Şuşa mədəniyyətlə birlikdə diplomatiyanın mərkəzinə çevrilir - ÖZƏL
12:24 Siyasət"Cənab Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed əl-Nəhyanı qəbul etməsi və Şuşada görüşlərin keçirilməsi rəmzi xarakter daşıyır və yavaş-yavaş mədəniyyət mərkəzimiz olan Şuşa həm də siyasi görüşlərin, dialoqların, müzakirələrin keçirildiyi əsas məkana çevrilir".
Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlamasında söyləyib:
"Bundan bir neçə il öncə biz bunu qeyd etmişdik ki, Şuşada bir sıra mühüm tədbirlər keçirilməlidir və bu tədbirlər yalnız incəsənət və mədəniyyət sahəsini əhatə etməməli, həm də iqtisadi, siyasi və sosial müzakirələr, diskusiyalar üçün platforma olmalıdır. Artıq biz dövlətin birinci şəxsinin burada mühüm görüşlər keçirdiyinin şahidi oluruq. Birləşmiş Ərəb Əmirliklərinin prezidentinin qəbul edilməsindən öncə isə qardaş Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Səlcuq Bayraqdaroğlu ilə görüş keçirilmişdir.
Şuşa Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən bir məkandır. Azərbaycanın görkəmli bəstəkarları, ədibləri, mədəniyyət xadimləri burada göz açıblar və Azərbaycan mədəniyyətinə töhfələr vermişlər. Lakin yeni geosiyasi reallıqlarda Şuşa həm də qələbə və əzəmət simvoludur. Vətən müharibəsində Şuşanın azad edilməsi həm də müharibənin başa çatması ilə nəticələndi. Ermənistan kapitulyasiya aktına imza ataraq Laçın, Kəlbəcər və Ağdamın azad olunmasına razılıq verdi və bu gün biz Şuşaya uca məkan kimi, sözün həqiqi və məcazi mənasında baxırıq. Şuşa həqiqətən də Azərbaycanın ən uca, ən üstün və rəşadət rəmzi kimi qiymətləndirilir.
Hesab edirəm ki, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri ilə paralel olaraq keçirilən görüşlər Azərbaycanın beynəlxalq nüfuzunu artırır, imicini gücləndirir və regionda geosiyasi balansın təmin olunmasında Şuşanın rolu ikiqat önəm daşıyır".
Zeynəb Mustafazadə