bəyan edir. Bütün çıxışlarda "Artsax dövləti"nin heç vaxt mövcud olmadığı və orada yaşayan ermənilərin "Artsax köçkünləri" deyil, sadəcə "Qarabağda yaşayan ermənilər" statusuna malik olduğu vurğulanır.
Ermənistanın daxilində və erməni lobbisinin güclü təsiri altında olan bəzi Avropa ölkələrində hələ də bu ideologiya öz əksini tapır. Bu səbəbdən, bu ölkələr zaman-zaman bu məsələləri gündəmə gətirirlər".
Siyasi şərhçi əlavə edib ki, Minsk qrupunun buraxılması hər iki dövlətin təşəbbüsüdür və sülh müqaviləsinin tezliklə imzalanması üçün uzun müddət tələb olunur. Paraflanmış müqavilənin bəzi bəndləri qəbul edilsə də, tam sülh müqaviləsinin bağlanması üçün hələ çox iş görülməlidir. Ermənistan tərəfi bu müqavilə üzərində işləməli, Azərbaycan torpaqlarından imtina edilməsi məsələsi Konstitusiyadan çıxarılmalıdır.
R. Məmmədova vurğulayıb ki, hazırda heç bir Avropa dövlətinin bu cür çıxışları sülh müqaviləsinə və ya davam edən proseslərə ciddi təsir göstərə bilməz. Çünki artıq ABŞ və Rusiya kimi böyük dövlətlər belə proseslərə təsir edə bilmədiyi halda, Finlandiya kimi bir ölkənin deməsinin böyük əhəmiyyəti yoxdur. Bu çıxışların bölgədə baş verən hadisələrə və ya sülh müqaviləsinin bağlanmasına heç bir rolu yoxdur. Bu yalnız Azərbaycan və Finlandiya arasında diplomatik münasibətlərə təsir edə bilər ki, Azərbaycan da bəyanatla çıxış edərək Finlandiyaya gələcək çıxışlarında diqqətli olmasını bildirə bilər. Erməni lobbisinin fəaliyyəti böyük bir problemə gətirib çıxarmayacaq.
Lamiyə Cəbrayılova