Vardanyanın "sensasiyası" Ermənistanın daxili siyasətinə hesablanıb: Məqsəd Paşinyanı zəiflətməkdir – ŞƏRH – ÖZƏL

Bakı Məhkəmə Kompleksində Ruben Vardanyanın məhkəmə prosesi davam edir. Qarabağda müharibə cinayətləri törətməkdə ittiham olunan Ermənistan vətəndaşı, təxminən 9 ay davam edən məhkəmə boyu susqunluğunu qoruyurdu. Lakin sentyabrın 16-da keçirilən növbəti iclasda o, sükutu pozaraq sensasiyalı bir tələb irəli sürüb: Ermənistanın Baş naziri Nikol Paşinyanın şahid qismində dindirilməsini tələb edib.

"Ruben Vardanyanın bu prosesdə müxtəlif qeyri-real fikirlər səsləndirməsi əslində prosesi bir qədər fərqli müstəviyə çəkməyə yönəlib. Bu, Ermənistanda seçkilərə qədər siyasi vəziyyətin dəyişdirilməsinə istiqamətlənmiş addımlardır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. O bildirib ki, Ruben Vardanyan başa düşür ki, hazırda Ermənistanda vəziyyət gərgindir. Parlament seçkilərinə artıq bir ildən az müddət qalıb və Nikol Paşinyanın reytinqi düşməkdə davam edir. Buna görə də Vardanyan müxtəlif açıqlamalarla çıxış edərək Paşinyanın reytinqini daha da zəiflətməyə çalışır. Yəni, bunlar əsasən Ermənistanda daxili siyasi vəziyyətə hesablanmış gedişlərdir. Yoxsa ki, Ruben Vardanyanın haradan göndərildiyi, hansı missiya ilə gəldiyi Azərbaycan cəmiyyətinə çox yaxşı məlumdur.

Z. Əmrəliyev əlavə edib ki, hətta Vardanyanın özü Qarabağa göndərilərkən dəfələrlə ən yüksək səviyyədə açıqlamalar vermişdi ki, o məhz təxribatlar həyata keçirmək üçün göndərilib. Əgər o, bu təxribatı reallaşdıra bilsəydi, növbəti proses artıq Ermənistanda həyata keçiriləcəkdi. Lakin Qarabağda bu plan baş tutmadı. Azərbaycanın keçirdiyi suverenlik əməliyyatı - antiterror tədbirləri   nəticəsində Ruben Vardanyan da digər separatçı liderlərlə birlikdə həbs edilərək cinayət məsuliyyətinə cəlb edildi.

Siyasi şərhçinin sözlərinə görə, bu əməliyyat həm də Ermənistanı parçalanmadan xilas etdi. Çünki Ruben Vardanyanın niyyətlərindən biri də erməni cəmiyyətini parçalamaq idi və ona sifariş verənlər məhz bu istiqamətdə addımlar atırdılar. Azərbaycanın keçirdiyi həmin antiterror tədbirləri  bütün region üçün mühüm üstünlüklər gətirdi və Cənubi Qafqazda sülhün, sabitliyin qorunması istiqamətində çox vacib addım oldu. Yəni, bu, Cənubi Qafqazda sülh və əmin-amanlığın təmin olunması baxımından Azərbaycanın böyük bir tarixi nailiyyəti idi.

"Vardanyan kimi şəxslərin - bəlkə də "şəxsiyyət" sözü artıq olar - bu cür açıqlamalarla çıxış etməsi, təbii ki, qeyri-real fikirlərdir. Onun Nikol Paşinyanın şahid qismində dindirilməsini tələb etməsi də Ermənistanda daxili siyasi vəziyyəti daha da gərginləşdirməyə yönəlmiş addım kimi qiymətləndirilməlidir", - deyə ekspert qeyd edib.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31