Dövlət Suverenliyi Günü həm də qəhrəmanlıq irsinin əbədiləşdirilməsidir- ÖZƏL
13:07 Siyasət"2023-cü il sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri ölkə tarixinə yeni, şanlı bir səhifə kimi daxil oldu. Sentyabrın 19-da ölkəmiz üçtərəfli Bəyənatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması, Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib: "Bu tədbirlər nəticəsində Azərbaycan 30 ilə yaxın müddətdən sonra öz beynəlxalq tanınmış ərazisində suverenliyini tam bərpa etdi. Cəmi bir gündən bir qədər az davam edən əməliyyat Azərbaycan ordusunun yüksək peşəkarlığını, texnoloji üstünlüyünü və qətiyyətini bir daha nümayiş etdirdi. Bu hadisə, həmçinin, Azərbaycanın ərazi bütövlüyü məsələsində prinsipial mövqeyinin son nöqtəsi oldu. Bu uğurlu tədbirlər nəticəsində Azərbaycan müstəqil xarici siyasətini davam etdirmək və bölgədə liderlik mövqeyini daha da möhkəmləndirmək üçün güclü bir əsas qazandı. Bununla da Azərbaycanın bütün əraziləri üzərində suverenliyi tam şəkildə bərpa olundu, konstitusiya quruluşu və hakimiyyətin aliliyi təmin edildi.
Bu hadisə Azərbaycanın müasir tarixinə daha bir şərəfli günün daxil edilməsinə səbəb oldu. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd olunması qərara alındı. Bu gün, Azərbaycanın müstəqillik yolunda keçdiyi çətin, amma şərəfli tarixin, 44 günlük müharibədə qazanılan zəfərin, 2023-cü ildə həyata keçirilən antiterror tədbirinin və nəticə etibarilə tam suverenliyə nail olmasının rəmzinə çevrildi. Unutmaq olmaz ki, Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyünün təminatında xalq və ordu birliyi həlledici rol oynadı. Müstəqilliyimizin möhkəmlənməsi və Qarabağda qazanılan tarixi qələbələr məhz bu birliyin nəticəsi oldu. Dövlət Suverenliyi Günü həm də bu qəhrəmanlıq irsinin əbədiləşdirilməsi, xalqın fədakar övladlarının xatirəsinin əziz tutulması deməkdir. Həmin gün şəhidlərimizin müqəddəs qanı ilə yazılmış qəhrəmanlıq salnaməsinin bir daha yad olunması ordumuzun gücünün və xalqımızın iradəsinin dünyaya nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır".