Regional qüvvələr və Zəngəzur dəhlizi: ABŞ mesajı hansı niyyətləri əks etdirir? - ÖZƏL 

ABŞ Dövlət Departamenti Ermənistan üçün səyahət xəbərdarlığını yeniləyərək, xüsusilə Göyçə və Zəngəzur vilayətlərində bəzi ərazilərə səfərdən çəkinməyi tövsiyə edib. Ekspertlər hesab edirlər ki, bu addım, Zəngəzur dəhlizinin maliyyələşdirilməsi və ABŞ-nin Ermənistana 145 milyon dollarlıq dəstəyi fonunda bölgədə revanşist qüvvələrin fəallaşması ilə bağlı narahatlıqlara səbəb olub.
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib: 

" Bildiyimiz kimi, Zəngəzur dəhlizinin  ilk günlərdən "Tramp koridoru" adlandırılması, yəni, o dəhlizin Ermənistandan keçən hissəsinin bu şəkildə adlandırılması məsələsi ortaya çıxandan sonra həm İran, həm də Rusiya tərəfi ciddi etirazlarını bildirmişdi, hətta Rusiya üstüörtülü şəkildə bunu ifadə etmişdi. İran isə birbaşa demişdi ki, lazım gəlsə, hər bir gücdən istifadə edərək bunun qarşısını alacaq. Yəni yolun necə adlandırılmasından daha çox, onun faktiki işləmə mexanizminin   kim tərəfindən qurulması və kimin hegemoniyasında olması məsələsi İran üçün önəmli idi. Onlar deyirdi, biz imkan verməyəcəyik ki, bu, ABŞ-nin və ya hər hansı bir qərb güclərinin əlində olsun. Hətta mən belə başa düşürdüm ki, yolun Ermənistanın birbaşa istifadəsinə razılıq idilər, nəinki 2-3-cü dərəcəli dövlətlərin istifadəsinə keçməsinə. Bu gün yaşananlar isə həmin ilk günlərdəki vəziyyətin məntiqi-siyasi davamı kimi xarakterizə edilməlidir. Çünki regional qüvvələr və regiona təsir edən digər aktorlar artıq bu yolun açılmasını tezləşdirmək istəyirlər və hər kəs çalışır ki, bu proses onların maraqlarına uyğun cərəyan etsin. Bu isə orada, yəni, "Tramp marşrutu"  adlandırılan hissədə, Ermənistan ərazisindən keçən dəhlizdə   artıq qarşıdurma risklərini artırır. Çünki Rusiya istəməyəcək ki, ABŞ-nin və ya İranın hegemoniyası ortaya çıxsın. Eynisini İran da istəməyəcək. Təzad ondan ibarətdir ki, Ermənistan bu dövlətlərin hər biri ilə elə müqavilələr imzalayıb ki, məsələn, 90-cı illərdə müttəfiqlik müqaviləsi ilə sərhədin qorunması Rusiyaya həvalə edilib. Vaşinqtondakı razılaşma ilə Amerika ilə yolların açılması məsələsində razılıq əldə edilib. İran və Ermənistan arasında isə ikitərəfli siyasi təhlükəsizlik öhdəlikləri mövcuddur. Bütün bu müqavilələr tərəflərə bəhanə verir ki, proseslərə müdaxilə etmək üçün həmin sənədlərə istinad edərək özlərinə hüquqi baza yaratsınlar. Buna görə də məsələ artıq çözülməz bir böhran   halına gəlib və həll yolu sadəcə gücə dayanacaq. Yəni bu proseslərin sonunda kim daha ağıllı gedişlər edərək, daha çox güc əldə edəcəksə, bölgədə dəhlizin   və yolların açılmasını öz maraqlarına uyğun həyata keçirəcək.
Bu proses zamanı risklər təbii ki, mövcud olacaq. ABŞ tərəfindən səyahət xəbərdarlığının edilməsi isə mən düşünmürəm ki, yaxın günlərdə hər hansı bir toqquşmaya hesablanıb. Xeyr, bu, əksinə, siyasi mesajdır. Bu siyasi mesajla ABŞ regiondakı digər beynəlxalq və regional rəqiblərinə bildirir ki, lazım gəlsə, hər ssenariyə hazırdır və sona kimi dəhlizin   açılmasını öz təsiri və nəzarəti altında həyata keçirəcək". 

İBRAHİM  MƏMMƏDLİ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31