20 sentyabr: Müstəqilliyimizin, Zəfərimizin və suverenliyimizin zirvəsi – ÖZƏL

"Sentyabrın 20-nin Azərbaycanda Dövlət Suverenliyi Günü olaraq təsis olunması ölkəmizin müstəqillik tarixində Zirvə nöqtəsinin parlaq ifadəsidir. Bu gün 1991-ci ildə bərpa olunmuş istiqlalın, 2020-ci il Zəfərinin və 2023-cü ilin antiterror əməliyyatının məntiqi sonucu kimi Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsini, dövlət hakimiyyətinin bütün sərhədlərimiz boyunca bərqərar edilməsini simvolizə edir".

Bu sözləri Olaylar.az-a açıqlamasında türkoloq, araşdırmaçı-yazar Əkbər Qoşalı deyib:

"Azərbaycanın suverenliyini tam bərpa etməsi bölgəsəl və uluslararası münasibətlərdə yeni gerçəkliklər yaradıb: uluslararası hüququn prinsipləri möhkəmlənib, Azərbaycanın gücü və iradəsi uluslararası aləmdə qəbul olunub. 
Bu hadisə bölgədə yeni geosiyasi nizamın əsasını qoyaraq, həm işbirliyi imkanlarını genişləndirdi, həm də bölgə ölkələrinin təhlükəsizlik arxitekturasında Azərbaycanın aparıcı rolunu təsdiqlədi".

Yazar bildirib ki, uğurumuz qonşularımıza, Güney Qafqaza, Türküstana, bir sözlə, yaxın-uzaq coğrafiyadakı dost, qardaş ölkələr daxil olmaqla bütün maraqlı tərəflərə yeni imkanlar yaradıb. Bu, həm də, prinsipial fərqi ortaya qoyub: torpaq öz yiyəsində olunca, bir də işğal altında olunca, durumlar necə bir dəyişim göstərir? İşğalla azadlıq, mina basdırmaqla ağac basdırmaq, sağa-sola mərmi səpməklə gül-çiçək səpmək... dağıtmaqla qurmaq - fəlsəfi, kulturoloji, insani fərqləri göstərmirmi?
Bizim qalibiyyətimiz eqoya, intiriqaya, gərginliyə xidmət etmir; biz qalibiyyəti sülhə, ədalətə, haqq-hüquqa xidmətə yönəldirik.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31