Azərbaycan - ABŞ strateji tərəfdaşlığının memarı: Donald Tramp - ÖZƏL
13:10 SiyasətPrezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa "Truth Social" hesabında etdiyi paylaşım üçün təşəkkür edib. Dövlət başçısı "X"də, Trampın Azərbaycan- Ermənistan sülh prosesinə və Vaşinqton sammitinə verdiyi töhfəni yüksək qiymətləndirərək, Trampı Azərbaycan-ABŞ dostluğunun və formalaşan strateji tərəfdaşlığın memarı adlandırıb.
Mövzu ilə bağlı politoloq Elşad Həsənov Olaylar.az-a açıqlama verib:
" Azərbaycan prezidenti İlham Əliyev hələ ABŞ-da prezident seçkiləri zamanı, Laçında vətəndaşlarla görüşərkən bildirdi ki, ABŞ-nin indiki namizədlərindən biri Donald Tramp hakimiyyətdə olduğu dövrdə(2016-cı illərdə) Azərbaycanla münasibətlər yaxşı idi, inkişaf edirdi, əməkdaşlıq yüksəlirdi və heç bir problem yox idi. Ancaq demokratlar hakimiyyətə gələndən sonra Azərbaycanla münasibətlər də soyumağa başladı və həmin dövrdə davam etdi. Azərbaycan prezidenti bildirdi ki, yaxşı olar ki, respublikaçılar qələbə çalsın və biz onlarla normal münasibətləri qoruyub saxlayaq. Və doğrudan da belə oldu. Tramp seçildi və ondan sonra da dünyanın qlobal məsələlərinin həllinə çalışdı. Trampın bir çox yerlərdə bu məsələlərə gücü çatdı, dayandırdı, Kamboca-Tayland, Hindistan- Pakistan münaqişəsini dayandırdı və eyni zamanda dünyanın yeddi yerində münaqişələri söndürə bildi, təkcə Rusiya-Ukrayna müharibəsini hələki dayandıra bilməyib. Eyni zamanda illərlə davam edən Azərbaycanla Ermənistan arasında olan münaqişənin sülh müqaviləsi ilə paraflanması da məhz ABŞ-da, Vaşinqtonda oldu. Bu prosesdə Donald Trampın rolu oldu və Vaşinqtonda razılaşma qəbul edildi. Əsas məsələlərdən biri, Zəngəzur dəhlizinin "Tramp marşrutu" adlandırılması və 99 illik ABŞ şirkətinə icarəyə verilməsi məsələsi də həll olundu. Mən hesab edirəm ki, bu çox böyük bir uğurdur. Trampın Qafqaz zonasında göstərdiyi dəstək böyükdür. Həmin görüşdə hər iki lideri "böyük lider" adlandırıldı, eyni zamanda Azərbaycan Prezidentinə simvolik olaraq Ağ Evin açarı təqdim edildi. Bu açar hər bir liderə verilmir, çox az dünya liderlərinə təqdim olunan bir məsələdir. Bu mənada hesab edirəm ki, Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün aparılan işlər və görülən məsələlər yetərlidir və bundan sonra daha da artacaq. Tramp artıq bir neçə dəfə Azərbaycan Prezidenti ilə şəkillərini paylaşır və bundan qürur duyduğunu bildirir. Azərbaycan Prezidentinin də ona verdiyi cavabı çox gözəldir, çünki doğrudan da ABŞ- Azərbaycan strateji tərəfdaşlığının memarı məhz Trampdır. Onun sayəsində 907-ci düzəliş ləğv olundu və hesab edirəm ki, bundan sonra da bizim strateji tərəfdaşlığımız daha da güclənəcək. Bu mənada bölgədə məsələlər də qaydasına düşəcək. Onun Qafqaz regionunda aparacağı siyasət daha da güclənəcək, regionun təhlükəsizliyinə təminat verəcək. Bu mənada Donald Trampın prezidentlik dövründən səmərəli istifadə etmək vacibdir və hesab edirəm ki, Cənubi Qafqazda sülh və əmin-amanlıqda Trampın və ABŞ administrasiyasının böyük rolu olacaq".
Zeynəb Mustafazadə